Xocalı dəhşətləri unudulmur - “Soyqırımı törədənlər beynəlxalq məhkəməyə verilməlidir” - Urmiyalı hüquqşünas

Sabah Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərində törətdiyi qətliamın növbəti ildönümüdür.

Qeyd edək ki, XX əsrin ən dəhşətli soyqırımı olan Xocalı faciəsi 1992-ci ilin fevralın 26-da törədilib. Soyqırımın 28-ci ilində bir sıra ölkələrdə Xocalı şəhidləri anılacaq, müxtəlif tədbirlər keçiriləcək. Soyqırımla bağlı anım tədbirləri Güney Azərbaycanda da qeyd olunacaq. Urmiyada yaşayan milli-mədəni fəal Abazər Əlizadə   bildirib ki, Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində fəaliyyəti gücləndirmək lazımdır:

"28 il öncə erməni quldurları rus hərbçilərinin köməyi ilə Azərbaycan şəhərini yer üzündə siliblər. Dinc insanları qətlə yetiriblər. O insanlar döyüşcü deyildi, müharibə tərəfi deyildi. Ermənilər insan hüquq və azadlıqlarını, müharibə qanunlarına kobud şəkildə pozaraq sivil insanları qətlə yetirib, əsirlərə işgəncə veriblər. Xocalıda törədilənlər heç bir qanuna, kitaba sığmır. Bu, sadəcə bir dəhşətdir".

Abazər Əlizadə deyib ki, Xocalı həqiqətlərini dünyaya çatdırmaq üçün müxtəlif dillərdə kitablar, broşürlər buraxılmalı, sənədli və bədii filmlər çəkilməlidir:

"Bütün sənədlər toplanmalı, şahidlər danışdırılmalıdı. Çəkilən filmlərdə, yazılan kitablarda Xocalı soyqırımını törətmiş, sonda öz cinayətlərini etiraf etmiş erməni hərbçilərinin, yazıçılarının qeydlərindən istifadə etmək olar. Erməni yazıçısı Zori Balayan, bir neçə hərbçi Xocalı dəhşətləri ilə bağlı etiraflar ediblər. Onları toplamaq, ermənilərin özlərinə qarşı istifadə etmək lazımdır".

Urmiyalı hüquqşünas hesab edir ki, Xocalı qətliamını törədən erməni qatilləri beynəlxalq məhkəməyə verilməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31