Ermənistan məqsədyönlü şəkildə təxribata hazırlaşıb

Erməni təbliğat maşını məsuliyyəti Azərbaycan tərəfin üzərinə yıxmaq istəyir

Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribata əl ataraq növbəti dəfə uğursuzluğa düçar olan Ermənistan hakimiyyəti indi də məsələnin mahiyyətini gizlətməyə, yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti çaşdırmağa çalışır. Fakt isə ondan ibarətdir ki, Nikol Paşinyan hökumətinin uydurmaları, ölənlər haqqında məlumatları gizlətməsi Ermənistan ictimaiyyətində ciddi narazılıq doğurub. Əhali etiraz aksiyalarına başlayıb, müxalifət vahid cəbhədə birləşərək siyasi hakimiyyəti devirmək niyyətini ortaya qoyub. Bütün sadalananlardan xilas olmaq məqsədilə Ermənistanın fitnəkar təbliğat maşını baş verənləri təhrif edərək, məsuliyyəti Azərbaycan tərəfinin boynuna qoymaq istiqamətində fəaliyyətinin davam etdirir. Məsələn, Ermənistan iddia edir ki, guya Azərbaycan UAZ maşını ilə erməni mövqelərinə hücuma keçib. Bu həqiqətən də olduqca gülünc və ağlasığmaz bir iddiadır. Azərbaycan tərəfi hücuma keçmək istəsəydi, onda UAZ-dan deyil, öz ordusunun arsenalında olan güclü, dağıdıcı vasitələrdən istifadə edərdi. Ermənistanın bu təxribatı törətməkdə məqsədi təkcə diqqəti ölkədə olan ağır sosial-iqtisadi vəziyyətdən və COVİD-19 ilə bağlı acınacaqlı durumdan yayındırmaq deyil. Məqsəd həm də sərhəddə gərginlik yaradaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) münaqişəyə cəlb etmək idi. Ermənistan KTMT ölkələrini öz çirkin siyasətinin əsirinə çevirməyə və təşkilatın arxasında daldalanmağa çalışır.

Lakin, Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonui stiqamətində son gərginliyin hərbi təhlili onu göstərir ki, təxribat Ermənistan tərəfindən başlanmışdır. Ermənistan məqsədyönlü şəkildə bu təxribata hazırlaşmışdır. Ermənistan tərəfi qəflətən artilleriya qurğularından istifadə edib və nəticədə Azərbaycan hərbçiləri şəhid olublar. Ermənistan tərəfinin itkiləri daha sonrakı vaxtda Azərbaycan ordusunun cavab atəşi nəticəsində baş verib. Milli Məclisin deputatı Ülvi Quliyev qeyd edib ki, erməni tərəfinin guya Azərbaycan Ordusunun mövqeyini ələ keçirməsi, yeni yüksəkliklər əldə etməsi barədə iddiaları yalan və dezinformasiyadan başqa bir şey deyil: "Hətta bu ölkənin ictimaiyyəti, fəal sosial şəbəkə istifadəçiləri belə bu kimi iddiaları ironiya ilə qarşılayırlar". Deputat vurğulayıb ki, Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib: "Ordumuzun əks-tədbirləri adekvat xarakter daşıyıb, Ermənistanın təxribatına qətiyyətli cavab verilib. Yayılmış videolardan da göründüyü kimi, Azərbaycan Ordusu Ermənistanın hərbi bölmələrinin mövqeyinə güclü zərbə endirib, nəticədə düşmənin texnikası və canlı qüvvəsi məhv edilib". Ü.Quliyevin sözlərinə görə, Ermənistanın sərhəddə törətdiyi növbəti təxribat həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək, həm də ölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaq məqsədi güdür: "Bu gün Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanılır. Ermənistanın təcrübəsiz, populist baş naziri Nikol Paşinyan faktiki olaraq ölkədə diktatura qurub. Bütün siyasi rəqiblərini təqib edir, həbsə atdırır. Ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan iqtidarını çıxılmaz duruma salıb. Ona görə də Azərbaycanla sərhəddə təxribat Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxartmağa hesablanıb. Paşinyan hesab edir ki, xarici təhlükə qarşısında cəmiyyəti toparlamaq, müxalifəti tərk-silah etmək və hakimiyyətə qarşı formalaşan ciddi təhlükəni aradan qaldırmaq mümkün olacaq. Amma o, buna nail ola bilməyəcək. Çünki hazırda Ermənistanda vəziyyət olduqca mürəkkəbdir, hakimiyyətə qarşı müxalifətin vahid cəbhədə birləşməsi prosesi gedir. Hökumət başçısının demaqoqcasına vəd etdiyi "çiçəklənmə" isə reallaşmır. Paşinyanın belə təxribatlarla problemi aradan qaldırmaq cəhdlərinin hər hansı nəticə verəcəyini düşünmək üçün heç bir əsas yoxdur. Ermənistanın baş naziri hakimiyyəti itirməkdən qorxur. Yeganə məqsədi hansı vasitə ilə olursa-olsun iqtidarını qorumaqdır".  Mİllət vəkili Qənirə Paşayeva qeyd edib ki, Ermənistan hərbi bölmələrinin iyulun 12-dən başlayaraq növbəti dəfə təxribata əl atması Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz istiqamətindəki mövqelərimizi ələ keçirməyə cəhd göstərməsi özü ilə xeyli suallar gətirdi. Bu sualların bir çoxu Ermənistanın böhran yaşayan daxili siyasətinin əsas iştirakçıları üçündür: "Əslində, bizim ən böyük sualımız Ermənistanın niyə belə təxribat etməsi deyil, çünki biz təxribatları Ermənistanı idarəedənlərin xarakterik xüsusiyyəti kimi qəbul etmişik. Ermənistan tərəfindən yaradılmış hər hansı suala ən yaxşı cavabı Azərbaycan Silahlı Qüvvələri verib, verir və verəcək! Heç kəsə sirr deyil ki, özbaşına qalmış Ermənistan Azərbaycan qarşısında ən yaxşı halda bir həftə duruş gətirə bilər. Biz bu əzmi, çox da uzaq olmayan tarixdə - 2016-cı il aprelinin əvvəllərində Lələtəpə istiqamətində, 2018-ci il mayın sonlarında Günnüt istiqamətində görmüşük və bugünlərdə Tovuzda gördük. Bütün bu deyilənlərlə yanaşı, düşmənin Tovuz istiqmətindəki təxribatı hansısa sual yaratdısa, yubanmadan o sualın cavabları da meydana gəlmiş oldu". Deputat bildirib ki, artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd edən düşmən, Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlələrlə geri otuzduruldu, canlı qüvvə və hərbi texnika sarıdan ciddi zərər gördü: "Bizim ordunun cavab tədbirləri adekvat xarakter daşıdı. Düşmən özü törətdiyi təxribatın cavabını aldı, cəzasını çəkdi. Müdafiə Nazirliyinin yaydığı "video-material"dan da göründüyü kimi, Azərbaycan Ordusu Ermənistanın hərbi bölmələrinin mövqeyinə güclü zərbə endirib, nəticədə düşmənin texnikası və canlı qüvvəsi məhv edilib. Heç şübhəsiz, respublikamızın beynəlxalq mövqelərinin güclənməsi, diplomatik uğurlarımız, dövlət başçımızın irəli sürdüyü qlobal təşəbbüslərin məhz qlobal miqyasda da dəstəklənməsi, Ermənistanı ciddi narahat edir. Özü də bu narahatçılıq yalnız Ermənistanda qalmır, erməni lobbisini, bütün ermənipərəst dairələri, Azərbaycanı istəməyən xarici qüvvələri də əhatə edir. Ölkəmizin sədrlik etdiyi Qoşulma Hərəkatının "Virtual Zirvə" toplantısının geniş rezonans doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının Xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi Ermənistanın və onun havadarlarının narahtıçılığını daha da böyüdüb, güncəlləşdirib. Özü də, hadisələr zənciri, necə deyərlər, yalnız bir-iki halqa ilə şərtlənmir, o, özündə tam bir sistem, qanunauyğunluq ehtiva edir. Prezident İlham Əliyevin Soçidə "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, Münhen Təhlükəsizlik Konfransında, bunlardan başqa, paytaxt Bakıda baş tutan beynəlxalq tədbirlərdə Ermənistanın işğalçılıq siyasətini və faşist simasını faktlarla ifşa etməsi, Ermənistan hakimiyyətini ciddi problemlər, cavabı çətin suallar qarşısında qoyub. Üstəlik, dünyanın aparıcı beynəlxalq qurumlarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməsi Ermənistanın və xarici ermənipərəst dairələrin təşvişini artıran amillər olub".

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31