Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” tezisi VƏ VİRUSLA BAŞBAŞA QALAN DÜNYA

Sədaqət Vəliyeva: "Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi haqqında qərarın qəbul edilməsi Azərbaycan dövlətinin və xalqının adına yazılmış növbəti siyasi və diplomatik uğurdur"

Azərbaycan beynəlxalq münasibətlər sistemində ən yaxşı tərəfdaş, ən yaxın strateji müttəfiq statusu qazanan ölkələr sırasında qərarlaşıb. Bütün ölkələrlə, dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq edən Azərbaycan beynəlxalq təşkilatlarla da günün tələbləri və beynəlxalq münasibətlər sisteminə uyğun olaraq əlaqələr qurur, bu əlaqələri inkişaf etdirir. Maraqlıdır ki, Azərbaycanın bu mövqeyi, qarşılıqlı faydalı əməkdaşlıq münasibəti öz növbəsində  qarşı tərəfdən, dünya dövlətləri, müxtəlif beynəlxalq təşkilatlar və qurumlar tərəfindən də təqdir edilir, dəstəklənir. Bu təşkilatlar sırasında Birləşmiş Millətlər Təşkilatını xüsusi qeyd etmək yerinə düşər. Onsuz da yüksək səviyyədə olan BMT-Azərbaycan əlaqələri, münasibətləri bütün dünyanı bürüyən koronavirus pandemiyası dövründə daha da sıxlaşdı, genişləndi. Bu münasibətlərin dərinləşməsi, genişlənməsində isə təbii ki, Azərbaycanın təşəbbüskarlığı mühüm rol oynayır. Ötən müddət ərzində Azərbaycan dövləti və şəxsən dövlət başçısı İlham Əliyevin təşəbbüskarlığı ilə koronavirusa qarşı mübarizə məqsədiqlə bir neçə beynəlxalq tədbirin keçirilməsi deyilənlərin sübutudur.  Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Qoşulmama Hərəkatının zirvə görüşünü buna misal göstərmək mümkündür. Qeyd edək ki, koronavirusa qarşı mübarizəyə həsr olunmuş hər iki görüş BMT başda olmaqla, bütün beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirilib, təqdir olunub.

Hazırda koronavirus pandemiyasını aradan qaldırmaq qlobal miqyasda belə mümkün olmadığından beynəlxalq səviyyədə birgə əməkdaşlığa daha çox lüzum, ehtiyac duyulur. Təəssüf ki, Azərbaycan xaric olmaqla azsaylı dövlətlər, eyni zamanda təşkilatlar bu mövzuda təşəbbüskarlıq göstərirlər. Onu da qeyd etmək lazımdır ki, bu və ya digər təşkilatların, dövlətlərin göstərdiyi təşəbbüskarlıq da məhz Azərbaycanın, Azərbaycan dövlət başçısının bu istiqamətdə atdığı ilk addımdan sonra özünü göstərməyə başlayıb. Son bir neçə ay ərzində Azərbaycan Prezidenti İlham Əliyevlə müxtəfli səviyyələrdə görüşlərin keçirilməsi təşəbbüsləri bunun tərkib hissəsidir.

Qeyd etdiyimiz kimi, koronavirus pandemiyası hələ davam etdiyindən beynəlxalq səviyyədə daha sıx əməkdaşlığa, müxtəlif platformalarda mübarizə təbdirlərinin həyata keçirilməsinə ehtiyac var. Və bu dəfə də dünyanın, beynəlxalq təşkilatların koronavirusa qarşı mübarizədə həmrəyliyi təşəbbüsünü Azərbaycan dövləti və onun prezidenti Cənab İlham Əliyev irəli sürür.  Dövlət başçısının BMT-nin ən böyük siyasi təsisatlarından biri sayılan Qoşulmama Hərəkatının sədri kimi BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsü bu qəbildəndir. Qeyd edək ki, Azərbaycan Prezidentinin bu təşəbbüsü dünyanın 130-dan artıq ölkəsi tərəfindən dəstəklənib və yaxın vaxtlarda videokonfrans formatında belə bir zirvə görüşünün keçirilməsi nəzərdə tutulur. Hazırda sözügedən görüşün detalları müzakirə predmetidir. Elə bu günlərdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin BMT-nin Baş katibi Antonio Quterreşə telefonla zəng etməsi bunun təsdiqidir. Məlumat üçün qeyd edək ki, telefon danışığı əsnasında Prezident İlham Əliyev bildirib ki, Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizədə Baş katibin və BMT-nin səylərini, o cümlədən çoxtərəfli əməkdaşlığı dəstəkləyir.

Dövlət başçısı COVID-19 pandemiyasına qarşı mübarizə məqsədilə Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə, 30-dan çox ölkəyə isə humanitar və maliyyə yardımı ayırdığını qeyd edib. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri statusunda üzv dövlətlər adından BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının çağırılması barədə müraciətinə qısa müddətdə cavab verdiyinə görə Baş katibə təşəkkürünü çatdırıb və BMT-nin 130-dan çox üzv dövlətinin bu təşəbbüsü dəstəklədiyini vurğulayıb.

Dövlət başçısı BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının çağırılmasında Baş katibin liderliyinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Prezident İlham Əliyev xüsusi sessiyanın keçirilməsi ilə əlaqədar texniki-logistik məsələlərin həllində Azərbaycanın öz töhfəsini verməyə hazır olduğunu bildirib.

BMT-nin Baş katibi Antonio Quterreş telefon zənginə görə Prezident İlham Əliyevə təşəkkür edib. Baş katib BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü dəstəklədiyini qeyd edərək, texniki-logistik məsələlərin həlli ilə əlaqədar BMT-nin Azərbaycan tərəfi ilə birlikdə işləməyə hazır olduğunu deyib. Eyni zamanda, Baş katib Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün fəal surətdə çalışdığını bildirib.

Prezident İlham Əliyev və Baş katib Antonio Quterreş telefon danışığında əminliklərini ifadə ediblər ki, keçiriləcək xüsusi sessiya COVID-19 pandemiyasına qarşı mübarizədə önəmli addım olacaq.

Azərbaycanın koronavirus pandemiyası dövründəki təşəbbüskarlığı, bu təşəbbüskarlığın beynəlxalq aləm, BMT tərəfindən təqdir edilməsinə toxunan Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, bu gün dünya üçün ən aktual məsələ Prezident İlham Əliyevin "Biz birlikdə güclüyük" tezisidir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi haqqında qərarın qəbul edilməsi Azərbaycan dövlətinin və xalqının adına yazılmış növbəti siyasi və diplomatik uğurdur: "Xüsusi sessiyanın keçirilməsi üçün Prezident İlham Əliyev tərəfindən irəli sürülmüş təşəbbüsün 130-dan artıq ölkənin dəstəkləməsi isə xüsusi haldır. Hər kəsin xatirindədir ki, 2011-ci ildə də Azərbaycanın BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi üçün ölkəmizin namizədliyini 155 dövlət dəstəkləmişdi. Bütün bunlar Azərbaycanın dünyanın siyasi xəritəsində nə qədər böyük nüfuza malik olduğunun göstəricisidir. Dünyanın hazırki pandemiya dönəmində birləşməyə, vahid "düşmənə" qarşı birgə döyüşməyə ehtiyacı var. Tarixin acı nəticələri var. Hamımız bilirik ki, təxminən 100 il öncə də bu cür pandemiya dünyanı lərzəyə gətirmişdi. O zaman da hər bir ölkə özünütəcrid siyasəti yürütdü, təkbaşına mübarizə aparmağa çalışdı. Lakin sonda nəticə çox acınacaqlı oldu. Dünyanın 500 milyon sakini İspan qripinə yoluxdu. Yoluxanların 100 milyonu isə pandemiyanın qurbanı oldu. Bu virus dünyadan Maks Veber kimi dahini də aldı. Yəni, demək istədiyim odur ki, pandemiya ilə təkbaşına mübarizə aparmaq mümkün deyildir. Ona görə də, bu gün dünya üçün ən aktual məsələ Prezident İlham Əliyevin "Biz birlikdə güclüyük" tezisidir. Bu kontekstdən yanaşdıqda Prezident İlham Əliyevin qlobal təşəbbüsü həm dünya dövlətləri və xalqlarına hava-su kimi vacib olduğu üçün, həm də Onun şəxsinə olan yüksək hörmətə görə beynəlxalq birlik tərəfindən birmənalı şəkildə dəstəkləndi".

Milli Məclisin deputatı qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü bütün dünya dövlətlərinin və xalqlarının koronovirus pandemiyasından xilasına hesablanıb: "Bu fikrin çox sadə bir formada izahı var. Birincisi, koronovirus pandemiyasının elan olunduğu ilk aylarda dünyada güclü özünütəcrid siyasəti müşahidə edildi. Bu isə virusun daha geniş yayılmasına və hər bir dövləti, xalqı ayrı-ayrılıqda yaxalamağa başladı. Yəqin ki, hər kəs xatırlayır, necə mart-aprel aylarında ABŞ-da, İtaliyada, İspaniyada, Almaniyada, Fransada və başqa ölkələrdə günə 8-10 min insan ölürdü. Bu, bir həyəcan siqnalı idi ki, dünyanın öndə gedən ölkələri bunu duymalı idilər. Lakin çox təəssüflər olsun ki, biz dünyanın siyasi və iqtisadi gündəliyini müəyyənləşdirən ölkələrdən bu təşəbbüsü görmədik. İkincisi, hazırda dünyanın 180-dən artıq ölkəsi koronavirus pandemiyasının əsarətindədir. Məhz, bu 180 ölkənin içərisində elə dövlətlər var ki, çox aciz durumdadırlar. Həmin ölkələrdə nəinki su, qida, hətta dərman preparatları tapılmır, xəstələri müalicə edəcək ixtisaslaşmış həkimləri yoxdur. Üçüncüsü, pandemiya ilə mübarizə aparmaq üçün lazım olan dərman preparatlarını, tibbi avadanlıqları istehsal edən ölkələrin bir çoxu eqoist mövqe nümayiş etdirir. Dərmana, avadanlıqlara ehtiyacı olan ölkələrə onları satmırlar. Bu, bir tərəfdən öz xalqını qorumaq, ən riskli vəziyyətə hazır olmaq baxımdan anlaşılandırsa, digər tərəfdən ümumbəşəri dəyərlər kontekstindən düzgün deyil. Dördüncüsü, qlobal yardımlaşma və paylaşma ilə bağlı məqamdır. Bu gün dünyanın ən inkişaf etmiş ölkələri imkanları olduğu təqdirdə belə çətin vəziyyətdə olan ölkələrə yardım etmirlər. Lakin Azərbaycan bu günə qədər 30-dək dövlətə, 3 beynəlxalq təşkilata yardım edib. Bununla da qlobal səviyyədə nümunə kimi qəbul ediləcək addım atıb. Məhz, Prezident İlham Əliyevin təşəbbüsü qlobal yardımlaşma və paylaşma fəlsəfəsini özündə əks etdirir. Təsəvvür edin ki, bir gün koronavirus əleyhinə vaksin tapıldı və imkanlı, inkişaf etmiş ölkələr öz xalqları üçün aldılar, onları sağaltdılar. Bəs, yerdə qalan kasıb, imkanı olmayan xalqlar, dövlətlər? Bu gün Afrikada, Asiyada, Cənubi Amerikada ölkələr var ki, pandemiya qurbanları üçün tabut belə çatdıra bilmirlər. Bütün bunlar çox ciddi siqnallardır ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək BMT Baş Assambleyasının xüsusi sessiyasında göstərilən hallarla bağlı dünyanın gələcəyi ilə əlaqədar əhəmiyyətli qərarlar verilə bilər".

Sədaqət Vəliyeva deyib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək BMT Baş Assambleyasının xüsusi sessiyasından sonra etiraz etmiş, müqavimət göstərmiş Ermənistan və "beşinci kolon" rəzil vəziyyətə düşəcəklər, bir daha irticaçı mövqe tutmaları aydınlaşmış olacaq.

Füzuli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31