“AYRILARMI KÖNÜL CANDAN?”- Əkbər QOŞALI
16 İyul 2020 10:42 SiyasətƏkbər QOŞALI
Xüsusi olaraq Olaylar.az saytı üçün
Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində iyul ayının 12-dən başlayaraq törədilən təxribatlar ordumuzun sərt cəza tədbirləri ilə cavablandırıldı. Ordumuzun əks-həmlələri hər nə qədər adekvat xarakter daşısa da, nə qədər gözlənilən olsa da, belə görünür ki, düşmən bir bu qədərini gözləmirmiş. Əslində, Ermənistan silahlı qüvvələrinin yeni həmləsini yalnız təxribat saymaq özü yetərli deyil; bu, açıq-açığına işğalın növbəti fazasına keçid cəhdi, düşünülmüş, planlı hərbi təcavzkarlıq aktıdır. - Yəni, belə demək mümkünsə, sıradan sərhəd toqquşması deyil; bütün hallarda, "düşünülmüş"kən - dərin düşünülməmiş, "hesablanmış"kən - "yüz ölçülüb, bir biçilməmiş" hərbi təcavüzkarlıq hərəkətidir bu. Ona görə də, düşmən, Tovuzda, özünü (onlar üçün ( -öz ağıllarınca) mötəbər sayılan) ter-ter sifəti ilə yox, (tovuzluların təbirincə desək) teytey sifəti ilə göstərmiş oldu. Və hələ ağıllanmasalar, yeni dərsləri borcumuz olsun!
Bütün hallarda, düşmənin Tovuzdakı təcavüzkarlıq cəhdi artıq dünyanın bildiyi bir hadisədir; bəs, bu hadisə hansı səbəblərlə bağlana bilər? -
Birincisi, Dağlıq Qarabağ və ətraf rayonların işğalını, bu işğalın nəticələrini ikinci plana keçirmək, bu sahədə daşıdığı siyasi-diplomatik və hərbi məsuliyyətdən qaçmaq;
İkincisi, üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını iki ölkə arasındakı məsələlərə müdaxil etmək, Azərbaycanı təkləmək;
Üçüncüsü, daxili böhranı, o cümlədən koronavirusla bağlı öhdəsindən gəlməkdə aciz qaldığı problemləri əsas gündəlikdən sıxışdırmaq; "xarici təhlükə" - klassik Makivelli düsturunu tətbiq etmək, bununla da, kəskin sosial-iqtisadi, ictimai-siyasi qayğılardan müəyyən müddətlik də olsa zaman qazanmaq;
Dördüncüsü, qıraqda qaldığı regional kommunikasiya, nəqliyyat layihələrinə, o cümlədən "Şərq-Qərb nəqliyyat dəhlizi"nə xələl gətirmək. - 12 iyuldan bu yana baş verənlərin qısa özəti bunlardır.
Ermənistanın regionda yeni gərginlik ocağı yaratmaq, Qafqaza yeni təhlükələr yaşatmaq cəhdinin, niyyət və planının hansı miqyasda təzahür etdi? - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hələ az bir bölümünü yaydığı video-materiallar bu təzahürat sualına cavab kimi qəbul edilə bilər. Çanaq işğalçı ölkənin öz başında çatlamaqdadır. Düşmən indi nə ölənlərinin, nə yaralılarının sayını açıqlaya bilir... Bunun qarşılığında, Azərbaycan dövləti nəinki itkiləri ört-basdır edir, tam tərsinə, generalımızın şəhid olduğunadək ən ciddi xəbərləri xalqımızla bölüşür. - Bizim işimiz haqq işidir; xalqın orduya inamı tamdır və şəhadət şərbəti içmək heç də hər adama nəsib olmur...
Azərbaycan Prezidenti iyulun 15-də, döyüş zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olmuş general Polad Həşimovun anası Səmayə xanım və polkovnik İlqar Mirzəyevin oğlu Elvinlə telefonla danışdığını, şəhidlərin ruhuna ehtiram, dövlət başçımıza sayğılarımla, bu yerdə qeyd etmək istərdim. Ali Baş Komandan şəhidlərin ailə üzvlərinə dərin hüznlə başsağlığı verərək, qeyd edib ki, Vətən uğrunda həlak olmuş hərbi qulluqçularımızın qəhrəmanlığı heç vaxt unudulmayacaq, onların qisası alınıb və alınacaq, qanları yerdə qalmayacaq.
Paytaxt Bakıda, Sumqayıt, Tovuz, Ağstafa, Qazax, Masallı və Qəbələdə, başqa şəhərlərimizdə, qəsəbə və kəndlərimizdə, döyüşən Azərbaycan ordusuna məhəbbət, şəhidlərimizin ruhuna ehtiram ifadəsi olaraq keçirilən dəstək yürüşləri, gursəsli çağırışlar, diqqət yetirilməli xüsusi hadisələrdən biridir.
Bakıda minlərlə vətənpərvər insanın, özəlliklə cavanların orduya dəstək nümayişində, Müdafiə Nazirliyinin rəsmisi, general Rasim Əliyev çıxış edərək, vətənpərvərlərə təşəkkür etdi.
Bundan bir neçə saat sonra, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Vətənin müdafiəsini özünə mənəvi borc bilən vətəndaşlara göstərdikləri yüksək vətənpərvərliyə görə bir daha təşəkkür etdi; lakin bu gün belə bir zərurət olmadığını, ordumuzun qanunvericiliyin tələblərinə uyğun olaraq komplektləşdirildiyini bildirdi.
Ayrıca, 2016-cı ilin aprelində olduğu kimi, yenə Ermənistan hərbçiləri öncəbhədən qaçırsa, qarşıları polislərin qurduğu xüsusi vasitələrlə alınırsa, bizim cavanların öncəbhəyə axınının qarşısını polislərimiz kəsib, əlavə qüvvəyə ehtiyac olmadığına dair izahat işi aparmalı olur; könüllülər səfərbərlik və hərbi çağırış idarələrinə üz tutur - bu müraciətlərin 40 faizi yalnız Tovuzda qeydə alınıb.
Müxtəlif yaşda, müxtəlif imkanda, müxtəlif dünyagörüşündə olan vətəndaşlarımızın kütləvi şəkildə "Qarabağ", "Müharibə", "Səfərbərlik" çağırışları ilə, "Şəhidlər ölməz, Vətən bölünməz!" şüarı ilə küçə və meydanlara çıxması - ordumuza, dövlətimizə dəstək nümayiş etdirməsi əvəzsiz hadisələrdir! Bu xalqla necə qürur duymayasan? - Necə vurğun olmayasan bu xalqa? -
Vətənpərvər gəncliyimiz şüar sözünün özünü şüarçılıqdan çıxardı. Bütün dünya, ilk növbədə, düşmən və düşmənin havadarları gördü ki, Azərbaycan xalqı quru şüarçılıqla məşğul deyil - zarafat eləmir - Azərbaycanın ərazi bütövlüyü təxirəsalınası, gözardı ediləsi məsələ deyil və ola da bilməz! Hər kəs gördü ki xalq dərin hiddət içindədir; ərazi bütövlüyü mövzusunda güzəşt yeri yoxdur, ola da bilməz! Sülh olacqsa, ədalətli sülh olmalıdır - olmayacaqsa, müharibə variantı masanın üzərindədir və biz onu qaldırıb tozlu rəfə yaxud ayda-ildə bir açılan köhnə sandığa qoymamışıq.
Bəli, hərbi təcavüz cəhdinin Qarabağdan uzaqdakı bir bölgədə baş verməsi, işğalçının çirkin niyyətinin, təmas xətti boyunca yeni gərginlik yaratmaq planının xəbərçisidir. Daxildə böhran yaşayan "demokrat libaslı, işğalçı zehniyyətli" Paşinyan hökumətinin öncəbhədəki bu hərəkətlənməsi, öz xalqının qəzəbindən yayınmağa çalışmaq taktikasının ifadəsidir. Silahlı Qüvvələrimiz, səbəblərdən asılı olmayaraq, düşmənin öncəbhədə törətdiyi hər bir təcavüz aktına, təxribata, pozuculuq hərəkətinə layiqincə cavab verərək, ona ağır zərbələr yetirir (və yetirəcək də).
Ermənistan silahlı qüvvələri Naxçıvan istiqamətində atəşləri dayandırmağa vadar etmək və cəza tədbirləri məqsədi ilə, onların hərəkətdə olan, hərbçilərlə dolu hərbi nəqliyyat vasitəsinin bölmələrimizin sərrast atışı ilə məhv edildiyini də, sözlərimə əlavə etmək istərdim.
Başqa nələri fərqləndirə bilərik?
Ayın 12-dindən bəri İrəvan arzuetdiyi beynəlxalq dəstəyi təmin edə bilmədi, əvəzində Azərbaycanı müdafiə edənlər daha konkret şəkildə öz fikirlərini ifadə etdi, müvafiq Bəyanatlar verdi. - Düşmən ölkənin politoloqları bunu "Bakının yeni silahı, Qarabağ üçün təzə "kart-blanş" sözləri ilə ifadə etdi.
Ermənistanın Azərbaycana qarşı hərbi hücumuna ilk reaksiyanı (gözlənildiyi kimi) qardaş Türkiyə dövləti və xalqı verdi.
Əlbəttə, başqa dost, müttəfiq ölkələrin (Ukrayna, Pakistan...), müxtəlif qurum və quruluşların (Türk Şurası, İslam Konfransı Təşkilatı), dünyanın dörd yanındakı soydaşlarımızın dəstəyi, verilən ciddi Bəyanatlar ehtirama layiqdir. - Azərbaycanın haqq işinin yanında olan hər kəsə könül dolusu təşəkkürlər! Azərbaycanın haqlı işinə göstərilən dəstək öz yüksək qiymətini heç vaxt itirməyəcək!
Beləliklə, Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz istiqamətində erməni təxribatı üzündən baş verən döyüşlər Azərbaycan Ordusunun döyüş qüdrətinin, mənəvi, psixoloji üstünlüyünün, əsgər və zabitlərimizin döyüş şücaətinin yeni örnəyidir. Ordumuzun düşmənin istənilən həmləsinə layiqli cavab verəcəyinə, şəhidlərimizin qanını yerdə qoymayacağına, işğal altında olan torpaqlarımızı azad edəcəyinə inamımız tamdır.
Sonda bir daha qeyd edək ki, Tovuzda, dövlət sərhəddində baş verənlər adi sərhəd toqquşması deyil, Ermənistanın öz işğalçı siyasətini davam etdirmə cəhdidir; Ermənistan rəhbərliyi hər zaman olduğu kimi, ikiüzlü, riyakar siyasətinə sadiq qalaraq həm öz ictimaiyyətini, həm də dünya birliyini aldatmağa çalışır.
Bir daha şəhidlərimizə ulu Tanrıdan rəhmət, yaralı hərbçilərimizə tezliklə öz sağalmlıqlarına qovuşmalarını diləyirəm!
Dövlətimiz zaval görməsin!
Bayrağımız uca olsun!