Hər kəs qanun qarşısında bərabərdir- MÜSAHİBƏ-ÖZƏL
8 İyul 2020 11:46 SiyasətAzər Badamov: "Prezidentin qeyd etdiyi kimi, kim karantinin tələblərini pozursa ciddi cəzalanmalıdır"
Nə qədər çətin olsa da, Azərbaycan dövləti bütün dünyanı bürüyən pandemiya dövründə də öz inkişaf yolunu davam etdirir, bu və ya digər sahələrdə müəyyən cüzi də olsa uğurlar, nailiyyətlər əldə edir. Çünki hazırkı situasiyada istənilən dövlətin hər hansı bir sahədə az miqdarda belə inkişafa, tərəqqiyə nail olması ciddi amildir. Bu baxımdan Azərbaycan da xüsusi seçilir. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin bir neçə yerli televiziya kanallarına verdiyi müsahibədən də aydın görünür ki, Azərbaycan bütün çətinlik, təhdid və təhlükələrə baxmayaraq öz inkişaf yolunu davam etdirib. Dövlət başçısının sözügedən müsahibə zamanı verdiyi bir sıra mühüm mesajlar, vətəndaşlarımıza yönəlik tövsiyələr də diqqət çəkicidir. Biz də Milli Məclisin deputatı Azər Badamovla dövlət başçısının məlum müsahibə zamanı istər Azərbaycan cəmiyyəti, istər beynəlxalq aləm, istərsə də işğalçı Ermənistana ünvanladığı vacib mesajlar ətrafında söhbət etdik. "OLAYLAR"-a verdiyi müsahibədə Azər Badamov Milli Məclisin yaz sessiyasının fəaliyyəti, pandemiya dövründə seçiciləri ilə hansı formada əlaqələr qurub, onların problem və qayğılarını dinlədiyi barədə danışıb.
- Azər müəllim, artıq parlamentin yaz sessiyası başa çatdı. Pandemiya dövründə parlamentin fəaliyyətini necə xarakterizə edərdiniz?
-Parlamentin yaz sessiyası qeyri-adi bir şəraitdə fəaliyyət göstərdi. Sessiyaya başlayan ilk gündən qlobal pandemiya ilə əlaqədar yeni qaydada iş rejimi həyatımıza girdi. Tarixdə ilk dəfə olaraq parlament komitələrinin iclasları online qaydada keçirildi. Plenar iclasları tibbi maskada, sosial məsafə qaydalarına riayət olunmaqla işlədik. Həmkarlarımız arasında təmas demək olar ki, olmadı. Hətta yeni seçilmiş həmkarlarımızı yaxından şəxsi təmasla yox, hamı kimi çıxışları və aktivliyi ilə tanıya bildik. Parlamentin karantin dövrünün tələblərinə uyğun fəaliyyət göstərməsinə baxmayaraq ilk iclasımızda prezident İlham Əliyevin çıxışında yeni parlamentin fəaliyyətinə tövsiyə xarakterli səsləndirdiyi tezisləri qanunverici orqan yüksək səviyyədə icra etdi. Müzakirələrə təqdim olunmuş qanun layihələri geniş müzakirə olunaraq günün çağırışlarına uyğunlaşdırıldı. Hökumətin, Hesablama Palatasının, İnsan Alverinə Qarşı Mübarizəsi üzrə Milli Koordinatorun, bələdiyyələrin fəaliyyətina inzibati nəzarəti həyata keçirən orqanın hesabatları dinlənildi, 2019-cu il dövlət büdcəsinin icrasına münasibətimizi bildirdik. Beləliklə demək olar ki, Milli Məclisin yaz sessiyası daha çox aktiv fəaliyyətilə yadda qaldı.
- Bir deputat kimi öz fəaliyyətiniz sizi qane etdimi və karantin günlərində seçicilərlə təmaslarınızı necə qurdunuz?
-Biz də fəaliyyətimizi günün tələblərinə uyğunlaşdırdıq. Görüşlərimizin sayını azaltdıq. Qəbullarımızı tibbi maskada , sosial məsafə gözlənilməklə və yaxud da telefonla keçirdik. Müvafiq mərkəzi icra hakimiyyəti orqanlara seçicilərin müraciətlərinə əsasən sorgular göndərdik. Yerli icra orqanları ilə müəyyən məsələləri həll etdik. Ən əsası da keçən ildən yarımçıq qalmış Həzrə-Sudur yolunun yenidən qurulması layihəsinin fəaliyyəti bərpa olundu və hal-hazırda tikintisi davam edir. Çoxlu həlli gözlənilən məsələlər də var ki, açıq qalmışdır. Təbii ki, mövcud vəziyyət fəaliyyətdə istədiyin effekti vermir. Amma bütün bunlara baxmayaraq çalışdım ki, deputatlıq fəaliyyətimi səlahiyyətim çərçivəsində maksimum dərəcədə icra edim.
-Hazırkı vəziyyətdə ölkədəki durumu necə xarakterizə edirsiniz və koronavirusa qarşı mübarizə necə aparılır?
Hazırkı vəziyyətdə ölkədəki durumun qlobal pandemiyanın tələblərinə uyğunlaşdırıldığı qənaətindəyəm. Cənab president ilk gündən qeyd etmişdi ki, biz iki amil qarşısında seçim etməliyik. Birincisi, ölkədə iqtisadi fəallığın saxlanılması, ikincisi isə insanların sağlamlığının qorunması. Təbii ki, biz ikinci amili seçdik və görülən bütün işlər insanların sağlamlığının qorunması naminə icra olunur. Nazirlər Kabinetinin yanında Operativ Qərargah və Koronavirusa qarşı Mübarizə Fondu yaradıldı, ölkəmizə yeni labratoriyalar gətirildi, xəstəxanalar koronavirus infeksiyasına yoluxmuş insanların müalicəsinə yönləndirildi, tibbi maska və qoruyucu vasitələrin istehsalı sahələri fəaliyyətə başladı, yeni modul xəstəxanaların tikintisinə başlanıldı. Nəticədə səhiyyəmiz pandemiyanı nəzarətdə saxlaya bildi.
-Görünən odur ki, dövlətin həyata keçirdiyi tədbirlərə rəğmən virusun yayılma tempi aşağı düşmür. Bu vəziyyətdə vətəndaşlarımız nə dərəcədə günahkardır?
Əslində pandemiya elan olunanda ölkədə tətbiq olunmuş birinci sərt karantin rejimi virusun yoluxma zəncirini qırmışdı. Nəticələr çox müsbət idi. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanı dünyaya nümunə gətirirdi. Amma karantin rejiminin yumşaldılması insanlar arasında sosial mısafəni gözləməmək kimi mənfi hallara yol açdı. Baxmayaraq ki, hamı tibbi maska taxmalıydı, sosial məsafə gözləməli idi, təəssüf ki, insanlarımız bu işə məsuliyyətsiz yanaşdı. Özlərini nizam-intizamlı aparmadı. Tələblərə riayət olunmadı. Nəticəsi isə göz qabağında. Gündəlik yoluxmaların sayı 500-in üstünə çıxdı. Yenidən sərt karantin rejiminin tətbiqini zəruri etdi. Müəyyən məsuliiyyətsiz insanların üzündən bütün cəmiyyət əziyyət çəkməli oldu. Son günlərin dinamikası infeksiyaya yoluxmaların yenidən stabilləşdiyini deməyimizə imkan verir. Bu çox ciddi məsələdir və hamı ciddi qəbul etməlidir. Olmasa infeksiya hər ailəyə girə bilər və bizim məsuliyyətsizliyimizdən yaxınlarımız, doğmalarımız bizi qoyub gedə bilər . Ona görə də hamı tibbi maska taxmalı, sosaial məsafə saxlamalı və şəxsi gigiyenasını gözləməlidir. Koronavirus infeksiyasına qarşı peyvənd tapılana qədər biz bu tələblərlə yaşamağa öyrəşməliyik və dərk etməliyik.
- Prezident eyni zamanda hər kəsin qanunlar qarşısında bərabər olduğunu qeyd etdi. Bu bəzi qanun pozucuları üçün dərs olacaqmı?
Hər kəs qanun qarşısında bərabərdir. Prezidentin qeyd etdiyi kimi, kim karantinin tələblərini pozursa ciddi cəzalanmalıdır. Karantin rejiminin tələblərinə məhəll qoymayaraq otellərdə, hovuzlarda öz kefində olan şəxslərə qarşı polisin keçirdiyi tədbirlər alqışlanmalıdır. Qaydaları vecinə almayan belə şəxslər qanunun ən ağır cəzaları ilə cəzalanmalıdır ki, nəticə çıxarsın. Hətta lazım gələrsə belə cinayət məcəlləsi ilə cəzalandırılmalıdır ki, digər belə fikirli insanlar da öz əməllərindən çəkinsin.
- Ümumiyyətlə prezident hər bir zaman çıxışlarında, müsahibələrində Ermənistana mesaj göndərir və son müsahibədə də dedi ki, Aprel döyüşləri Ermənistan üçün dərs olmalıdır. Bu həm də dünya birliyinə bir mesaj sayıla bilərmi ki, Qarabağ probleminin həllində qətiyyətli addımlar atsınlar.
Prezident İlham Əliyev bütün çıxışlarında və beynəlxalq görüşlərində, debatlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunur və hər dəfə yeni tarixi faktlar ortaya qoyaraq əsil lider kimi düşmənin cavabını verərək yerində otuzdurur. Ermənilərin faşizm üzünü tarixi faktlarla ortaya qoyur, Ermənistanın işğalçılıq siyasətini darmadağın edir və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının yeganə yol olduğunu diqqətinə çatdırır. Məhz Kürəkçay müqaviləsi imzalananda ermənin bu ərazilərdə mövcud olmadığıını, Nijde Qareginə İrəvanda abidə qoymaqla faşizmin qəhrəmanlaşdırmaq siyasətinə xidmət etdiyini, Dağlıq Qarabağda törədilən soyqırımlar və 1 milyon insanın öz yurdlarından didərgin salınmasını, son 20 ildə oğru və quldur şəxslərin Ermənistana rəhbərlərlik etdiyini, Baş Nazirin diktator idarəetmənin yaratdığını və beynəlxalq təşkilatların erməni özbaşınalığına susqunluqla yanaşdığını İlham Əliyev hər dəfə öz çıxışlarında tənqid edir. Məhz president İlham Əliyevin ortaya qoyduğu sərt mövqeyinin göstəricisidir ki, dünya ictimaiyyəti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasının tərəfdarıdır.
- Pandemiya səbəbindən ciddi ziyan görsək də, sosial və iqtisadi layihələrin davam etdiriləcəyi anonsu onu deməyə əsas verirmi ki, Azərbaycanda sosial problemlərin həlli əsas prioritet təşkil edir və ölkəmiz qarşısında qoyduğu bütün vəzifələri yerinə yetirmək gücündədir?
-Ölkəmizdə son 16 ildə qurulmuş güclü iqtisadiyyat pandemiyanın ayaq açdığı belə çətin dövrdə də sosial layihələrin davam etdirilməsinə imkan verir. İlin əvvəlində nəzərdə tutulmuş sosial proqramlar artıqlamasıyla icra olunur. Bu il 7000 qaçqın ailəsi mənzillə təmin olunacaq, 1500 şəhid ailəsi və Qarabağ müharibəsi əlili üçün evlər tikiləcək. Sosial infrastrukturun tikintisi davam etdirilir. Dünyada yaşanan iqtisadi böhranın ölkəmizin iqtisadiyyatna təsiri olsa da, ilin əvvəlindən valyuta ehtiyatlarımız cəmi 98 milyon azalıb. İlin sonuna qədər nəzərdə tutulmuş bütün proqramların icra olunacağını və pandemiya böhranından ölkəmizin minimum itkilərlə çıxacağını düşünürəm.
Süleyman İsmayılbəyli