“Hər kəs özünü və başqalarını koronavirusdan qorumalıdır”

Kamilə Əliyeva: "Artıq elə bir ailə, ocaq qalmayıb ki, bu bəla ora gedib çıxmasın"

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən xüsusi karantin rejimi  iyulun 20-dək uzadılıb. Qeyd edək ki, bu dəfə xüsusi karantin rejimi tətbiq edilən rayon və şəhərlərin sayı artırılaraq 16-ya çatıb. Beləliklə COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi  2020-ci il 20 iyul tarixinə qədər uzadılıb. Bu müddət ərzində Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq, xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda  həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Operativ Qərargah eyni zamanda,  mövcud sanitar-epidemioloji vəziyyətdən irəli gələrək bir daha hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə,  özünü və yaxınlarını virusa yoluxmaqdan maksimum qorumaq üçün preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırıb.

Millət vəkili Kamilə Əliyeva deyib ki, üst-üstə 16 bölgədə sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq edilməsi ilə bağlı qərar çox doğru qərardır. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən dünən verilən qərar-8 bölgə də əlavə olunmaqla, 16 bölgədə sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqi, müddətin daha iki həftəliyinə-ayın 20-dək uzadılması hər kəs tərəfindən təqdirlə və anlayışla qarşılanmalıdır. Çünki başqa çıxış yol yoxdur. Son bir neçə günün statistikası, yoluxma hallarının 600-ə yaxınlaşması, ölüm hallarının artması belə bir qərarın verilməsini və ortaya qoyulmasını zəruri edir, şərtləndirirdi: "Təəssüflər olsun ki, bu qədər görülən işlərə, atılan addımlara baxmayaraq, bir çox məsələlərdə bütün yükü, ağırlığı dövlərin öz üzərinə götürməsinə baxmayaraq, məlum mənzərə ilə üz-üzəyik. Çünki hələ də məsuliyyətsizlik, biganəlik göstərən insanlarımız, vətəndaşlarımız var. Belə bir həssas və ağır dönəmdə, əsəblərin tarıma çəkildiyi dövrdə kimisə ittiham etmək və ya kiməsə ağıl öyrətmək kimi, məqsədim, niyyətim yoxdur, amma hər kəs, hər bir vətəndaşımız artıq vəziyyətin ciddiliyini sonacan anlamalı, vətəndaş məsuliyəti, milli həmrəylik nümayiş etdirilməlidir. Hər bir kəs xüsusi karantin rejiminin bütün şərtlərinə və tələblərinə əməl, riayət etməlidir". Millət vəkili əlavə edib ki, mənasız, yersiz düşüncələri, utopik fərziyyələri bir kənara qoyub, koronavirus adlı bəlanın mövcudluğuna, təhlükəliliyinə inanmalı, tibbi maskalar və əlcəklərdən istifadə etməli, sosial məsafəni gözləməlik, sanitar-gigiyenik qaydaları birmənalı gerçəkləşdirməlidir:  "Hər kəs həm özünü, həm də başqalarını bu bəladan qorumalıdır. Həm özünün, həm də başqalarının həyatını təhlükəyə atacaq addımlara yol verməməlidir. Çünki ani bir boşluq həm həmin insanın özünə, həm də başqalarına böyük fəsadlar yaşada bilər. Elə hesab edirəm ki, artıq hər bir insanımız bu gerçəkliyi, bu reallığı qəbul edəcək, həm özlərini, həm də başqalarını bu bəlalarda qoruyacaqlar. Vəziyyət kifayət qədər ciddi və ağırdır. Hər gün aldığımız, eşitdiyimiz xəbərlər hər birimizi narahat etməkdə, həyəcanlandırmaqdadır. Artıq elə bir ailə, ocaq qalmayıb ki, bu bəla ora gedib çıxmasın. Ona görə hər kəsdən bir daha xahiş edirəm ki, səbrli, təmkinli olsunlar, bütün karantin şərtlərinə və tələblərinə əməl etsinlər. Biz bu bəladan ancaq birlikdə və güclü şəkildə çıxa bilərik".

Millət vəkili Fazil Mustafa qeyd edib ki,  karantin dövrünün bu kritik durumunda ən əlçatan variantlardan istifadə etmək lazımdır: "Türkiyədən 10-12 virusoloq və epidemoloq dəvət etmək, onları prosesin idarə olunmasına cəlb etmək lazımdır. Hər gün də bir-ikisini televiziyaya çıxarıb vəziyyəti təhlil etməsinə imkan yaratmaq məqsədəuyğun olardı. Pandemiya ilə bağlı vəziyyətin mütəxəssislər tərəfindən yönəldilməsinə inam yaratmaq olduqca vacibdir. Bizdə aydın olur ki, bu sahədə nəinki dünya standartlarına, heç yerli standartalar uyğun gələn mütəxəssis problemi var". Deputat qeyd edib ki, köhnə rus məktəbindən qalanlar da ya dünyasını dəyişiblər, ya da hədsiz yaşlaşıblar. Tibb Universitetinin də tədris metodikası dünya standartlarından çox uzaq olduğuna görə möcüzə gözləməyə heç dəyməz: "Avropa və ABŞ-da bu sahələr üzrə tələbə də oxutdurmadığımız göz qabağındadır. Təcili ingiliscəsi və bu sahəyə uyğun tibb təhsili olan şəxsləri Çinə və Avropa ölkələrinə 2 aylığına təcrübə mübadiləsinə göndərməliyik. Xarici dil bilgisi zəif olanları Türkiyəyə göndərmək olar. Proses uzandığı təqdirdə yeni təcrübəyə yiyələnmiş yerli mütəxəssislərin meydanda olması faydalı ola bilər. İnanmayanlaqı da qınamaq lazım deyil. COVİD-19 elmlə bağlı məsələdir, bizdə elmə, alimə inanmaq nə zaman olub ki? Yas yerində bir mollanın söylədiyi cəfəngiyyatın dalınca gedənlər, yaxud da bir dedi-qodunu həqiqət kimi həzm edənlər həmişə çoxluqda olub. Bir çoxlarına desələr ki, COVİD-19-u cinlər göndərib, bu artıq domino masası arxasında, yas yerlərində ciddi müzakirə mövzusuna, geniş diskussiyalara çevrilə bilər. Ona görə də inanmaq istəyənləri, məsuliyyətli insanları düşünərək bu addımları atmaq vacibdir. Bu insanlar mütəxəssis rəyinə olduqca həssasdırlar, söylənilənləri düşüncə süzgəcindən hökmən keçirəcəklər, davranışları ilə başqalarını da şübhələndirməyə başlayacaqlar ki, bəs filankəs ağıllı adamdır, belə davranırsa, demək ki, təhlükə həqiqətən mövcuddur".

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31