“Bu çirkin və məkrli siyasət Ermənistanı uçuruma aparacaq”
13 İyul 2020 15:22 SiyasətPrezident: "Azərbaycan öz ərazi bütövlüyünü bundan sonra da qoruyacaq"
Təcavüzkar Ermənistanın silahlı qüvvələri 12-13 iyul tarixində atəşkəs rejimini kobud surətdə pozaraq Ermənistan və Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini atəşə tutaraq hücuma keçiblər. Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçmək cəhdi ediblər. Düşmən qüvvələrin hücumunun qarşısı cavab tədbirləri ilə alınıb. Döyüş nəticəsində Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu həlak olub, 4 nəfər isə yaralanıb. Ermənistan hərbçilərinin növbəti təxribat cəhdlərinə Azərbaycan Ordusu tərəfindən layiqli cavab verilib. Məlum məsələdir ki, Ermənistan bu kimi təxribatçı əməlləri ilə üçüncü ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə çalışır. Ermənistan hökuməti artıq azğınlığın son həddinə çatıb. Son aylarda Paşinyanın və onun komandasının sülh danışıqlarının pozulmasına çağırışları, təxribatçı bəyanatları və erməni hərbi birləşmələrinin təxribat cəhdləri artıq bu qudurğanlığın şiddətləndiyini göstərir. Bu gün Ermənistan xarici qüvvələrin dəstəyi ilə bu təxribatları icra edir. Ancaq onlar Mili Ordumuzun hər dəfə sarsıdıcı həmlələri qarşısında geri çəkilirlər.
Təhlükəsizlik Şurasının iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd edib ki, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınıb: "Dünən günorta saatlarında Ermənistan Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribat törədib. Birinci dəfə deyil ki, dövlət sərhədində Ermənistan tərəfindən hərbi təxribatlar törədilir". Dövlət başçısı bildirib ki, son bir neçə ay ərzində bu hərbi təxribatlar nəticəsində bizim hərbçilərimiz, eyni zamanda, mülki şəxslər həlak olub: "Dünən günorta saatlarında onların növbəti təxribatı nəticəsində bir neçə hərbçimiz həlak olub. Qəflətən bizim hərbi postumuza artilleriya atəşi açılıb və bu çirkin əməl nəticəsində hərbçilərimiz həlak olub və yaralanıb. Allah şəhidlərimizə rəhmət etsin, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm. Deyə bilərəm ki, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınıb, adekvat cavab verilib. Hərbçilərimizin qisası alınıb. Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməyiblər".
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov Tovuzdakı hadisənin ermənilərin vaxtaşırı törətdiyi növbəti təxribatlardan biri olduğunu qeyd edərək, düşmənin layiqli cavab aldığını deyib: "Hücum edən və təxribat törədən tərəf darmadağın edildi. Həm canlı qüvvə, həm də hərbi texnika sarıdan çoxlu itkilər verdilər. Bu növbəti erməni məkri və təxribatı idi. Niyə bu hadisə Ermənistan-Azərbaycan sərhəddində, Tovuz-Qazax istiqamətində baş verir?! Bu da məqsədlidir. Məqsəd həmişə Azərbaycana qarşı qərəzli hay-küy qaldıran beynəlxalq qurumların, xüsusilə üzv olduqları Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının diqqətini cəlb etməkdir. Ancaq o təşkilatın üzvlərinin tərkibinə nəzər salaq. Burada onlara ümid verən yeganə dövlət Rusiyadır. Belarus, Qazaxıstan və digərləri həmişə Azərbaycanın haqlı mövqeyini müdafiə edib. Ermənistanın bunda məqsədi odur ki, baxın, Azərbaycan bizim ərazilərimizə təhlükə yaradır. Digər məqsəd bu gün Ermənistanda baş alıb gedən iqtisadi-siyasi sahədə olan böhran, ziddiyyət, gərginliklərdən diqqəti yayındırmaqdır. Bütün bunlar dünyaya məlumdur. Dünən ermənilər layiqli cavablarını aldılar. Bu sahədə səlahiyyətli olan qurumlar adından çıxış edə bilmərəm, ixtiyarım yoxdur. Bir vətəndaş kimi arzumu bildirib deyirəm ki, heç dayanmamalıyıq. Biz işğal altında olan ərazilərimizdəki təmas xəttində əməliyyatlara başlayıb, düşməni darmadağın etməli və torpaqlarımızdan çıxarmalıyıq ki, bu təxribatlara birdəfəlik son qoyulsun". Milli Məclisin deputatı Rauf Əliyev deyib ki, həmişə olduğu kimi bu dəfə də Azərbaycan silahlı qüvvələrinin əks həmləsi ilə düşmənin hücum cəhdinin qarşısı qətiyyətlə alınmış, düşmənin döyüş texnikası və canlı qüvvəsi məhv edilmiş və tələfat verərərək geri oturdulmuşdur. Ermənistan bu kimi təxribatlara əl ataraq üzv olduğu hərbi siyasi təşkilatları Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa cəhd göstərir. Bu təxribatı törətməklə Ermənistan rəhbərliyi eyni zamanda öz yarıtmaz, günü-gündən nüfuzdan düşən siyasəti nəticəsində Koronavirus Pandemiyyasının Ermənistanda geniş yayılması ilə ölkədə kəskinləşən sosial-iqtisadi böhran fonunda diqqəti ölkədaxili problemlərdən yayındırmağa çalışır". R.Əliyev bildirib ki, Ermənistan BMT Nizamnaməsi və digər beynəlxalq hüquq öhdəliklərini kobud surətdə pozaraq Azərbaycana qarşı hərbi təcavüz etməklə 20% torpaqlımızı işğal etmiş və BMT-nin Təhlükəsizlik Şurasının məlum 4 Qətnaməsinə baxmayaraq işğalı davam etdirir. Millət vəkilinin sözlərinə görə, Ermənistan tərəfindən sərhəddə törədilən növbəti təxribat təcavüzkar Ermənistanın Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla, danışıqlar vasitəsi ilə həllində maraqlı olmadığını bir daha sübut edir: "Koronavirus pandemiyasına qarşı bütün dünya ölkələrinin çətin bir şəraitdə mübarizə apardıqları bir zamanda Ermənistanın bu təxribatı törətməsi təcavüzkarın əsil simasını bir daha bütün dünyaya göstərdi. Bütün dünya birliyi təcəvüzkar Ermənistanın Azərbaycana qarşı bu növbəti təxribatını, işğalçılıq siyasətini pisləməlidirlər. Azərbaycanın rəhbərliyi dəfələrlə bəyan etmişdir ki, Azərbaycan bu münaqişənin dinc yolla, danışıqlar vasitəsi ilə həll edilməsinin tərəfdarıdır. Ancaq Ermənistan təcavüzkar niyyətindən əl çəkməzsə, Azərbaycan mövcud beynəlxalq normalara uyğun olaraq istədiyi vaxt öz ərazi bütövlüynün bərpa edilməsi və işğal altındakı torpaqları azad etmək hüququndan istifadə edəcək". Yap Siyasi Şurasının üzvü Vaqif Abdullayev qeyd edib ki, Ermənistan ordusunun Tovuz istiqamətində növbəti hücumu hər an müharibənin başlanmasını labüd edir: "Ermənistan artıq bu əməlləri ilə sülh istəmədiyini, danışıqları süni olaraq uzatmağı və terrorçu xislətini hər an biruzə verdiyini göstərir. Baş verən hadisələr də onu göstərdi ki, düşmən danışıqlara getmək, işğalda saxladığı torpaqları geri qaytarmaq istəmir. Azərbaycan dövləti artıq bu erməni vəhşiliyinə biganə qalmaq niyyətində deyil. Cənab Prezident İlham Əliyevin də bəyan etdiyi kimi Ermənistan Aprel hadisələrini unutmamalıdır. Azərbaycan hərb yolu ilə torpaqlarımızı azad etməyə yaxındır. Ordumuz beynəlxalq səviyyədə qəbul olunmuş doğma torpaqlarımızı azad etmək üçün hər an Ali Baş Komandanın əmrini gözləyir. Hamı əmindir ki, Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında mütləq zəfər yürüşü başlayacaq".
Nurlan
Olaylar.az