Azərbaycan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında güclü, qüdrətli orduya malikdir

MVP rəsmisi: "Bu ordu istənilən anda işğal altında olan ərazilərimizi azad etmək gücündədir"

"İşğalçı Ermənistanın iyulun 12-də Tovuz istiqamətində növbəti təxribata əl ataraq mövqelərimizi ələ keçirməyə cəhd göstərməsi Yerevanın növbəti oyunu və Qarabağ kartından istifadə cəhdidir". Bu fikirləri "OLAYLAR"-a Milli Vəhdət Partiyasının sədr müavini Süleyman İsmayılbəyli səsləndirib. O, bildirib ki, əslində Tovuz istiqamətində törədilən təxribat bir neçə məqsədə xidmət edirdi ki, bunlardan da birincisi Ermənistan daxilində yaranmış siyasi və sosial gərginliyi nizama salmaq və daxili auditoriyanın diqqətini Azərbaycanla sərhədə yönəltməkdir: "Məlum olduğu kimi, Ermənistanda ciddi siyasi və iqtisadi böhran hökm sürür. Onsuz da uçurum kənarında olan Ermənistan iqtisadiyyatı pandemiya səbəbindən daha da gərgin xarakter alıb. Digər tərəfdən işğalçı ölkə koronavirus pandemiyasına qarşı mübarizədə də kifayət qədər aciz duruma düşüb. Hər ötən gün bu ölkədə virusa yoluxanlar və bu səbəbdən vəfat edənlərin sayı artır. Paralel olaraq ölkədə siyasi gərginlik də özünün pik həddinə çatıb. Paşinyanın siyasi rəqiblərini bir-bir sıradan çıxarmaq cəhdi və ölkədə həyata keçirilən siyasi represiyalar Ermənistan müxalifətinin baç nazirə qarşı birləşməsinə yol açıb. Hətta yaxın günlərdə Yerevanın mərkəzi küçələrində Paşinyan əleyhinə kütləvi etiraz aksiyalarının keçiriləcəyi planlaşdırılırdı. Təbii ki, belə bir vəziyyətdə Paşinyan üçün yeganə çıxış yolu, öz sələfləri kimi Qarabağ kartından istifadə etmək idi. Nəticə etibarilə, Tovuz istiqamətində təxribata əl atıldı. Məqsəd isə, bir daha qeyd etdiyim kimi daxili auditoriyanın diqqətini cəbhə xəttinə yönəltmək və hakimiyyətinə qarşı olan təhdidləri aradan qaldırmaq idi".

MVP rəsmisi bildirib ki, hər zaman olduğu kimi, bu dəfə də erməni təxribatının qarşısı qətiyyətlə alındı və Silahlı Qüvvələrimizin əks zərbəsi ilə düşmən geri oturduldu: "Nə qədər acı da olsa, düşmən təxribatı nəticəsində bir neçə əsgərimiz, hərbi qulluqçumuz şəhid oldu. Allahdan onlara rəhmət diləyirik. Ancaq qürur doğurası məqam ondan ibarətdir ki, şəhid olmuş hərbiçilərimizin qisası düşməndən alındı. Bunu Cənab Prezident İlham Əliyev də Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı açıq şəkildə bildirdi ki, şəhid olmuş hərbiçilərimizin qisası alındı".

Süleyman İsmayılbəyli onu da diqqətə çatdırıb ki, Ermənistan hakimiyyətinin bu dəfəki təxribat cəhdi və Qarabağ kartından yararlanmaq istəyi baş tutmayacaq: "Çünki sadə erməni xalqı indiyə qədər belə hadisələrin çox şahidi olub. Hər dəfə Ermənistanda hakimiyyətdə olan bu və ya digər qüvvələr üçün müxalifət və ictimaiyyət tərəfindən ciddi təhlükə gözləniləndə, Qarabağ kartı, Azərbaycanın timsalında erməni cəmiyyətini xarici düşmənlə təhdid etmək kimi oyunlar ortaya atılıb. Ona görə də artıq erməni xalqı bu kimi oyunlara inanmır və Paşinyanın bu uğursuz cəhdi ona baha başa gələcək".

Partiya rəsmisi bildirib ki, əslində Ermənistan hakimiyyəti, onun inqilabçı hökumət rəhbəri Nikol Paşinyan Azərbaycanı təxribata çəkmək əvəzinə, indiyə qədər baş verənlərdən nəticə çıxarmalıdır: "Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də bir neçə gün əvvəl yerli televizya kanallarına verdiyi müsahibədə Ermənistan rəhbərliyinə Aprel döyüşlərini unutmamaq mesajını verdi. Görünür, Paşinyan hökuməti siyasi, iqtisadi və diplomatik müstəvidə Azərbaycan qarşısında düçar olduğu məğlubiyyətlər sırasına, hərbi məğlubiyyəti da daxil etməkdə israrlıdır".

Süleyman İsmayılbəyli qeyd edib ki, Tovuz istiqamətində ciddi itkilərlə üzləşən Ermənistanın hərbi rəhbərliyi indi də Azərbaycanın bəzi hərbi bölmələrini ələ keçirdiklərini iddia edir: "Əslində isə məqsəd son döyüşlər zamanı üzlışdiyi itkiləri ört-basdır etmıəkdir. Reallıq ondan ibarətdir ki, Azərbaycan Ordusu Tovuz istiqamətində düşmən təxribatının qarşısını alarkən düşmənə ciddi zərbə endirib və onu geri çəkilməyə məcbur edib".

MVP rəsmisi sonda bir məqama da diqqət çəkib. Bildirib ki, baş verən bu kimi hadisələr Azərbaycan cəmiyyətində hərbi vətənpərvərlik hisslərinin daha da artmasına, gənclərimizin daha mübarizə, vətənpərvər ruhda böyüməsinə yol açır: "Aprel döyüşləri zamanı bunun əyani şahidinə çevrildik. Elə son günlər Tovuz istiqamətində yaşanan olaylar zamanı da müxtəlif regionlardan olan gənclərimiz könüllü şəkildə döyüşə getmək istəyini bildirdi. Ancaq biz partiya olaraq düşünürük ki, indi 1990-cı illərin əvvəlləri deyil ki, nizami ordu olmadığına görə, vətəndaşlar öz gücünə torpaqlarımızı müdafiə etmək məcburiyyətində qalsınlar. Arzuolunmaz xaotik təşəbbüslər yalnız düşmənlərimizi sevindirə, ölkəmiz, silahlı qüvvələrimiz haqqında uydurmalarını daha da genişləndirməyə imkan yarada bilər. Buna görə də bəzi sosial şəbəkə istifadəçilərinin silaha sarılmaq və cəbhə bölgəsinə getmək çağırışları, ayrı-ayrı şəxslərin cəbhə xəttinə yürüş təşkil etmək cəhdləri yolverilməz və qəbulolunmazdır. Bu birmənalıdır ki, bu gün Azərbaycan Respublikası Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında güclü, qüdrətli orduya malikdir və bu ordu istənilən anda işğal atında olan ərazilərimizi azad etmək gücündədir. Buna heç kimin şübhəsi olmasın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31