Atılan bütün addımlar və verilən qərarlar xalqımızın sağlamlığı üçündür -MÜSAHİBƏ-ÖZƏL
9 İyul 2020 12:35 SiyasətEldəniz Səlimov: "Kimliyindən, sosial, siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəs öz məsuliyyətini dərk etməlidir"
"İnsanlar öz məsuliyyətini dərk etmədikcə bizim bu bəladan daha çox əziyyət çəkəcəyimiz qaçılmazdır"
Artıq parlamentin yaz sessiyası başa çatdı. 6-cı çağırış Milli Məclisi əvvəlkilərdən fərqləndirən bir sıra məqamlar oldu. Onlardan biri də qanunverici orqanın ilk dəfə pandemiya şəraitində məhdud çərçivədə fəaliyyət göstərməsi idi. Bəs görəsən, qanunverici orqan yaz sessiyası müddətində nə dərəcədə fəal olub. Bu və ya digər suallarla Milli Məclisin deputatı Eldəniz Səlimovla söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə deputat ölkədəki hazırkı vəziyyət, koronavirusa qarşı mübarzə tədbirləri çərçivəsində görülən işlər və s. barədə danışıb.
- Eldəniz müəllim, artıq parlamentin yaz sessiyası başa çatdı. Pandemiya dövründə parlamentin fəaliyyətini necə xarakterizə edərdiniz?
-Hesab edirəm ki, dünyada və onun bir parçası olan ölkəmizdə yaşanan çətin, üzücü pandemiya dövrünə baxmayaraq, yeni formalaşdırılan parlament, yeni tərkibli və yeni ruhlu 6-cı çağırış Milli Məclis kifayət qədər səmərəli, effektiv və məhsuldar işləyə bildi. Milli Məclis demək olar ki, bütün baş verən proseslərə, hadisələrə, dövlət başçısı tərəfindən həyata keçirilən siyasətə, islahatlar kursuna vaxtında və zamanında çevik reaksiya nümayiş etdirdi. Bundan əlavə qeyd etmək istərdim ki, bizlər üçün bu çətin günlərdə öncəliyimiz vətəndaşlara, xalqımıza xidmət etməkdir.
-Bir deputat kimi öz fəaliyyətiniz Sizi qane etdimi və karantin günlərimdə seçicilərlə təmaslarınızı necə qurdunuz?
-Karantin dövrünün məhdudiyyətlərinə baxmayaraq, qeyd olunan ərəfədə deputatlıq fəaliyyətimin qənaətbəxş olduğunu düşünürəm. Seçicilərimlə mütəmadi olaraq onlayn görüş və qəbullar keçirərək onların problemlərinin həlli yolunu tapmaq üçün çalışmışam və çalışıram. Bununla belə hesab edirəm ki, fəaliyyətim barədə ən düzgün və obyektiv rəyi seçicilərim verə bilər.
- Hazırkı vəziyyətdə ölkədə koronavirusa qarşı mübarizə necə aparılır?
-Cənab Prezidentimizin özünün də qeyd etdiyi kimi qabaqlayıcı tədbirlər sayəsində və verdiyi tapşırıqlar əsasında virusun yayılma sürəti digər inkişaf etmiş ölkələrə nisbətdə xeyli azdır və bu tədbirlər vaxtında görülməsəydi, bu gün koronavirusla mübarizədə çox böyük problemlərlə üzləşə bilərdik. Təbii ki, atılan bütün addımlar və verilən qərarlar xalqımızın sağlamlığı üçündür. Vətəndaşlarımıza da müraciətimiz odur ki, hazırki vəziyyətin ciddiliyini dərk edərək məsuliyyətli davransınlar. Hər kəs tibbi maskadan istifadə etməli və ara məsafəsini qorumalıdır. Kimliyindən, sosial, siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəs öz məsuliyyətini dərk etməlidir. İnsanlar öz məsuliyyətini dərk etmədikcə bizim bu bəladan daha çox əziyyət çəkəcəyimiz qaçılmazdır. Çünki bu, hər bir fərdin özünün cəmiyyət üçün önəmini ortaya qoyan məsələdir. Cəmiyyətimizin, toplumun gələcəyi naminə insanların daha da ciddi örnək göstərməsi olduqca vacibdir. Bütövlükdə hər kəsə təpki göstərilməli, eyni zamanda, onlarla qanunun sərt üzü ilə rəftar edilməlidir. Hər kəs öz çevrəsi üçün nümunə olmalıdır. Bunun üçün isə adi qaydalara əməl etmək əsas şərtdir. Maska taxmaq, sosial məsafəni qorumaq və dezinfeksiya məhsullarından istifadə etməklə özünüzü və ətrafdakıları qorumuş olacaqsınız. Hesab edirəm ki, sərtləşdirilmiş karantin rejimi və tədbirlər də öz müsbət təsirlərini göstərəcəkdir.
-Həyata keçirilən bütün tədbirlər bir daha onu deməyə əsas verir ki, dövlət və dövlət başçısı üçün indiki vaxtda əsas prioritet insanların sağlamlığıdır?
-Ümumiyyətlə ölkə başçısının pandemiya ilə mübarizəyə həssas yanaşması da onun təsirlərini maksimum dərəcədə önləmək, xalqımızın və dövlətimizin sosial rifahını yüksək səviyyədə və daha operativ təmin etmək arzusundan irəli gəlir. Cənab Prezident dəfələrlə vurğulamışdır ki, dövlətimizin siyasətinin mərkəzində məhz vətəndaşlarımızın rifahı durur. Təsadüfi deyil ki, cənab Prezident pandemiya ilə mübarizə məqsədilə Birləşmiş Millətlər Təşkilatının xüsusi sessiyasının çağırılması təşəbbüsünü göstərmiş və bu təşəbbüsə 130-a yaxın dünya dövləti müsbət yanaşmaqla yüksək qiymət vermişdir.
- Təsadüfi deyil ki, prezident də son müsahibəsində bu fakta diqqət çəkdi. Sİzcə bəzi məsuliyyətsiz vətəndaşlarımız dövlət başçısının fikirlərindən nəticə çıxaracaqlarmı?
-Cənab Prezidentimiz İlham Əliyev Konstitusiyaya uyğun olaraq qanun qarşısında hər kəsin bərabər olduğunu qeyd edibsə, bu, müzakirə obyektinə çevrilə bilməz. Təbii ki, sərtləşdirilmiş cəzalar hər bir qanunpozucusu üçün dərs olacaqdır.
-Dövlət başçısının bu günlərdə televiziya kanallarına verdiyi müsahibədə diqqət çəkən məqamlardan biri də Aprel döyüşlərini xatırlatması oldu. Sizcə, bu həm işğalçı Ermənistan, həm də onun havadarları üçün ciddi bir mesaj olacaqmı?
- Aprel döyüşləri, təbii ki, Ermənistan üçün göz dağıdır. İşğalçı Ermənistanın yürütdüyü siyasətə görə məsələnin illərdir ki, sülh yolu ilə həlli mümkün olmur. Aprel döyüşləri isə aşkar şəkildə göstərdi ki, dünya miqyasında 50 ən güclü ordu sırasında olan Azərbaycan ordusu istənilən zaman işğal edilmiş torpaqlarımızı geri qaytara bilər. Ordumuz daim Ali Baş Komandan İlham Əliyevin əmrini gözləyir.
- Pandemiya səbəbindən ciddi ziyan görsək də, sosial və iqtisadi layihələrin davam etdiriləcəyi anonsu onu deməyə əsas verirmi ki, Azərbaycanda sosial problemlərin həlli əsas prioritet təşkil edir və ölkəmiz qarşısında qoyduğu bütün vəzifələri yerinə yetirmək gücündədir?
-Azərbaycan daim inkişaf edir. Bunun üçün dövlətimizin bütün resursları var. Sosial problemlərin həlli yalnız pandemiya dövründə deyil, bütün dövrlərdə prioritet olmuş və dövlətimiz bu yöndə bütün gərəkli addımları atmışdır. Dünya dövlətlərinin müxtəlif sərt məhdudlaşdırıcı tədbirlər gördüyü, əksər layihələrin təxirə salındığı, hətta ləğv edildiyi bir vaxtda Cənab Prezidentin sosial və iqtisadi layihələrin davam etdiriləcəyini bildirməsi sosial məsələlərə ölkə başçısının verdiyi önəmi göstərir. Əlbəttə ki, bu, həm də, onun bir lider kimi özünə əminliyindən və dövlətimizin gücündən xəbər verir.
Həyata keçirilən bütün bu tədbirlər fonunda tam əminlikdə deyə bilərəm ki, sosial problemlərin həlli dövlət siyasətinin ana xəttini təşkil edir və ölkəmiz ən ağır şərtlər altında belə qarşısında qoyduğu bütün vəzifələri yerinə yetirməyə qadirdir.
Süleyman İsmayılbəyli