Paşinyan komandası və “beşinci kolon”

Ermənistan hər nə qədər düşmüş olduğu böhranlı vəziyyəti ört-basdır etməyə, real durumu xalqdan gizlətməyə çalışsa da, lakin vəziyyət artıq hər kəsin gözü önündədir. Artıq erməni cəmiyyəti Ermənistanın təkcə iqtisadi deyil, eləcə də siyasi, hərbi, eyni zamanda diplomatik müstəvidə Azərbaycana uduzduğunun fərqindədir və bunun günahını da məhz yarıtmaz Paşinyan hökumətində görürlər.

Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev siyasi gedişləri ilə Bakıdan Ermənistandakı proseslərə təsir edir və Paşinyanı mat vəziyyətinə salır. Deputatın sözlərinə görə, Prezident İlham Əliyev Mingəçevir şəhərindəki çıxışı zamanı işğalçı ölkə ilə bağlı söylədiyi fikirlərlə Ermənistanın real siyasi mənzərəsini təqdim etdi: "Prezident tərəfindən Ermənistanın demoqrafiq vəziyyəti, siyasi elitasının korrupsiya, cinayətkarlıq əməlləri haqqında dəqiq informasiyaların əsasında əsaslı təhlil verməsi təcavüzkar ölkədə siyasi təzyiqi daha da yüksəlməsinə səbəb olub. Artıq Paşinyan ailəsinin tütün və brilliant qaçaqmalçılığı ilə məşğul olması faktının erməni ictimaiyyətinə bəlli olması müxalifətin hərəkətə keçməsinə əsas yaradıb. Bir sözlə ifadə etmiş olsaq, Prezident İlham Əliyev siyasi gedişləri ilə Bakıdan Ermənistandakı proseslərə təsir edir və boğazdan yuxarı bəyanatlar verən Paşinyana siyasət dərsi keçir, onu mat vəziyyətinə salır".

Sədaqət Vəliyeva qeyd edib ki,  Ermənistan və erməni lobbisi bütün səviyyələrdə Azərbaycana mane olmağa çalışsalar da, bu mümkün olmur: "Sirr deyil ki, Prezident İlham Əliyev dəfələrlə beynəlxalq konfranslarda, tədbirlərdə Ermənistanın işğalçılıq siyasətini, bu ölkənin faşizm ideologiyasına xidmət etdiyini ifşa edib. Eyni zamanda, dəfələrlə Paşinyan hökumətinin erməni ictimaiyyətindən gizlətməyə çalışdığı problemləri Prezident İlham Əliyev ifşa edib. Elə bunun nəticəsidir ki, artıq nəinki erməni ictimaiyyəti, eləcə də bütün dünya Paşinyanın psevdodemokrat olduğuna tam əmin olub. Artıq erməni xalqı da görür ki, Paşinyan onlara demokratiya kökəsi deyil, totalitarizm kötəyi verir. Ona görə də, Ermənistan və erməni lobbisi bütün səviyyələrdə Azərbaycana mane olmağa çalışırlar. Lakin bu da mümkün olmur. Məsələn, dünyanın 130-dan çox ölkəsinin Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil edilməsi barədə təşəbbüsünü dəstəklədiyi halda, bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermənistan olub. Bütün dünya COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi. Bütün dünya bir daha Ermənistanın əsl irticaçı mahiyyətinin şahidi oldu. Bəli, bu fakt da bir daha Paşinyan hökumətinin Prezident İlham Əliyev qarşısında mat vəziyyətinə düşməsinin göstəricisidir".

Millət vəkilinin qənaətincə, proseslərin bu cür gedişatında təəssüf doğuran məqam ondan ibarətdir ki, "beşinci kolon" yenidən erməniçilik ideologiyasına xidmətini nümayiş etdirib: "Birbaşa AXCP sədri Əli Kərimlinin göstərişi ilə Prezident İlham Əliyevin Ermənistan barədə fikirləri montaj olunaraq təhrif edilməyə cəhd göstərilib. Əslində, bu fakt da özlüyündə isbatlayır ki, erməni lobbisi, Paşinyan komandası, "beşinci kolon" birləşsə də, təxribatlar etsələr də, yenidən ifşa olunurlar. Eyni zamanda, başda Əli Kərimli olmaqla bütün cəbhəçilər bir daha sübut etdilər ki, nə qədər qorxaqdırlar, acizdirlər. Halbuki Prezident İlham Əliyev həmin çıxışında Ermənistan hakimiyyətini ifşa edirdi. Amma görünür Əli Kərimli Paşinyan və Ermənistan sevgisinə görə Prezident İlham Əliyevin fikirlərini montaj etdirməklə fərarilik və iyrəncliklə məşğul olduğunu, ermənipərəstliliyini isbatlayıb".

Deputat Ceyhun Məmmədov isə deyib ki, bu gün Azərbaycanla Ermənistan arasında bir çox sahələrdə ciddi fərqlər var. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir, ölkəmiz qlobal enerji layihələrində aktiv iştirak edir. İqtisadiyyatın inkişafı üçün ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Onun sözlərinə görə, beynəlxalq müstəvidə də Azərbaycana fərqli münasibət var: "Dünyada ölkəmizə olan inam və etimad günü-gündən daha da artır. Prezident İlham Əliyev bir sıra mühüm təşəbbüslərlə sıxış edir, beynəlxalq səylərə dəstək verir. Pandemiya dövründə Azərbaycan bir çox beynəlxalq videokonfrans formatında görüşlərin təşəbbüskarı və təşkilatçısı oldu".

Millət vəkilinin sözlərinə görə, Ermənistan barədə bunu demək mümkün deyil. Bu ölkədə vəziyyət acınacaqlıdır: "Ölkə iqtisadiyyatı çökür, Ermənistan bir çox enerji layihələrindən tamamilə kənarda qalıb. Bu gün Ermənistan iqtisadiyyatı qonşu xarici dövlətlərdən bilavasitə asılıdır. İqtisadiyyat getdikcə daha da çökür. İnsan hüquqları sahəsində də bu ölkədə vəziyyət yaxşı deyil. Davamlı olaraq insan hüquqları pozulur. Günü-gündən korrupsiya faktları artır. Bir çox biznes sahələri baş nazir özü nəzarət edir. İnsan hüquqları sahəsində də Ermənistanda vəziyyət yaxşı deyil, insan hüquq və azadlıqları ciddi pozulur, siyasi opponentlərə, müstəqil mediaya, vətəndaş cəmiyyəti institutları və fəallarına qarşı ciddi təzyiqlər var. Ermənistanda pandemiya ilə mübarizə sahəsində də vəziyyət yaxşı deyil. Ermənistan bu sınaqdan üzüağ çıxa bilmədi. Azərbaycan hökuməti pandemiya ilə mübarizədə ilk gündən operativ və adekvat qərarlar qəbul etdi. Pandemiyanın vətəndaşlara, ölkə iqtisadiyyatına mənfi təsirlərinin qarşısının alınması məqsədilə ciddi addımlar atıldı. Prezident İlham Əliyev bir neçə mühüm sərəncam imzaladı, fond yaratdı. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqa bir neçə müraciəti oldu. Bu tədbirlər nəticəsində virusun ölkəmizə mənfi təsirləri minimuma endirildi.  Ermənistanda isə vəziyyət tamamilə nəzarətdən çıxdı, bu ölkə pandemiya ilə effektiv mübarizə apara bilmədi.  Pandemiyanın yayılmasının nəzarətdən çıxması, baş nazirin yoluxma sayına görə Ermənistanın  dünyada lider olması barədə etirafı bu fikri bir daha təsdiq edir. Ermənistanı həyata keçirdiyi şovinist siyasət səbəbindən hələ çox faciələr gözləyir. Ermənistanın inkişafı bilavasitə Azərbaycan torpaqlarını işğaldan azad etməkdən keçir. Başqa yol yoxdur. Ermənistan özü də bunu yaxşı anlayır".

Füzuli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31