Baş verən hadisələrin gedişatında təxribat çalarları
15 İyul 2020 16:28 SiyasətXəyal Bəşirov: "İnsanların bəziləri niyə qarşıdakı hotelə deyil də, Milli Məclisə girdilər?"
Antidövlət, antimillət, antiAzərbaycan tərəfdarları yenə də öz iç üzlərini, məkirli sifətlərini açıb ortaya qoydular. Ötən gün minlərlə paytaxt sakininin Azərbaycan Ordusuna dəstək aksiyasından sui-istifadə edərək cəmiyyətdə xaos, anarxiya yaratmağa çalışan radikal siyasi düşərgənin təmsilçiləri yenə də ictimai-siyasi sabitliyi pozmağa, cəmiyyətdə qarşıdurma yaratmağa çalışdılar.
Ötən gecə baş verənləri siyasi ekspertlər də birmənalı olaraq cəmiyyətdə qarşıdurma yaratmağa cəhd kimi xarakterizə etdilər. Siyasi ekspert Xəyal Bəşirov deyir ki, dövlətimiz, xalqımız və doğma Azərbaycanımız çox böyük təxribat və provakasiya ilə qarşı-qarşıyadır: "Bu böyük təxribat oyununu planlayanlar, uzun illərdən bəri hazırladıqları həmlənin vaxtını, məqamını və qurbanlarını xüsusi olaraq seçdikləri məlum olmaqdadır. İlk olaraq zamanlama amilinə gəldikdə, hazırda bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da, pandemiyanın yayılması ilə ciddi mübarizə mərhələsi davam etməkdədir. O da məlumdur ki, əvvəllər ölkədə virusun yayılması ilə bağlı vəziyyətdə ciddi problem olmasa da, durum digər ölkələrlə müqayisədə daha qənaətbəxş olsa da, təəssüflər olsun ki, son dövrlər daxili yayılma hallarının ölkənin ayrı-ayrı regionları üzrə artması, ciddi tədbirlərin görülməsini zərurətə çevirdi. Pandemiya ilə bağlı ölkə üzrə görülən bütün tədbirlər və sərt karantin rejiminin tətbiq olunmasına rəğmən, hazırda sağalma halları ilə bağlı statistika yüksələn xətt üzrə artsa da, gündəlik 500 nəfərdən artıq şəxsin yoluxması və təxminən 10-a qədər insanın dünyasını dəyişməsi baş verməkdədir. Belə bir məqamda, habelə dünyadakı ən təhlükəli və aktiv döyüş proseslərinin getdiyi ərazilərin aid olduğu dövlətlərin belə, BMT rəhbərliyinin pandemiya dövründə bütün döyüş əməliyyatlarının təxirə salınması ilə bağlı təklifinə dəstək verdikləri zamanda, Azərbaycan Ermənistan cəbhəsində vəziyyətin kritik həddə çatdırılmasını təsadüf hesab etmək çox böyük sadəlövhlük olardı".
Ekspert deyib ki, məkan olaraq cəbhənin Tovuz rayonu istiqamətinin seçilməsi də, ciddi şəkildə düşünməyə əsas verir: "Belə ki, ümumilikdə Qarabağ münaqişəsinin mövcud olduğu dövrə nəzər yetirsək, görərik ki, vəziyyəti gərginləşdirən və atəşkəs rejimini pozan döyüş əməliyyatlarının keçirilməsi, daha çox Tovuz rayonu istiqamətində deyil, işğalçı tərəf üçün nisbətən əlverişli mövqe yaradan digər ərazilərdə baş vermişdir. Ancaq, Tovuz rayonu, ölkəmiz üçün neft və qaz kəmərlərinin, dəmir və avtomobil yollarının, ümumilikdə ölkəmizdən Qara dəniz vasitəsilə dünyaya çıxış imkanları baxımından ən strateji rayonlardan biridir. Yeganə olmasa da, Azərbaycanın dünya ilə ticarət əlaqələrinin həyata keçirilməsində əsas yollardan birinin üzərində yerləşən Tovuz rayonunun, hədəf olaraq seçilməsi amilini də, ciddi şəkildə düşünülmüş məkrli planın tərkib hissəsi hesab edirəm. Dövlətimizə və xalqımıza qarşı hazırlanmış təxribat planının ən əsas nüanslarından biri də, xaos prosesinin başlanmasına təkan verəcək qurbanların seçilməsidir. Diqqət etsək görərik ki, əvvəllər də bu cür cəhdlər baş vermişdir və o zamanlar hədəf qismində seçilən şəxslər daha çox sıravilər olmuşdur. Fərqli xidmtələrə aid olan sıraviləri və ya daha aşağı rütbəli şəxsləri qurbana çevirməklə xalqımızın və insanlarımızın tərs damarlarına düşə bilmədiklərini düşünən təxribat şəbəkəsi, artıq eksperiment obyektini dəyişməyə qərar verib. Azərbaycan ordusunun cəbhəyə yaxın ola biləcək ən yüksək rütbəli və eyni zamanda özünün keçdiyi xidmət yolu və vətənsevərliyi ilə xalqımızın ürəyinə yol tapan zabitlərimizin də hədəflənməsi daha böyük ajiotajın yaranacağına hesablanıb. Bundan başqa, daha çox düşündürən və diqqəti cəlb edən amillərdən biri də odur ki, ordunun ali zabit heyətinə aid olan bir generalın və polkovnikin hərəkət koordinatlarını müəyyənləşdirmək düşmənə necə müyəssər olub".
Ekspertin sözlərinə görə, bu bir danılmaz həqiqətdir ki, ərazi bütövlüyümüzü təmin edən qələbə ilə nəticələnəcək növbəti Qarabağ müharibəsi, Azərbaycanın və xalqımızın doğal haqqıdır: "Damarında əsl azərbaycanlı qanı axan hər bir həmvətənlimiz, bunu bütün varlığı ilə istəyir və buna inanır. Ancaq bu təbii haqqımızı biz, kimlərinsə dövlətimizə qarşı hazırladıqları məkrli planlarının ssenarisinin tərkib hissəsinə çevrilməsinə heç bir vəchlə imkan verməməliyik. Bu bizə növbəti və daha dəhşətli məğlubiyyət, dövlətimizə və xalqımıza qarşı ən ağır cinayətin törədilməsi bahasına başa gələ bilər. Bu gecə baş verən hadisələrin gedişatında da, təxribat çalarlarını açıq aşkar hiss etmək mümkün idi. Özünün generalının, polkovnikinin və digər hərbçi övladlarının şəhid olmasına görə ayağa qalxıb dövləti və ordusu ilə birliyini nümayiş etdirərək hayqıran xalqımızın bu müqəddəs haqqından, öz məqsədləri üçün istifadə etməyə cəhd edənlər, ölkənin qanunvericilik orqanının binasına qanunsuz olaraq daxil oldular. Milli Məclisin binası ilə qarşı-qarşıya olan və gözəlliyinə görə şəhərimizin rəmzlərindən birinə çevrilən məşhur hotelin binasına yox, parlamentin binasına qanunsuz daxil olmaq, həmin təxribatçıların xüsusi mülkiyyətə olan hörmətindən deyil, məhz dövlətən ali qanunvericilik orqanına daxil olmaqla dövlətə sarsıdıcı zərbə endirməyə hesablanmış istəklərindən irəli gəlirdi. Bütün bunlarla yanaşı, düşünürəm ki, hakimiyyətin və iqtidarın kimliyindən asılı olmayaraq, bütün dövrlərdə və dövlətlərdə olduğu kimi, planlaşdırılmış bu cür provakasiyalardan ən çox zərərçəkən, Azərbaycan dövləti və Azərbaycan xalqı olacaqdır. Baş verənlərin provakasiya və təxribat olmasını sadaladığım faktlardan başqa da, çoxsaylı şərtləndirən amillər vardır. Bu məqamlarla bağlı son zamanlarda baş verən bir hadisəni də xatırlatmaq yerinə düşərdi. Ölkədə korrupsiya şəbəkəsinin çökdürülməsi prosesində saxlanıldığı zaman, evindən aldığı milyonlarla məbləğdə rüşvət pulun aşkarlandığı icra başçısının məhkəmə zalından çıxarkən ailə üzvlərinə "Hər şey yaxşı olacaq, bu günlər də keçəcək. Möhkəm olun!" deməsi eşidənlərin hamısını təəccübləndirdi. Adam, uzun illər ərzində yığdığı rüşvətə, taladığı büdcə pullarına və etdiyi çoxsaylı qanunsuzluqlara görə özünü günahlandırmaq əvəzinə, sanki, onun bu hərəkətlərini yarımçıq qoyan, qanunsuzluqlarına son verən və etdiyi bütün hüquqa zidd əməllərinə görə onu cəzalandırmaq istəyən dövləti haqsızlıqda suçlayır deyə düşünmüşdüm. Ancaq ondan sonra və bu gün baş verən proseslərdən belə bir qənaətə gəldim ki, əslində heç də elə deyilmiş. Əslində, ölkəmizdə o və onun kimi dövlətə və dövlətçiliyə qarşı çıxanlar, kimlərəsə güvənir və tezliklə hansısa hadisələrin baş verəcəyinə böyük ümidlər bəsləyirlər. Məhz, həmin ümidlərin gerçəkləşdirilməsinə bu günlərdə ciddi chdlər olur. Uca Allahdan, Azərbaycanımızı bu cür təxribatlardan qorumasını, həmin ümidlərin puç, xalqımızın və dövlətimizin həmişəki kimi vahid və möhtəşəm bir güc olmasını arzulayaq".
Süleyman
Olaylar.az