Səbinə Əliyeva məcburi köçkün qadınların hüquqlarından danışıb

Səbinə Əliyeva məcburi köçkün qadınların hüquqlarından danışıb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Məcburi köçkün qadınların ədalət çağırışı: sülh və təhlükəsizlik məsələləri gündəmində onların ehtiyaclarının qarşılanması" adlı beynəlxalq konfrans keçirilib. Konfrans Sülh və Təhlükəsizlik haqqında BMT Təhlükəsizlik Şurasının 1325 saylı Qətnaməsinin qəbul olunmasının 20-ci ildönümünə həsr edilib. "Olaylar" xəbər verir ki, Konfransda Ombudsman Səbinə Əliyeva bildirib ki, ölkədə həyata keçirilən kompleks tədbirlər əhalinin hər bir qrupunun, o cümlədən qaçqın və məcburi köçkünlərin hüquqlarının effektiv təmin və müdafiə olunmasına xidmət edir. Belə ki, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, onların sosial ehtiyaclarının ödənilməsi, təhsil, sağlamlıq və digər hüquqlarının həyata keçirilməsi sahəsində müvafiq qanunvericilik bazası yaradılıb.

Qeyd edilib ki, zəngin tarixi irsə malik olan Azərbaycan xalqı qadının ailədə və cəmiyyətdəki roluna daim böyük ehtiramla yanaşmış, sosial-iqtisadi vəziyyətindən, milliyyətindən, dilindən, dinindən asılı olmayaraq onu aparıcı qüvvə kimi dəyərləndirmişdir. Cəmiyyətin inkişafının bütün mərhələlərində qadınlar kişilərlə bərabər dövlət quruculuğunda fəal iştirak etmişlər. Hazırda ölkəmizdə qadınların müxtəlif sahələrdə fəallığının artırılması, habelə onların idarəetmədə, qərar qəbuletmədə fəal iştirakı, qadın sahibkarlığının genişləndirilməsi, özünüməşğulluq proqramlarına cəlb edilməsi sahəsində çoxsaylı tədbirlər həyata keçirilməkdədir.

Səbinə Əliyeva vurğulayıb ki, bu gün məcburi köçkün qadınlarla yanaşı, ölkədə yaşayan hər bir azərbaycanlı qadın xalqımızın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi işində öz səylərini əsirgəmir. Hazırda ölkədə olan 700 minə yaxın məcburi köçkündən 330 mindən çoxunu qadınlar təşkil edir. Həmin qadınlar ölkədaxili qanunları, BMT-nin qətnamələri, beynəlxalq konvensiyaları rəhbər tutub, yaşadıqları icmalarda müxtəlif tədqiqat və maarifləndirmə proqramlarının hazırlanmasında və icrasında iştirak edir, bununla da cəmiyyətin inkişafına töhfə verirlər.

Ombudsman bildirib ki, silahlı münaqişələr zamanı insanların kütləvi yerdəyişməsində bir çox ailələr çətin iqtisadi-sosial vəziyyətlə üzləşir, belə hallarda isə ən çox qadın və uşaqlar əziyyət çəkirlər: onların səhiyyə və təhsil sistemlərinə çıxış imkanları məhdudlaşdırılır. Digər tərəfdən, onların fiziki zərərə, əmək və cinsi istismara məruz qalmalarının, insan alveri qurbanına çevrilmələrinin qarşısı alınmalı, habelə qərar qəbuletmə prosedurlarına onlar da cəlb edilməli, imtiyazların tətbiqi zamanı cinsi əlamətə görə ayrı-seçkiliyə yol verilməməsinə xüsusi diqqət yetirməlidir. Bu məqsədlə qadınlar üçün müasir dövrün yeni çağırışları nəzərə alınmaqla, xüsusi modullar üzrə müvafiq proqramların hazırlanması vacibdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31