Seçim qarşısındayıq- ya qaydalara əməl etməliyik, ya da...
3 İyul 2020 16:22 SiyasətArtıq aylardı ki, həm ölkəmizdə, həm də dünyada koronavirus pandemiyası davam edir. Bu çətin günlərdə dövlətimiz tərəfindən qəbul olunan hər bir qərar vətəndaşların sağlamlığına hesablanır. Dünyada yayılmağa başladığı ilk günlərdə ölkəmizdə önəmli qərarlar qəbul edilərək virusun geniş yayılmasının qarşısını qismən almağa nail olduq. Məsələn. ilk günlərdə qonşu dövlətlərlə sərhədlərin bağlanılması, xüsusi rejimli karantin elan edilməsi, xarici ölkədən qayıdan vətəndaşların xüsusi ayrılmış məkanlarda karantində saxlanılması və.s Bütün bunların nəticəsində bu gün Azərbaycanda koronavirusa yoluxma və ölüm statistikası digər ölkələrlə müqayisədə çox aşağıdı.
Təbii ki, dövlətimiz, aidiyyatı orqanlar bu virusun qarşısını təkbaşına ala bilməzlər. Bunun üçün vətəndaş həmrəyliyi və vətəndaş məsuliyyəti önəmli amillərdən biridir. Mütəxəssislərin məsləhətinə, tələb olunan qaydalara əməl etməklə dövlətimizə öz dəstəyimizi bildirməliyik. Bunun üçün bizdən ağır, çətin heç nə tələb olunmur. Tibbi maskalardan davamlı istifadə, sosial məsafəni qorumaq, ehtiyac olmadığı halda harasa getməmək, insanların çox olduğu məkanlardan müm kün qədər qaçmaqla biz həm öz sağlamlığımızı, həm də ailəmizin, ətrafımızda olan insanların sağlamlığını qorumuş olarıq. Tələb olunan bu qaydalara əməl etmək, hər gün hansısa doğmamızı itirməkdən çətin deyil.
Karantin qaydalarına əməl edən bir çox ölkələrdə artıq bu gün vətəndaşlar rahat şəkildə əvvəlki həyatlarına davam edirlər. Bütün bunlar isə bizim hər gün müəyyən əsassız bəhanələr gətirərək əməl etmək istəmədiyimiz qaydalar hesabına oldu. Əslində arzuladığımız azad, sərbəst həyata yenidən başlamaq bizim öz əlimizdədir. Amma...
Amma bu gün biz göstərilən tapşırıqlara əməl etməkdənsə, qadağan olunmuş tədbirlər- toy, nişan, ad günü edirik. Doğmalarımızı ətrafımıza cəmləyib, onlarla birgə öz həyatımızı da təhlükəyə atırıq. Təbii ki, bu cür məclislərin keçirilməsinə icazə verən aidiyyatı orqanlar da vətəndaşlarla birgə qanunla göstərilən məsuliyyətə cəlb olunur. Bu cür özbaşına halların daha da geniş yayılmaması üçün ölkə başçısı ötən gün karantin rejiminə əməl etməyən insanlara tətbiq olunacaq cərimələrin artırılması ilə bağlı sərəncam imzalayıb.
Belə ki, pandemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasınən qarşısının alınmamasına görə, fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə ediləcək.
Qüvvədə olan İnzibati Xətalar Məcəlləsinə əsasən, yuxarıda göstərilən xətaya görə, fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat məbləğində, hüquqi şəxslər 200 manat məbləğində cərimə edilirdi.
Eyni zamanda bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qanun qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə, fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilirdi.
Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qanun qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə, fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 800 manat məbləğində cərimə ediləcək.
Eyni zamanda epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələrin məbləği artırılıb.
Qanuna əsasən, fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 3 min manatdan 4 min manatadək məbləğdə cərimə ediləcək, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 1 ayadək müddətə inzibati həbs tətbiq olunacaq, hüquqi şəxslər 4 min manatdan 10 min manatadək məbləğdə cərimə ediləcək.
Qüvvədə olan İnzibati Xətalar məcəlləsinə əsasən, fiziki şəxslər 100 manatdan 200 manatadək məbləğdə, vəzifəli şəxslər min 500 manatdan 2 min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 1 ayadək müddətə inzibati həbs tətbiq olunurdu, hüquqi şəxslər 2 min manatdan 5 min manatadək məbləğdə cərimə edilirdi.
İyunun 30-da Ümumdünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili ilə keçirilən videokonfrans zamanı Prezident İlham Əliyev pandemiya zəiflədikcə, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməklə sərhədləri acılacağını qeyd etmişdir.
Dövlət başçısı bildirib:
" Əlbəttə, sizin tövsiyələriniz çox qiymətlidir, biz postpandemiya dövründə onlara riayət edəcəyik. Ona görə ki, siz qeyd etdiyiniz kimi, pandemiya dövründə dünya ölkələrinin çoxu, o cümlədən Azərbaycan da öz sərhədlərini bağlayıb. Bizim sərhədlərimiz indiyə qədər bağlıdır, onlar yalnız Vətənə qayıtmaq istəyən Azərbaycan vətəndaşlarının qəbulu üçün və Azərbaycanı tərk etmək istəyən əcnəbilərin getməsi üçün açıqdır. Bu, onunla bağlıdır ki, biz, ilk növbədə, insanların təhlükəsizliyi, sağlamlığı, onların həyatı barədə düşünürük. Əlbəttə, virusun Azərbaycana kənardan gətirildiyini nəzərə alaraq hesab edirik ki, indiki mərhələdə yeganə düzgün yol sərhədlərin bağlanmasıdır. Lakin, eyni zamanda, ümid edirik ki, pandemiya zəiflədikcə, o cümlədən bizim sıx əməkdaşlıq etdiyimiz Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməklə biz də sərhədləri açacağıq. Bunun nə vaxt baş verəcəyini demək çətindir. Lakin bu, baş verən kimi, əlbəttə, turizm sektorunun bərpasına dair sizin tövsiyələriniz çox gərəkli olacaq.
Postpandemiya dövründə işi daha düzgün görmək üçün bizə sizin təşkilat tərəfindən tövsiyələr lazımdır. Biz buna çox ümid edirik. Əminik ki, sizin verəcəyiniz məsləhətlərə əməl edəcəyik və onları həyata keçirməklə çalışacağıq ki, bu sahəni maksimum qısa müddətdə bərpa edək. Hərçənd, bu, asan olmayacaq. Əlbəttə, biz turizm sahəsində aparıcı ölkələrin, böyük təcrübəyə malik olan və özlərinin iqtisadi inkişafında müəyyən dərəcədə, əhəmiyyətli dərəcədə turizm sektoruna güvənən ölkələrin atdığı addımları diqqətlə izləyəcəyik, lakin əlaqələrimizi də davam etdirəcəyik. Əminəm ki, imkan yaranan kimi sizi yenidən Azərbaycanda görəcəyik".
Ay An
Olaylar.az