Pandemiyaya qarşı beynəlxalq əməkdaşlığın lokomotivi

Bütün proseslərdə olduğu kimi, bu dəfə də Azərbaycan dünyaya nümunə oldu

Hazırda dünya keçən ilin sonlarından geniş miqyasda yayılmağa başlayan və bütün bəşəriyyəti demək olar ki, təhdid edən koronavirus pandemiyası ilə üz-üzə, qarşı-qarşıyadır. Nə qədər təəssüfedici və acınacaqlı olsa da, etiraf etməliyik ki, hələlik dünya bu virus qarşısında aciz durumdadır. Baxmayaraq ki, Azərbaycan da daxil olmaqla, ayrı-ayrı dövlətlər pandemiya elan edilmiş bu xəstəliyə qarşı mübarizə aparır, lakin reallıq ondan ibarətdir ki, hələ heç bir ölkə koronavirus bəlasını tam mənada özündən uzaqlaşdıra, onu zərərsizləşdirə bilməyib. Bəlkə də, bunun əsas səbəblərindən biri koronavirus bəlasına qarşı mübarizənin kollektiv şəkildə deyil, fərdi qaydada aparılması oldu. Dünyaya liderlik etmək niyyətində olan dövlətlər, güc mərkəzləri hələ keçən ilin sonlarında virus yayılmağa başlayan ərəfədə mütəşəkkillik nümayiş etdirib, birgə fəaliyyətlər nəticəsində sözügedən pandemiyaya qarşı mübarizə aparsaydılar, günümüzdə mənzərə tamam fərqli olardı. Bəlkə də, ölkələrin müştərək fəaliyyəti nəticəsində günümüzdə koronavirus bəlası deyilən bir şey qalmamışdı. Bunun başlıca səbəblərindən biri bu və ya digər dövlətlərin, dünya güclərinin yalnız öz mənfəətlərini düşünməsi, fərdi qaydada, beynəlxalq əməkdaşlıq formatında virusa qarşı mübarizə aparmaması idisə, digər səbəb isə kiminsə prosesin önünə düşüb təşəbbüs göstərməməsi idi. Yalnız Azərbaycan istisna olmaqla.  İstər regionda, istərsə də dünyada gedən bütün proseslərin belə artıq fəal iştirakçısı, fərqli-fərqli zamanlarda meydana gələn arzuedilməz situasiyalardan çıxmaq üçün müxtəlif təşəbbüslər irəli sürüb, həmin təşəbbüslərin həyata keçməsi üçün böyük əmək sərf edən, həm də başladığı işi müsbət sonluqla başa çatdıran Azərbaycan dövləti bütün dünyanı cənginə alan koronavirus pandemiyası zamanında da özünün təşəbbüskarlığı, beynəlxalq əməkdaşlığa verdiyi töhfə ilə seçildi, fərqləndi. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, Azərbaycanın pandemiya dövründə irəli sürdüyü beynəlxalq əməkdaşlıq təşəbbüslərində əsasən iki istiqamət özünü göstərirdi. Birinci istiqamət, pandemiyadan ciddi zərər çəkən ölkələrə maddi və mənəvi baxımdan dəstək, ikinci istiqamət beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlərlə koordinasiyalı iş, mütəşəkkil fəaliyyət nəticəsində pandemiyaya qarşı mübarizə aparmaq. Pandemiyanın birinci dalğasının yayıldığı ilk aylarda Azərbaycanın bu qlobal təhdidə qarşı mübarizə məqsədilə Ümumdünya Səhiyyə Təşkilatına, eyni zamanda cənub qonşumuz olan İran İslam Respublikasına 5 milyon dollar vəsait ayırması bunun sübutudur. Bundan başqa pandemiyadan ciddi zərər çəkən və çoxsaylı insan ölümü ilə qarşılaşan İtaliya,  İspaniya, Iran, qardaş Türkiyə və bu kimi ölkələrlə həmrəylik nümayiş etdirilərək, onların acı gününə şərik çıxılaraq adıçəkilən ölkələrin bayraqları Bakının ən görkəmli məkanlarından biri sayılan Heydər Əliyev Mərkəzinin binasında əks olundu. Məhz Azərbaycanın bu humanist və insanpərvər addımından sonra eyni situasiya digər ölkələrdə təkrar olundu və bununla Azərbaycan qlobal humanitar böhran ərəfəsində beynəlxalq əməkdaşlığın vacibliyi nümunəsini göstərdi. Bütün bu insanpərvərlik, xoş niyyətlilik Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də müsbət qarşılandı, Azərbaycanın pandemiyaya qarşı qlobal əməkdaşlıq istiqamətində atdığı addımlar təqdir olundu.

Pandemiya dövründə Azərbaycanın beynəlxalq səviyyədə əməkdaşlıq təşəbbüskarlığı yalnız hansısa ölkəyə maddi yardım, mənəvi dəstəklə bitmədi. Eyni zamanda ölkəmiz bu qlobal miqyaslı xəstəliyə qarşı birgə əməkdaşlıq, koordinasiyalı fəaliyyətin də konturlarını müəyyənlışdirdi, dünya ölkələrini bu prosesə səfərbər etmiş oldu.

Cari il, aprel ayının 10-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans şəklində keçirilən zirvə görüşü ilə pandemiya dövründə Azərbaycanın təməlini qoyduğu qlobal miqyaslı əməkdaşlıq strategiyası, daha sonra bir qədər də geniş coğrafiyanı əhatə etməyə başladı. Azərbaycanın, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin pandemiyaya qarşı türkdilli dövlətlərlə birgə mübarizə strategiyasına daha sonra dünyanın digər nüfuzlu təşkilat və qurumları da qoşuldu. Bu baxımdan Azərbaycan dövlət başçısının təşəbbüsü ilə Qoşulmama Hərəkatının zirvə görüşünün keçirilməsi xüsusi əhəmiyyət kəsb edirdi. Birləşmiş Millətlər Təşkilatından sonra dünyanın ikinci ən böyük siyasi təsisatı hesab edilən bu qurumun Azərbaycan rəhbərliyinin təşəbbüsü ilə toplanması və pandemiyaya qarşı mübarizəni müzakirə etməsi həm rəsmi Bakının, ölkəmizin liderinin siyasi nüfuzu, dünyada olan hörmətindən irəli gəlir, həm də Azərbaycanın təşəbbüslərini maraqla qarşılamaq, onu dəyərləndirmək istəyindən qaynaqlanırdı. Çünki, rəsmi Bakının, onun liderinin hər bir təşəbbüsü, təklifi dünyadakı problemlərin həllinə, insanların güvəndə yaşamasına, beynəlxalq sülhə, təhlükəsizliyə xidmət edir. Qoşulmama Hərəkatının videokonfrans formatında zirvə görüşünün keçirilməsi də məhz bu məqsədə xidmət edirdi.

Beləliklə,  2020-ci il, may ayının 4-də Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında ilk videokonfrans keçirildi. "COVID-19-a qarşı birlikdəyik" mövzusunda keçirilən həmin Zirvə görüşünü təşkil etməklə Azərbaycan etibarlı tərəfdaş ölkə kimi beynəlxalq etimadını təsdiqlədi. Azərbaycan sözügedən zirvə görüşünü keçirməklə iki vacib uğura atdı desək yanılmarıq. Bunun birincisi ondan ibarət idi ki, BMT-dən sonra siyasi nüfuzuna və strukturuna görə, dünyanın ikinci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatı Azərbaycanın mövqeyini müdafiə edir, onun təşəbbüslərini dəstəkləyirdi, ikincisi isə belə bir zirvə görüşünün keçirilməsi Azərbaycanın gələcəkdə bir sıra prinsipial məsələlərdə mövqelərinin dünyanın ikinci böyük siyasi təsisatı tərəfindən dəstəklənəcəyi əminliyi yaradırdı. Zirvə görüşünün keçirildiyi günlərdə isə ən mühümü ondan ibarət idi ki, sözügedən videkonfrans vasitəsilə Azərbaycan Prezidenti bütün ölkələrə təxirəsalınmaz birgə addımlar atmaq mesajlarını verdi, bu çətin günlərdə bir araya gəlməyin həyacanını anlatdı. Xüsusilə, Azərbaycan Prezidenti tərəfindən dünyaya həmrəylik, birlik, qarşıya çıxan problemləri birgə dəf etmək ismarıcı verildi. Xüsusi məqam ondan ibarətdir ki,  dövlət başçısının zirvə görüşü zamanı söylədiyi hər bir fikir, irəli sürdüyü hər bir təşəbbüs, ideya yüksək səviyyədə dəstək gördü, təqdir olundu.

Bununla həm də Azərbaycan Respublikası, onun lideri yalnız Azərbaycan vətəndaşlarını deyil, eyni zamanda beynəlxalq səviyyədə bütün ölkələrin mənafeyini düşündüyünü, dünya əhalisinin sağlamlığının qorunması istiqamətində birlik  və həmrəyliyini heç kimdən əsirgəmədiyini əyani şəkildə təsdiqləmiş oldu. Yeni qlobal vəziyyətə çevik və adekvat reaksiya verdi. Dünyanın müxtəlif ölkələrinin iqtisadiyyatların qayğısına qaldığı bir vaxtlarda Azərbaycan Prezidenti virusla mübarizədə həmrəyliyə xüsusi önəm verməklə insan sağlamlığının hər şeydən üstün olduğunu göstərdi. Azərbaycan xalqının sağlamlığı ilə bərabər, bəşəriyyətin, bütün xalqların sağlamlığını düşünüərək insanpərvərliyini dünyaya nümayiş etdirdi, beynəlxalq həmrəyliyə dərin dəstək verdi, bütün dövlətləri və xalqları bir araya gətirən bəşəri insanlıq həmrəyliyini ortaya qoydu, Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşlərini təşkil etməklə dünya müharibəsindən qurtarmaqda öz səylərini və imkanlarını əsirgəmədi, 30-dan çox ölkəyə insanlıq borcu göstərdi.

Məhz sadaladığımız təşəbbüslər, onların reallaşması öz-özlüyündə sonrakı mərhələdə pandemiyaya qarşı yeni-yeni əməkdaşlıq formatları, korrdinasiyalı fəaliyyət ortaya qoydu. Dünyanın müxtəlif şirkət və təşkilatlarının, siyasi təsisatlarının, ayrı-ayrı ölkə rəhbərlərinin ard-arda Azərbaycan rəhbəri ilə videokonfrans formatında görüş təşəbbüsləri bunların tərkib hissəsi idi. Bu təşəbbüslər eyni zamanda, Azərbaycan dövlət başçısının pandemiyaya qarşı qlobal əməkdaşlıq səylərinə  verilən dəstəyin bir hissəsi idi.

Hazırda isə Azərbaycan pandemiyaya qarşı mübarizə, qlobal əməkdaşlıq istiqamətində daha bir təşəbbüskarlığı, ideya müəllifliyi ilə dünyanın diqqət mərkəzindədir. Söhbət Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsindən gedir. Öncəliklə onu qeyd etmək yerinə düşər ki, BMT Baş Assambleyasının 31-ci sessiyasının keçirilməsi barədə dövlət başçısı tərəfindən irəli sürülən təşəbbüs və həmin təşəbbüsün müsbət qəbul edilməsi haqqında qərarın veriməsi Azərbaycan dövlətinin və xalqının adına yazılmış növbəti siyasi və diplomatik uğurdur. Eyni zamanda dünyanın bir nömrəli təşkilatı sayılan BMT çərçivəsində pandemiyaya qarşı qlobal əməkdaşlığa Azərbaycanın verdiyi töhfədir.  Xüsusi sessiyanın keçirilməsi üçün Prezident İlham Əliyev tərəfindən irəli sürülmüş təşəbbüsün 130-dan artıq ölkənin dəstəkləməsi isə xüsusi qeyd edilməlidir. Bu həm də ölkəmizin dünyanın 130-dan artıq ölkəsi tərəfindən dəstəklənməsi deməkdir.

Bu birmənalıdır ki, dünyanın hazırki pandemiya dönəmində birləşməyə, qlobal səviyyədə əməkdaşlıq etməyə böyük ehtiyacı var.  Bu mənada Prezident İlham Əliyevin təşəbbüsü bütün dünya dövlətlərinin və xalqlarının koronovirus pandemiyasından xilasına, bunun üşün qlobal səviyyədə əməkdaşlığın təmin edilməsinə hesablanıb. Təsadüfi deyil ki, bütün bu təşəbbüskarlığına görə, hətta Azərbaycanı pandemiyaya qarşı qlobal əməkdaşlığın lokomitivi kimi də xarakterizə edilir.

Süleyman İsmayılbəyli

Yazı SOCAR AQŞ-nin " Milli mətbuat koronavirusa qarşı" adlı jurnalist müsabiqəsinə tədim edilir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31