Ermənistan təcavüzkar siyasətini davam etdirir - ŞƏRH

Mülki vətəndaşlara atəş açılması beynəlxalq cinayətdir

Azərbaycan tərəfinin ardıcıl olaraq nümayiş etdirdiyi bütün sülhsevər səylərinə baxmayaraq, işğalçı Ermənistan dövləti destruktiv siyasəti ilə Dağlıq Qarabağ probleminin həllini hər vəchlə əngəlləyir. Konkret olaraq siyasi və hərbi təxribatlar vasitəsilə danışıqlar prosesini pozmağa çalışır. Azərbaycan ərazilərinin işğalına əsaslanan mövcud status-kvonu davam etdirməklə, müharibə məqsədlərinə nail olmağı düşünür. Elə bu səbədən də ölkəmizə qarşı hərbi-siyasi təxribatlarını davam etdirir. 12 iyul tarixindən başlayaraq Tovuz rayonu istiqamətindən dövlət sərhədini pozan erməni hərbi birləşmələri bütün vasitələrdən istifadə edərək Azərbaycanı təxribata sürükləməyə çalışır.  Heç bir müharibə qanunlarına riayət etməyərək mülki vətəndaşları atəşə tutur, onların əmlaklarına ziyan vurmağa çalışır. Xatırladaq ki, iyulun 14-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində mülki şəxs, Tovuz rayonunun Ağdam kəndinin sakini, 1944 cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlu həlak olub. Eyni zamanda, Qazax rayonu, Bala Cəfərli kəndi ilə üzbəüz mövqedə yerləşən Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus reaktiv qurğudan buraxılmış mərminin atılaraq partlaması səbəbindən həmin mərminin müxtəlif hissələri Xanlıqlar kənd sakinləri Səlminə Əliyeva, Məhbub Orucova, Əziz Şirinov, İlham Mehtiyev, Razim Musayev və Kamil Cahanova məxsus evlərin dam örtüklərinə, həmçinin həyətyanı sahələrinə səpələnmiş və nəticədə zərərçəkmiş şəxslərin əmlakları qəsdən zədələnməklə sonunculara xeyli miqdarda ziyan vurulub.

Baş verən hadisə ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada qeyd olunub ki, Ermənistan tərəfindən Azərbaycanlı mülki əhalini məqsədyönlü şəkildə hədəfə almaq və ağır silahlardan atəşə tutmaq faşizmin və barbarlığın əyani təzahürüdür. Bu, Ermənistanın təcavüzkar siyasətinin tərkib hissəsidir. Azərbaycanlı mülki şəxsin öldürülməsi qanlı cinayətdir: "Ermənistan tərəfi bundan öncə də Azərbaycanlı mülki şəxsləri məqsədyönlü şəkildə hədəfə alaraq, onlara qarşı insanlıq əleyhinə cinayət aktları törədib. 1992-ci ilin 26 fevral tarixində Xocalıda 613 dinc insanın xüsusi qəddarlıqla qətlə yetirilməsi, sərhədboyu, eləcə də təmas xətti yaxınlığında yaşayan və aralarında azyaşlı uşaqlar da olmaqla azərbaycanlı mülki şəxslərin məqsədyönlü şəkildə düşmən gülləsinin hədəfinə çevrilməsi, eləcə də 2016-cı ilin aprel hadisələri zamanı 6 mülki şəxsin həlak olması və 33 nəfərin yaralanması Ermənistan təcavüzünün günahsız qurbanlarıdır".

Hüquqşünas Alim Hüseynli qeyd edib ki, münaqişə başlanan andan bəri Ermənistan silahlı qüvvələri, yaşayış məntəqələrimizi davamlı şəkildə ağır silahlardan atəşə tutmaqla yanaşı, əhalinin təsərrüfatına, mülklərinə, yaşayış məkanının infrastrukturuna ciddi ziyan vurmaqda davam edir: "Məlum olduğu kimi beynəlxalq hüquq münaqişələr və müharibələr vəziyyətində insan hüquqlarının mühafızəsinin və müdafiəsinin əsas elementlərini və onun icra mexanizmlərini ətraflı tənzim edib. Ermənistan isə bu hüquqları ayaq altına ataraq beynəlxalq humanitar hüququ, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarını və bu xüsusda üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozur. Azərbaycan isə müstəqillik əldə etdikdən dərhal sonra insan hüquqlarının müdafiəsi sahəsində zəruri olan normativ-hüquqi aktlar qəbul edib, onun icrası üçün mexanizmlər yaradıb. Konkret olaraq Azərbaycan Respublikası Prezidentinin 23 may 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Milli Təhlükəsizlik Konsepsiyası" və Azərbaycan Respublikası Milli Məclisinin 8 iyun 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının hərbi doktrinası" müharibə vəziyyətində olan ölkəmiz üçün həyati əhəmiyyətli məsələlərin həlli sahəsində dövlət siyasətinin əsas istiqamətlərini müəyyən etmişdir. Ölkədə "Səfərbərlik hazırlığı və səfərbərlik haqqında", "Fövqəladə vəziyyət haqqında", "Hərbi vəziyyət haqqında" qanunların qəbul edilməsi, Fövqəladə Hallar Nazirliyinin yaradılması, habelə bütün bu məsələlərlə bağlı hüquqi tənzimlənmə problemlərinin beynəlxalq standartlara müvafiq olaraq hazırlanması nisbətən daha çox zərurət duyulan qadın və uşaq hüquqlarının qorunmasına və müdafıəsinə diqqətin artırılmasını tələb edir".

Onun sözlərinə görə, Ermənistan Respublikası tərəfindən "Müharibə qurbanlarının müdafiəsinə dair" 12 avqust 1949-cu il Cenevrə Konvensıyasının tələbləri, BMT-nin İnsan Hüquqları Komissiyasının 58-ci sessiyasının qəbul etdiyi "İtkin düşmüş şəxslər haqqında", habelə "Hərbi münaqişələr zamanı, sonradan həbs olunanlar da daxil olmaqla, girov götürülmüş qadın və uşaqların azad edilməsi haqqında" qətnamələri mütəmadi olaraq pozulur. Belə ki, Cenevrə Konvensiyasının şərhinə həsr olunmuş sənədin 27-ci maddəsində göstərilir ki, bütün mülki əhalinin istifadə etdiyi ümumi müdafiədən əlavə, qadınlar onların şərəfinə hər cür qəsdən xüsusi olaraq müdafiə edilməlidirlər. Bu, onların milli mənsubiyyətindən, irqindən, dini etiqadından, yaşayış, ailə və sosial vəziyyətindən asılı olmayıb, qadınlıq ləyaqətindən irəli gəlir. Bu mənada BMT Baş Məclisinin 14 dekabr 1974-cü il tarixli 3318 saylı qətnaməsi ilə təsdiq edilmiş "Qadın və uşaqların fövqəladə hallarda, silahlı münaqişələr dövründə müdafiəsi haqqında Bəyannamə" mühüm əhəmiyyət kəsb edir. Orada göstərilir ki, mülki əhaliyə, xüsusən onun ən müdafiəsiz hissəsi olan qadınlara və uşaqlara saysız-hesabsız əzablar gətirən hücum edilməsi qəti qadağandır. Buna görə də bəyannamənin 5-ci maddəsi birmənalı şəkildə müharibə edən tərəflərin hərbi əməliyyatların gedişində və ya işğal edilmiş ərazilərdə həbsxanaya salma, işgəncə vermə, güllələnmə, kütləvi həbsə alma, kollektiv cəzalandırma, qadınlara və uşaqlara qarşı törətdikləri bütün repressiya və qəddar, insanlıqdankənar davranış formalarını cinayətkar əməl hesab edir.

Həmçinin, BMT Baş Məclisinin Vyana Bəyannaməsində (1993-cü il) və onun fəaliyyət proqramında birmənalı şəkildə göstərilir ki, silahlı münaqişə şəraitində qadınların insan hüquqlarının pozulması beynəlxalq hüququn əsas prinsiplərinin pozulması kimi dəyərləndirilməli və belə əməllərə görə ən ciddi tədbirlər görülməlidir. Bu mövqe BMT Baş Məclisinin "Qadınlara münasibətdə zorakılığın aradan qaldırılması haqqında Bəyannamə"sində və Pekin Bəyannaməsində 1995-ci ildə öz əksini tapıb. Lakin, Ermənistanın işğalçı ordusu Azərbaycan vətəndaşlarının beynəlxalq hüquqla tanınan insan hüquq və azadlıqlarını sistemli şəkildə və qeyri-insani formada kütləvi surətdə pozur: "Yeri gəkmişkən xatırladaq ki, ermənilər tərəfindən Kəlbəcər rayon Başlıbel kəndindən girov götürülmüş 29 nəfər qoca qadın və uşaq dərhal qətlə yetirilib, onların meyitləri üzərində vandalizm əməlləri törədilib. Bəzi əsirlərin və girovların bədənləri üzərində işgəncələr, eksperimentlər aparılıb, transplantasiya məqsədilə ayrı-ayrı hissələr kəsilib götürülüb. Ağdamda, Tovuzda və digər sərhəd rayonlarımızda, suda axıdılan uşaq oyuncağına yerləşdirilmiş bombanın partlaması nəticəsində Rusiyadan qonaq gəlmiş azərbaycanlı məktəblinin həlak olması və ya məktəbə gedən şagirdin Ağdam rayonunda snayperdən açılmış atəşlə qətlə yetirilməsi yaxın günlərimizin acı reallıqlarıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində girov götürülən əsirlərin, öldürülmüş şəxslərin meyitlərinin vaxtında qaytarılması istıqamətində səmərəli və intensiv tədbirlər görülmür. Ermənistanın günahı üzündən sərhədyanı regionlarda kənd təsərrüfat işlərinin həyata keçirilməsində ciddi problemlər vardır. Ekologiya qəsdən korlanır, meşələr yandırılır, heyvanat aləmi məhv edilir, sular zəhərlənir, tarixi abidələr dağıdılır. Ümumilikdə, Ermənistanın silahlı qüvvələri münaqişə dövründə azərbaycanlılara qarşı soyqırımı, köləlik, əhalini deportasiya etmə, cinsi zorakılıq, işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, hərbi soyğunçuluq və digər bu kimi sülh və insanlıq əleyhinə olan və müharıbə cinayətləri törədilməsinə dair çoxsaylı faktlar vardır.  Çox təəssüf ki, insan hüquqlarının müdafiəsi ilə məşğul olan heç bir regional və beynəlxalq təşkilat sadalanan məsələlərə münasibət bildirmir. Məhz bunun nəticəsidir ki, bu gün də Dağlıq Qarabağ münaqişəsinin davam etməsi qadın və uşaq hüquqlarının mühafizəsi və etibarlı müdafiəsi üçün ciddi problemlər yaradır. İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsində beynəlxalq çağırışlar regionda baş verən faciəvi hadisələr kontekstində olduqca miskin görünür. Ermənistan beynəlxalq birliyin üzvü olsa da, faktiki olaraq üzərinə götürdüyü öhdəliklərə, BMT-nin məlum dörd qətnaməsinin icrasına əməl etmir. Beynəlxalq təşkilatlar, o cümlədən BMT-nin, Qırmızı Aypara və Qırmızı Xaç komitələrinin, ATƏT-in müvafiq qurumlarının səyləri hələlik müsbət nəticələr vermir. Atəşkəs elan olunsa da, Ermənistan dövləti faktiki olaraq müharibəni açıq şəraitdə davam etdirir. Sanki atəşkəs adı altında erməni siyasəti fasiləsiz olaraq məkrli şəkildə həyata keçirilir. Bu da mülki vətəndaşların hüquqlarının pozulması hallarının sistemli və ardıcıl şəkil almasına gətirib çıxarıb. Ermənilər təkcə mülki vətəndaşları qətlə yetirmir, eyni zamanda onların əmlakına, mənzillərinə və təsərrüfatlarına ciddi ziyan vurular. Tovuz istiqaməində hücuma keçən ermənilər dinc vətəndaşların evlərini atəşə tutmaqla yanaşı, onların dolanışıq yeri olan təsərrüfatlatrını də məhv ediblər".

Hüquqşünas hesab edir ki, Ermənistanın dövlət səviyyəsində bilərəkdən müharibə qanunlarına riayət etməməsi, bu siyasətin isə ağır nəticələrə səbəb olması beynəlxalq insan hüquqları təşkilatları tərəfindən ciddi tədbirlər görülməsinə zərurət yaradır: "Buna nail omaqdan ötrü  insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən milli təşkilatlar Ermənistan dövlətinin mülki vətəndaşlara qarşı törətdikləri sülh və insanlıq əleyhinə olan müharibə cinayətlərinə dair faktları toplamaqla beynəlxalq səviyyədə mühakimə qurulması üçün tədbirlər görməlidirlər. Belə tədbirlərdən biri xüsusi statuslu məhkəmə orqanlarının yaradılması barədə təşəbbüsün qaldırılması, erməni faşistlərinin əməllərinin beynəlxalq tribunala verilməklə, layiqincə cəzalandırılması üçün tədbirlər görülməsinə hesablanmalıdır".

Zəka

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31