Danışıqlar mahiyyəti üzrə aparılmalıdır- MÜNASİBƏT

Prezident İlham    Əliyevin dediyi kimi, əks halda, mənasız danışıqların aparılmasına heç bir ehtiyac qalmayacaq

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev bir qayda olaraq bütün çıxışları, beynəlxalq və yerli səviyyədə keçirdiyi görüşlər, həmçinin kütləvi informasiya vasitələri, televiziyalara verdiyi müsahibələrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq həm beynəlxalq birliyi, həm də işğalçı Ermənistanı problemin həllində qətiyyətli addımlar atmağa çağırıb, münaqişənin yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və işğal altında olan ərazilərimizin işğaldan azad olunması çərçivəsində mümkünlüyünü qeyd edib. Bu günlərdə bir neçə yerli televiziya kanalına verdiyi müsahibədə də dövlət başçısı əsas diqqəti məhz Dağlıq Qarabağ probleminə yönəldib. Prezident bildirib ki,  Azərbaycan dövləti olaraq Dağlıq Qarabağ probleminin həlli ilə bağlı məsələdə bizim mövqeyimizdə hər hansı bir dəyişiklik yoxdur, ola da bilməz. Çünki bizim mövqeyimiz haqq-ədalət mövqeyidir: "Bizim mövqeyimiz həm tarixi ədalətə, eyni zamanda, beynəlxalq hüquqa əsaslanır. Mənim bu məsələ ilə bağlı kifayət qədər açıqlamalarım olub, o cümlədən beynəlxalq tədbirlər çərçivəsində və bunu artıq bilməyən yoxdur. Ona görə bizim mövqeyimizdə hər hansı bir dəyişiklik mümkün deyil, münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək. İşğal edilmiş bütün torpaqlar işğalçılardan azad edilməlidir, Azərbaycan vətəndaşları öz dədə-baba torpaqlarına qayıtmalıdırlar. Bu, prinsipial mövqedir və dünya birliyi bu mövqeyi dəstəkləyir". Dövlət başçısı münaqişənin həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk Qrupunun da bu prosesdə aktiv rol oynamasının vacibliyini qeyd edib.  Dövlət başçısı həm beynəlxalq aləm, həm münaqişənin həlli ilə məşğul olan Minsk Qrupu, həm də işğalçı Ermənistana bir növ növbəti xəbərdarlıq da etmiş olub: "Biz öz mövqeyimizdə möhkəm dayanmışıq, haqq-ədalət bizim tərəfimizdədir. Biz haqlı olmağımızı həm beynəlxalq arenalarda göstərmişik, həm də döyüş meydanında və heç kimin Aprel döyüşləri yadından çıxmasın".

Əksər ekspertlər, o cümlədən parlamentarilər də qeyd edirlər ki, düşmən ölkə və onun havadarları Azərbaycan Prezidentinin bu mesajından nəticə çıxarmalıdırlar. Məsələ ilə bağlı fikirlərini ifadə edən Milli Məclisin deputatı Anar Məmmədov deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində bütün dövlətlər və beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini dəstəkləyir. Onun sözlərinə görə, Ermənistan isə qeyri-konstruktiv yanaşmasından hələ də əl çəkə bilmir: "Dağlıq Qarabağ problemi beynəlxalq ictimaiyyətin diqqət mərkəzində saxladığı prioritet məsələlərdəndir. Münaqişə yaranan vaxtdan bir sıra nüfuzlu beynəlxalq təşkilatlar problemin aradan qaldırılmasında Azərbaycanın mövqeyini dəstəkləyib. Söz yox ki, bəzi beynəlxalq qurumlar hələ də bu məsələdə ikili standartlardan əl çəkmək istəmirlər. Lakin Azərbaycanın yeritdiyi məntiqli xarici siyasət sayəsində həmin qurumlar beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsini hiss etdikcə əsl həqiqəti etiraf etmək məcburiyyətində qalırlar. Onu da qeyd edim ki, dövlət başçımız cənab İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar keçirdiyi bütün görüşlərdə problemin yalnız ölkələrin ərazi bütövlüyünün bərpası çərçivəsində həllini mümkün hesab edir".

Deputat bildirib ki, iyulun 6-da Azərbaycan Prezidenti İlham Əliyev Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında BMT Təhlükəsizlik Şurasından xüsusi mandat almış ATƏT-in Minsk qrupu və onun həmsədrlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün lazımı addımların atılmadığını və problemin indiyə kimi həll olunmamasını diqqətə çatdırdı: "Ölkə başçısının sözlərinə istinad olaraq çox təəssüflə qeyd etmək istəyirəm ki, yarandığı vaxtdan etibarən ATƏT-in Minsk qrupunun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, suverenliyinin bərpasının zəruriliyi bildirilsə də, indiyə qədər bu qurumun fəaliyyəti sülh prosesində arzu olunan nəticəni verməyib. ATƏT çərçivəsində yaradılan Minsk qrupu və bu qrupa rəhbərlik edən ABŞ, Fransa və Rusiya kimi böyük dövlətlər münaqişənin dondurulmuş şəkildə qalmasında məsuliyyət daşımayıb və təcavüzkara qarşı heç bir təzyiq göstərmək niyyətində olmayıblar. Bununla yanaşı, münaqişədə Ermənistanın Azərbaycana təcavüzündən birbaşa danışmadan, qəbul edilən sənədlərdə bu barədə heç nə demədən münaqişənin ədalətli həlli yolunda müsbət irəliləyişə nail olmaq çətindir. Eyni zamanda təcavüzkar Ermənistana qarşı heç bir əməli tədbirin görülməməsi ATƏT-in nüfuzuna xələl gətirməklə bərabər, onun tərkibində yaradılan Minsk qrupuna olan ümidləri də heçə endirir. Görünür ATƏT-in müvafiq strukturları heç cür azərbaycanafobiya halını almış Azərbaycana qarşı antipatiyasını gizlədə bilmir. Bunun əsas səbəblərindən biri yəqin ki hazırda Qərbdə sürətlə vüsət alan islamofobiyadır. Deyəsən bəziləri bu qurumu sırf "xristian klubu" kimi görmək istəyindədirlər. "Beyin iflici" keçirən Qərbin özünün məhsulu olan Suriya və Liviyadakı vəziyyətdən sonra yaranmış miqrasiya problemi zamanı islamofobiyanı aydın şəkildə sezmək mümkündür".

Deputat vurğulayıb ki, istər Ermənistan tərəfi, istərsə də ATƏT-in Minsk qrupunun həmsədrləri anlamalı və yadda saxlamalıdır ki, nə Azərbaycan, nə də beynəlxalq ictimaiyyət ərazilərin qanunsuz işğalı və etnik təmizləmənin nəticələrini tanımayacaqdır: "Buna görə də Minsk qrupu hər il nümayiş etdirdiyi kimi passiv fəaliyyət göstərməməli, əksinə, işğalçı ölkə olan Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir".

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyevanın sözlərinə görə, dünya ictimaiyyətinə yaxşı məlumdur ki, Ermənistan Azərbaycan torpaqlarının bir hissəsini işğal edib və uzun illərdir ki, işğalçılıq siyasətini davam etdirir: "İşğal faktı nəticəsində Azərbaycanda bir milyondan çox insan öz doğma yurdlarında yaşamaq hüququndan məhrum edilib. Bu işğal siyasətinin davam etməsi qəbulolunmazdır".

Deputat deyib ki, müəyyən dairələr Ermənistan haqqında "demokrat obrazı yaratmağa çalışır. Bu isə yolverilməzdir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin iyulun 6-da yerli televiziyalara müsahibəsində qeyd etdiyi kimi,  Ermənistanda insan haqlarının və demokratiyanın pozulması bu günün işi deyil: "Dövlətimizin başçısı bildirib ki, Ermənistanda heç vaxt demokratiya olmayıb. Ermənistan hələ müstəqil ölkə kimi formalaşandan dərhal sonra öz əsl xislətini göstərdi. Xocalı soyqırımını törədən faşistlər demokrat ola bilməzlər. Başqasının torpağına göz dikən, bir milyon insanı evsiz-eşiksiz qoyan ölkə demokrat ola bilməz. Onlar bir milyon Azərbaycan vətəndaşının və Ermənistanda yaşayan azərbaycanlıların elementar insan haqlarını pozublar. Cənab Prezidentin qeyd etdiyi kimi, ermənilərə himayədarlıq edənlər, ilk növbədə, erməni lobbisi, onun pulları, ondan sonra Ermənistan hökumətinin Avropada çirkin lobbiçilik fəaliyyəti onları həmişə bu tənqiddən qoruyurdu. Əslində, bu, lobbiçilik fəaliyyəti deyil, bu, korrupsiya fəaliyyətidir. Ermənistanın qeyri-konstruktivliyi o həddədir ki, Azərbaycan Prezidentinin koronavirusla mübarizəyə həsr olunmuş BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünə qarşı çıxıb. Dövlətimizin başçısının dediyi kimi, bunun əsas səbəbi Ermənistanda hökm sürən və dövlət tərəfindən təbliğ edilən Azərbaycanafobiyadır, Azərbaycan dövlətinə, Azərbaycan xalqına nifrətin təzahürüdür. Ancaq Ermənistan özü-özünü çox pis vəziyyətə qoydu, özünü dünyadan təcrid etdi. Çünki bu təşəbbüsün əleyhinə çıxmaq ağılsızlıqdır və qeyri-rasional düşüncənin məhsuludur".

Millət vəkili həmçinin deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə BMT-nin Baş katibi Antonio Quterreşin arasında  telefon danışığında da dövlətimizin başçısının təşəbblüsü yüksək dəyərləndirilib: "Belə ki, telefon danışığı əsnasında Prezident İlham Əliyev bildirib ki, Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizədə Baş katibin və BMT-nin səylərini, o cümlədən çoxtərəfli əməkdaşlığı dəstəkləyir. Dövlətimizin başçısı BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının çağırılmasında Baş katibin liderliyinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. BMT-nin Baş katibi Antonio Quterreş bir daha BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü dəstəklədiyini qeyd edərək, texniki-logistik məsələlərin həlli ilə əlaqədar BMT-nin Azərbaycan tərəfi ilə birlikdə işləməyə hazır olduğunu deyib. Prezident İlham Əliyev və Baş katib Antonio Quterreş telefon danışığında əminliklərini ifadə ediblər ki, keçiriləcək xüsusi sessiya COVID-19 pandemiyasına qarşı mübarizədə önəmli addım olacaq. Bu faktın özü Azərbaycanın təşəbbüsünə qarşı çıxanlara tutarlı cavabdır.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə gəlincə, Sevinc Fətəliyeva qeyd edib ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır: "Azərbaycanın bu məsələdə prinsipial mövqeyi dəyişməzdir.  Cənab Prezidentin qeyd etdiyi kimi, bizim mövqeyimiz haqq-ədalət mövqeyidir, həm tarixi ədalətə, eyni zamanda, beynəlxalq hüquqa əsaslanır. Ona görə də mövqeyimizdə hər hansı bir dəyişiklik mümkün deyil. Dövlət başçısı bir daha bəyan edib ki, münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək. İşğal edilmiş bütün torpaqlar işğalçılardan azad edilməli, Azərbaycan vətəndaşları öz dədə-baba torpaqlarına qayıtmalıdırlar. Azərbaycan danışıqlar prosesinin imitasiya xatirinə aparılmasını qəbul etmir. Danışıqlar mahiyyəti üzrə aparılmalıdır. Cənab Prezidentin dediyi kimi, əks halda, mənasız danışıqların aparılmasına heç bir ehtiyac qalmayacaq. ATƏT-in Minsk qrupunun həmsədrləri bütün bunlardan nəticə çıxarmalı, görüntü xatirinə vasitəçilik etməməli, işğalçı Ermənistanı öz adı ilə çağırmalıdır".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31