Komitə sədri: “Cəbhədəki hərbi təxribat cəhdi bir daha Ermənistanın təcavüzkar siyasətini ortaya qoydu”
13 İyul 2020 13:08 Siyasət"İyulun 12-də cəbhənin Tovuz istiqamətində baş verən hadisələr, erməni silahlı qüvvələrinin bölmələrinin artilleriyadan istifadə etməklə Azərbaycan ərazilərinə soxulmaq cəhdi bir daha Ermənistanın təcavüzkar siyasətini ortaya qoydu". "Olaylar" xəbər verir ki, bunu deyən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, Azərbaycan Ermənistanla dövlət sərhədinin bu hissəsində sərhəd qoşunlarını yerləşdirməklə sülhsevər mövqeyini ortaya qoyub. Ermənistan isə bu hissəni döyüş əməliyyatlarının aparılması üçün hərbiləşdirib. Son hadisə zamanı dövlət sərhədimizi qoruyan qəhrəman hərbçilərimiz ağır silahlardan istifadə etməklə hücum etmək istəyən düşmənin cavabını layiqincə veriblər. Niyyətinə nail ola bilməyən düşmən əks zərbə ilə geri oturdulub: "Ermənistan zaman-zaman sülh danışıqlarından yayınmaq üçün cəbhədə təxribatlar törədib. Son hadisələr isə birbaşa Ermənistanın daxilindəki ziddiyətlərlə bağlıdır. Bu gün bir tərəfdən Ermənistandan daxili siyasi çəkişmələr pik həddə çatıb. Digər tərəfdən Paşinyan hökuməti koronavirusun sürətlə yayılmasının qarşısını heç cür ala bilmədiyinə görə daxili təzyiq və qınaqla üzə-üzə qalıb. Buna görə Ermənistan iqtidarı cəbhədə təxribatlar törədərək diqqəti daxili problem və ziddiyyətlərdən yayındırmaq yolu tutub. Bu işğalçı dövlətin köhnə oyunlarından biridir. Əsas olan odur ki, hər belə təxribat Ermənistanın işğalçılıq siyasətinin ifşasını sürətləndirir, Azərbaycanın öz torpaqlarını azad etmək üçün siyasi və hüquqi baxımdan mövqelərini möhkəmləndirir. Tarixi başdan-başa saxtakarlıqlardan, xalqımıza qarşı soyqırımlardan, quldurluqdan ibarət olan cinayətkarlar, oğrular, saxta demokrat cildinə girmiş diktatorlar ölkəsi hər addımı ilə öz sonunu yaxınlaşdırır. Bu günlərdə mətbuata açıqlamasında Prezident İlham Əliyev sülh danışıqlarının gedişatı ilə bağlı fikirlərini bildirirərək, dövlətimizin mövqeyini bəyan etdi. Görünən odur ki, Azərbaycan danışıqları imitasiya üçün aparmaq niyyətində deyil. Dövlətimizin başçısı müsahibəsinin sonunda "Heç kimin Aprel döyüşləri yadından çıxmasın!" fikrini də təsadüfən söyləmədi. Bəli, Azərbaycan nəyə qadir olduğunu artıq sübut edib. Ermənistanın siyasi-hərbi rəhbərliyi də ölkəsinin zəifliyini bilir və buna görə də indiki təxribatı məqsədyönlü şəkildə dövlət sərhədində törədib. Amma beynəlxalq situasiya elə bir mərhələyə doğru gedir ki, üzvü olduğu təşkilatlar belə Ermənistanı xilas edə bilməyəcək və işğalçı siyasətin son nöqtələrini Ordumuzun atəşləri qoyacaq".