Azərbaycan Ordusunun generalı tabeliyində olan əsgərdən özünü fərqləndirmir

MVP rəsmisi: "Belə qəhrəman generalları, zabitləri olan milli ordumuz istənilən əmri yerinə yetirməyə, işğal altında olan ərazilərimizi düşmən azad etməyə qadirdir"

Artıq bir neçə gündür ki, işğalçı Ermənistanın dövlət sərhədiini pozması və Azərbaycan ərazilərinə təcavüz etməsi nəticəsində Tovuz rayonu istiqamətində şiddətli döyüşlər gedir. Düşmənə sarsıdıcı zərbələr vuran Silahlı Qüvvələrimiz nə qədər təəssüfedici və acı da olsa, bir neçə itki də verib.  Tovuz rayonu istiqamətində gedən döyüşlərdə bir neçə gizirlə yanaşı,  Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov da düşmən gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olub. Düzdür, general-mayor Polad Həşimovun həlak olması Ordumuz, Silahlı Qüvvələrimiz üçün ağır itki olsa da, lakin bu hadisə, faciə həm də bizlər üçün bir qürur mənbəyi, şərəf tarixidir. O mənada ki, torpaqlarımızın bütövlüyü, onun  düşməndən azad edilməsi istiqamətində Silahlı Qüvvələrimizin hər bir üzvü, generalından tutmuş əsgərinə kimi ön cəbhədə, səngərdə düşmənlə üz-üzə, qarşı-qarşıyadır.  Bu birlik, Silahlı Qüvvələrin şəxsi heyəti arasında ayrı-seçkiliyin edilməməsi bizi tezliklə qələbə əldə edəcəyimizə, torpaqlarımızı işğalçılardan təmizləyəcəyimizə böyük ümid yaradır.

Milli Vəhdət Partiyasının sədr müavini Süleyman İsmayılbəyli deyib ki, Tovuz istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun generalının həlak olması onu deməyə əsas verir ki, Silahlı Qüvvələrin şəxsi heyəti arasında heç bir ayrıseçkiliyə yol verilmir, əsgərindən tutmuş generalına qədər istənilən situasiyada çiyin-çiyinədir: "General Polad Həşimovun Tovuz rayonu istiqamətində gedən döyüşlərdə düşmən gülləsinə tuş gələrək şəhid olması faktı da onu deməyə əsas verir ki,  Azərbaycan Ordusunda generallarla əsgərlərin bir çərgədə, ön sırada düşmənə qarşı vuruşduğunu əyani şəkildə təsdiq erdir. Bu həm də onu təsdiq edir ki, Azərbaycan Ordusunun generalı tabeliyində olan hərbçilərdən özünü fərqləndirmir, qarşıda duran tapşırığı yerinə yetirmək, dogma torpağını müdafiə etmək üçün öz canını hər  an qurban verməyə hazırdır".

MVP rəsmisi bildirib ki, bu müsbət tendensiya Ali Baş Komandanın nümunəvi davranışlarından irəli gəlir: "Yaxşı xatırlayırıq ki, Aprel döyüşləri zamanı Ali Baş Komandan, Cənab İlham Əliyev cəbhə xəttinə gedərək Azərbaycan Ordusunun əsgər və zabit heyəti ilə buir səngəri bölüşdü. Baxmayaraq ki, Cənab Prezidentin baş çəkdiyi ərazi düşmən mövqeləri ilə üz-üzə idi və həmin ərəfədə bu kifayət qədər təhlükəli addım idi. Ancaq buna rəğmən Ali Baş Komandan hətta həyatını belə təhlükə altına, riskə ataraq öz əsgər və zabitləri ilə görüşdü, onları əldə edilən naliyyətlə bağlı təbrik etdi. Heç şübhəsiz ki, Ali Baş Komandanın bu nümunəvi davranışında onun generalları və zabitləri də nəticə çıxarır və istənilən situasiyada şəxsi heyətlə bir sırada olur".

Süleyman İsmayılbəyli qeyd edib ki, düşmən ordunun sıralarında isə vəziyyət tamam fərqlidir: "Necə ki, Ermənistanda hakimiyyətdə olan siyasilər xalqdan ayrı düşüb, xalqın əli ilə hakimiyyətə gəlib, lakin hakimiyyətə gələndən sonra sadə erməni xalqının sosial durumun yaxşılaşdırılması istiqamətində heç bir addım atmayıblar, eləcə də işğalçı ölkənin hərbi rəhbərliyi də siyasi hakimiyyətin yolunu davam etdirir. Yalnız sadə insanların övladları Qarabağ cəbhəsinə göndərilir. Hərbi elitanın yüksək çinli məmurları, generalları isə yalnız arxa cəbhədə "qulluq" keçməklə işlərini bitmiş hesab edirlər. Elə buna görədir ki, məcburiyyət qarşısında ordu sıralarına qoşulan erməni gəncləri də güllə səsi eşidən kimi mövqelərini qoyub qaçırlar. Bu həm də erməni generalların, düşmən ölkənin ordu rəhbərliyi, yüksək çinli məmurlarının Azərbaycan Ordusundan, onun peşəkar əsgər və zabitlərindən açıq-aşkar qorxması deməkdir. Buradan da aydın şəkildə görünür ki, Ermənistan ordusunun generalları sıravi əskərlərin arxasında gizlənərək öz canlarını qorumaqla məşğuldurlar".

MVP rəsmisi deyib ki, yaxın tariximizdə ermənilər üçün dəhşət yaradan Mübariz İbrahimov, Aprel döyüşlərinin ölməz qəhrəmanları və son günlər Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olmuş general Polad Kərimov kimi mərd oğullarımızla  Azərbaycan xalqı fəxr edir, onlarla qürur duyur: "Belə qəhrəman generalları, zabitləri olan milli ordumuz istənilən əmri yerinə yetirməyə, işğal altında olan ərazilərimizi düşmən azad etməyə qadirdir".

Füzuli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31