Koronavirus pandemiyası və inkişaf etmiş ölkələr ....

 Azərbaycanda ilk günlərdən qabaqlayıcı tədbirlər görüldü və vəziyyət nəzarətdə saxlanıldı

Koronavirus (COVİD-19)  yayılandan bəri dünya ölkələri vətəndaşlarını pandemiyadan az itki ilə çıxartmaq üçün öz strategiyasını müəyyən etməyə başlayıblar. Heç şübhəsiz ki, dövlətlər inkişaf səviyyəsindən, pandemiyaya yanaşma tərzindən asılı olaraq koronavirusa qarşı mübarizədə fərqli yanaşma metodlarını ortaya qoyublar. Azərbaycan hökuməti də pandemiyanın ilk günlərində qəbul etdiyi qərarlar və tətbiq etdiyi karantin rejimi nəticəsində vəziyyəti nəzarət altında saxlamağa nail olub. Prezdent İlham Əliyevin rəhbərliyi altında koronavirusa qarşı tələb olunan bütün tədbirlər həyata keçirilib. Pandemiyanın davam etməsini nəzərə alan dövlətlər hazırda da dünyanın ən böyük problemi olan koronavirus pandemiyasının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər görür, virusun təsirinin azaldılması üçün addımlar atırlar. Lakin görülən tədbirlərə baxmayaraq ən inkişaf etmiş dövlətlərdə belə koronavirus infeksiyasının yayılma sürəti səngiməyib. Azərbaycan dövləti isə əhalinin təhlükəsizliyi və sağlamlığının qorunması üçün effektiv, ən təxirəsalınmaz tədbirləri həyata keçirir. Bu olduqca təhlükəli virusdan Azərbaycan əhalisinin sağlamlığının qorunması, xalqımızın bu bəladan daha az itkilərlə xilas olması ilə bağlı görülən mühüm işlər uğurlu nəticələrini göstərməkdədir. Vaxtında atılan addımlar, verilən müdrik qərarlar, həyata keçirilən layihələr bir daha sübut edir ki, möhtərəm Prezidentimizin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır, xalqının rifahı onun üçün hər şeydən üstündür.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev televiziya kanallarına müsahibəsində də ölkədə hazırkı vəziyyət, koronavirusla mübarizə sahəsində görülən işlər və qarşıda duran vəzifələrlə bağlı fikirlərini açıqlayanda da məlum oldu ki, dövlət başçısı vətəndaşların sağlamlığını hər şeydən üstün tutur. Elə bu səbəbdən də ölkənin səhiyyə sisteminin hazır vəziyyətə gətitilməsi, xəstələrin müalicəsini təşkil etmək üçün yeni xəstəxanaların tikilməsini vacib hesab edir. Etiraf edilməlidir ki, koronavirusa yoluxmuş xəstələrin müalicəsi məqsədilə tez bir zamanda xəstəxanaların tikilməsi ölkəmizin hər bir fövqəladə hadisəyə hazır olduğunun göstəricisidir. Məlumat üçün qeyd edək ki, hazlrda  yeni yaradılmış modul tipli xəstəxanada 800 xəstənin yerləşməsi nəzərdə tutulur, yaxın müddətdə istifadəyə veriləcək daha bir modul tipli xəstəxana isə 1300 yerlik olacaq. Dövlət siyasətinin davamı olaraq əlavə on modul tipli xəstəxananın tikintisi nəzərdə tutulur. Hazırda ölkəmizin 45 xəstəxanasında koronavirus xəstələri müalicə alır ki, onlardan 36-sı son müddət ərzində inşa edilib. Ehtiyac yaranacağı təqdirdə isə daha 5 mindən çox xəstənin yerləşdirilməsi üçün potensial mövcuddur. Dövlət başçısı gələcəkdə də bu siyasətin davam etdiriləcəyinin anonsunu verib: "Bildiyiniz kimi, modul tipli 5 xəstəxana artıq fəaliyyətdədir. Bu xəstəxanaların tez bir zamanda inşa edilməsi onu göstərir ki, biz hətta seytnot vəziyyətdə lazımi addımları ata bilərik. Bildiyiniz kimi, heç bir ölkə bu pandemiyaya hazır deyildi. Bizim mövcud çarpayıların sayı adi rejimə hesablanmışdı. Ona görə, modul tipli xəstəxanaların tikintisi zəruri idi və biz bunu etdik. Bildiyiniz kimi, ikisi Bakıda, biri Sumqayıtda, biri Gəncədə, biri Abşeron rayonunda artıq fəaliyyətdədir və beşinin də tikintisi gedir. Hesab edirdik ki, on xəstəxana bizə kifayət edəcək. Ancaq görürük ki, əlavə xəstəxanalara ehtiyac olacaq. Ona görə, mən bu yaxınlarda göstəriş verdim ki, əlavə on modul tipli xəstəxana sifariş olunsun, onların yerləri müəyyən edilsin və biz ən kritik vəziyyətə hazır olmalıyıq. Əslində, modul tipli bu on xəstəxananın tikintisi ilə bağlı qərarı biz o vaxt vermişdik ki, xəstəliyin yayılması o qədər də geniş vüsət almamışdı. Həmin qərar aprel ayında verilmişdi, o vaxt gündə təqribən 30, 40, 50, 60 insan xəstələnirdi. Əlbəttə, qabaqlayıcı tədbirlərin görülməsi zəruri idi. Ancaq biz təxmin edə bilməzdik ki, xəstəlik necə inkişaf edəcək. Lakin ehtimal var idi və dünyada gedən proseslər onu göstərirdi ki, xəstələrin sayı arta bilər. Belə olan halda biz çıxılmaz vəziyyətdə qalar, bu xəstələri harada yerləşdirərdik? Ona görə o vaxt bu qərarın qəbul edilməsi düzgün addım idi. Bu gün yenə də modul tipli əlavə on xəstəxananın tikilməsi barədə qərar gələcəyə hesablanır. Ümumiyyətlə hazırda ölkəmizin 45 xəstəxanasında koronavirus xəstələri müalicə alırlar. Onu da bildirməliyəm ki, bu xəstəxanaların 36-sı mənim sərəncamımla son müddət ərzində inşa edilibdir. Təsəvvür etmək çətin deyil ki, əgər bu xəstəxanalar tikilməsəydi, indi biz hansı problemlərlə üzləşə bilərdik. Beləliklə, bu gün bizim hələ ki, kifayət qədər boş çarpayılarımız var. Ancaq biz hər bir vəziyyətə hazır olmalıyıq. Bildirməliyəm ki, bu il istifadəyə verilmiş "Yeni klinika"da hazırda 350 xəstə müalicə alır. Biz qısa müddət ərzində orada çarpayıların sayını 700-750-yə çatdıracağıq. Ona görə hesablamaq çətin deyil ki, əgər buna ehtiyac yaranarsa, biz qısa müddət ərzində 5 mindən çox xəstəni yerləşdirə biləcəyik - yəni, xəstəxanalarda 2100, modul tipli 15 xəstəxanada 3 min, "Yeni klinika"da əlavə 350".

Bəli, Azərbaycanın koronavirus pandemiyasına qarşı mübarizədə əldə etdiyi uğurları heç də təsadüfi hesab etmək olmaz. Dövlət başçısının tapşırığı ilə ölkədə  ilk günlərdən qabaqlayıcı tədbirlər görüldü və vəziyyət nəzarətdə saxlanıldı. Məhz bunun nəticəsidir ki, dünyada bir çox ölkələr yenidən məhdudlaşdırıcı tədbirlərə qayıdıldığı halda, Azərbaycanda karantin qaydaları vəziyyətdən asılı olaraq yumuşalmaya doğru gedir. Yeni növ koronavirusun yayılma sürəti deməyə əsas verir ki, heç bir ölkə tam şəkildə özünü bu virusdan sığortalanmış hesab edə bilməz. Hazırda pandemiyadan ən çox əziyyət çəkən ölkələr elə inkişaf etmiş ölkələrdir.  Azərbaycanla əhalisi eyni olan bəzi inkişaf etmiş ölkələrdə yoluxanların sayı 60-70 mindir, ölənlərin sayı isə 10 min. Azərbaycanda müsbət nəticələrin əldə ediməsi o səbəbdən baş verir ki, pandemiyaya qarşı mübarizə tədbirləri ilə bağlı qərarlar qəbul olunarkən mövcud vəziyyət dərindən təhlil olunur, mütəxəssislərlə məsləhətləşmələr aparılır. Bu gün də ölkədə yoluxma sayının minimum endirilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Vətəndaşların müayinə və müalicəsi  məqsədilə yeni, müasir standartlara cavab verən tibbi avadanlıqlar, xüsusilə müasir laboratoriyalar gətirilir. Fevral ayında Azərbaycanda cəmi altı laboratoriya mövcud olduğu halda, hazırda onların sayı 29-a çatıb və daha 15 yeni laboratoriya sifariş edilib. Laboratoriyaların sayı 44-ə çatacaq. Məhz bu laboratoriyalar imkan verir ki, insanlar testdən keçərək sağlamlıqlarını təmin edə bilsinlər. Yeri gəlmişkən qeyd edək ki, bu günə qədər 500 mindən çox test aparılıb və adambaşına düşən testlərin sayına görə Azərbaycan dünyada təqribən 40-cı yerdədir. Təkcə bu statistik rəqəm deməyə əsas verir ki, Azərbaycanda koronavirus pandemiyasına qarşı düşünülmüş şəkildə mübarizə aparılır və effektli nəticələr əldə olunur.

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31