İrəvan İran səfirlərindən niyə narazıdır?- PROBLEM
9 İyul 2020 15:06 SiyasətErmənistan öz işğalçılıq mahiyyətini bir kənara qoymayaraq təcavüzkar siyasətini davam etdirdikcə, bu ölkə beynəlxalq aləmdən, yaxın-uzaq qonşularından daha da təcrid olunur. Azərbaycan ərazilərinə təcavüz səbəbindən regionda həyata keçirilən bütün layihələrdən kənarda qalan Ermənistan dövləti, Türkiyəyə qarşı əsassız iddiaları və Azərbaycana qarşı işğalçılıq siyasətini aradan qaldırmaması səbəbindən Ankara ilə normal münasibətlər qura bilmir. Həmçinin müntəzəm olaraq bəzi erməni millətçilərinin Gürcüstanın Cavaxetiya bölgəsinə iddia etməsi Tbilisi ilə İrəvan arasında münasibətlərin o qədər də isti olmamasına zəmin yaradır. Bu arada Ermənistanın cənub qonşumuz İranla da problemləri üzə çıxmaqdadır. Bunun başlıca səbəbi isə İranın Azərbaycanın ərazi bütövlüyünü tanıması və diplomatları vasitəsilə bunu vurğulamasıdır. Ona görədir ki, ermənilər iranlı diplomatların fikirlərində qıcıqlanırlar. Hətta cənub qonşumuzun Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəlik rəhbərinin də fikirləri, açıqlamaları İrəvanda qıcıq yaradır. Elə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da belə düşünür. O, bildirib ki, Ermənistan İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadənin açıqlamalarından narahatdır. Onun sözlərinə görə, Ermənistanın İctimai Televiziyası İranın Ermənistandakı səfiri Abbas Bədaxşandan müsahibə götürüb: "Erməni jurnalisti iranlı diplomata belə bir sual verib: "İranın Azərbaycandakı səfirinin Tehranın siyasəti ilə üst-üstə düşməyən açıqlamalarını necə qiymətləndirrisiniz?" Bu suala cavabında İranın Ermənistandakı səfiri konkret həmkarının adını çəkməsə də, deyib ki, ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həllində balanslaşdırılmış mövqeyi dəyişməyib. Səfir bu sözlərinə belə bir cümləni də əlavə edib: "Əgər fərqli fikir söyləyənlər varsa, onların mövqeyi İran hökumətinin baxışını əks etdirmir, rəsmi mövqe İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi vasitəsilə təqdim edilir, onun açıqlamalarında isə fərqli heç nə yoxdur".
Bəs görəsən, İranın Ermənistandakı səfiri bu açıqlamalarla nə demək istəyir?. Politoloq bildirib ki, Tehran Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağı da Azərbaycanın bir parçası sayır: "Bunu həm İran rəsmiləri, həm də qonşu ölkənin ali dini lideri bildirir. Əslində İranın Ermənistandakı səfiri İrəvanda Tehranın mövqeyini təhrif edir. Doğru olanı isə məhz İranın Azərbaycandakı səfiri deyir. İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəklədiyini bildirib. "Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll olunmalıdır" - bu iranlı diplomatın hər dəfə təkrarladığı cümlədir. Bundan başqa Cavad Cahangirzadə hər il iyun ayında qeyd edilən "Qüds günü" münasibətilə bu fikri də səsləndirir: "İran Azərbaycan və Fələstin torpaqlarının işğaldan azad olunmasını istəyir". Bu arada, Cavad Cahangirzadə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyevlə görüşündə Ermənistan tərəfindən işğal edilmiş torpaqların sülh yolu ilə geri qaytarılmasının, regionda stabilliyi qoruyub saxlamağ üçün ən yaxşı yol olduğunu bildirib. Aydındır ki, səfirin bu açıqlamaları və onun Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri ilə görüşü Ermənistan hakimiyyətinin və separatçıların xoşuna gəlmir. Ancaq Cavad Cahangirzadədən əvvəl İranın Azərbaycandakı səfirləri də eyni sözləri deyiblər. İranın Azərbaycanda Cavad Cahangirzadədən əvvəlki səfiri Möhsün Pak Ayin də deyirdi ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll edilməlidir. İranın Azərbaycandakı səfiri Bakıda fərqli açıqlama verə bilməz. O başqa məsələ ki, İranın Ermənistandakı səfirləri "Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir" fikrini səsləndirməkdən çəkinirlər".
Politoloq qeyd edib ki, Cavad Cahangirzadənin Azərbaycanda fəaliyyət müddəti başa çatmaq üzrədir. Tehran onun yerinə yaxın müddətdə Bakıya başqa diplomatını səfir göndərəcək: "Gələn səfir də Dağlıq Qarabağla bağlı fərqli bir açıqlama verməyəcək. Ermənistandakılar şükür etsinlər ki, İranda yaşayan on milyonlarla azərbaycanlı bir ağızdan "Ermənistan işğal altındakı torpaqları boşaltmalıdır" tələbini səsləndirmirlər. Ancaq həmin gün də uzaqda deyil. Həmin gün yetişəndə "balanslaşdırılmış yanaşmadan" danışan İranın Ermənistandakı səfirləri belə İrəvanın imdadına çata bilməyəcəklər".
Füzuli
Olaylar.az