İtaliya Avropa İttifaqının digər ölkələr ilə müqayisədə Azərbaycanın ən yaxın iqtisadi tərəfdaşıdır- EKSLÜZİV

İtaliya Avropa İttifaqının digər ölkələr ilə müqayisədə Azərbaycanın ən yaxın iqtisadi tərəfdaşıdır-EKSLÜZİV

Vəfa Muradzadə: "Romada keçirilən biznes forum ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişafına dövlət səviyyəsində verilən yüksək diqqətin göstəricisidir"

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin İtaliya Respublikasına rəsmi dövlət səfəri ölkələrimiz üçün bir sıra parametrlər, xüsusilə ilə iqtisadi və ticari sahədə əməkdaşlıq üzrə əlamətdar oldu. Dövlət başçısının səfəri zamanı keçirilən biznes forum iki ölkənin iş adamları arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi, Azərbaycan və İtaloiya iş adamları arasında əlaqələrin qurulması baxımından mühüm əhəmiyyət kəsb etdi. Sözügedən biznes forumda iştirak edən, Azərbaycan Prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətində iş adamları arasında yer alan Vəfa Collection şirkətinin rəhbəri, ilk "made in Azerbaycan" tekstil brendinin yaradıcısı, Prezidentin "Tərəqqi" medalı ilə təltif etdiyi, riyaziyyatçı, hüquqşünas, "İş Qadınlarına Dəstək" İctimai Birliyinin sədri Vəfa Muradzadə də hesab edir ki, Azərbaycan Prezidentinin İtaliyaya səfəri Roma ilə Bakı arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf etdirilməsi baxımından əhəmiyyətli oldu. "OLAYLAR"-a verdiyi açıqlamada sözügedən səfərin təəsüratları və əhəmiyyəti barədə danışan Vəfa Muradzadə deyib ki, Azərbaycan və İtaliya arasında siyasi və iqtisadi əlaqələr yüksək səviyyədədir. Onun sözlırinə görə, son bir-neçə ildə İtaliyanın Prezidenti və Baş Naziri Azərbaycana səfər ediblər: "Azərbaycanın Prezidenti və Birinci vitse-prezidenti dəfələrlə İtaliyada səfərdə olublar. Məhz bu əlaqələrin nəticəsidir ki, İtaliya Avropa İttifaqının digər ölkələr ilə müqayisədə Azərbaycanın ən yaxın iqtisadi tərəfdaşıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fevral ayının 19-dan başlayan dövlət səfəri bu tərəfdaşlığın inkişafında yeni səhifə açır". Vəfa Muradzadə bildirib ki, səfər çərçivəsində fevralın 21-də Romada Azərbaycan-İtaliya biznes forumu keçirildi: "Bu biznes forumda iştirak edən iş adamları sırasında mən də vardım. Mənə göstərilən bu etimad, mənim üçün həm də böyük məsuliyyətdir. Biznes forumda ilk öncə ev sahiblərini təmsil edən İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Luici Di Mayo çıxış etdi. Azərbaycan və İtaliyanın qədim tarixini qeyd edən nazir, məşhur italyan səyyahı Marko Polonun öz əsərlərində Azərbaycan, Yanardağ haqqında danışmasını önə çəkdi. Bildirdi ki, Marko Polo hələ XIII əsrdə iş adamlarına, o vaxtın tacirlərinə Azərbaycan haqqında məlumat vermişdir. İtaliya Azərbaycan arasında böyük həcmli ticari tərəfdaşlığını rəqəmlərlə şərh edən nazir, bu ticari əlaqələrin on ildən az müddətdə 70 faizə qədər artığını bildirdi, bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün İtaliyanın mümkün imkanları barədə danışdı. Sonra biznes forumda Azərbaycan Prezidenti çıxış etdi. Romada 25-dən çox sənədin imzalandığını qeyd edən Cənab Prezident bu sənədlərin bir çox sahələri əhatə etdiyini bildirdi. Çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannaməni xüsusilə qeyd edən respublikamızın prezidenti bu sənədi ciddi siyasi sənəd, iki ölkənin gələcək ikitərəfli əməkdaşlığının əsas prioritetlərini müəyyən edən sənəd kimi xarakterizə etdi. Azərbaycan Respublikasının Prezidentinin çıxışı əslində forumda müzakirə ediləcək müxtəlif istiqamətli məsələlərin qısa icmalı idi. Belə ki, cənab Prezidentin öz çıxışında qeyd etdiyi kimi, bu səfərə kimi əsasən neft-qaz sahəsində inkişaf edən əlaqələr, bu səfərdən sonra şaxələnərək müxtəlif sahələri əhatə edəcək". Vəfa Muradzadə qeyd edib ki,  Forumun gündəliyindəki məsələlər nəqliyyat, yerli neft-kimya sənayesi, komik sənaye, hərbi sənaye kompleksi, kənd təsərrüfatı, turizm, elektroenergetika, logistika, İKT, səhiyyə kimi müxtəlif sahələri əhatə edirdi: "Bildiyiniz kimi hazırda Azərbaycanın 1500-dən çox tələbəsi İtaliyanın ali məktəblərində təhsil alır. Təhsil sahəsində də Roma da sənədlər imzalanıb. Həmçinin 2020-ci il İtaliyada "Azərbaycan ili" elan olunub. Biznes forumdakı çıxışında Villa Borgeze parkında ucaldılan dahi Nizaminin abidəsindən danışan cənab İlham Əliyev yaxın zamanlarda Romada Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətə başlayacağını da bildirdi. Romada keçirilən biznes forum ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişafına dövlət səviyyəsində verilən yüksək diqqətin göstəricisidir və biz iş adamları qarşısında geniş imkanlar açır. Bu imkanlar həm etimaddır, həm də məsuliyyət. Biz iş adamları bu etimadı doğrultmalı, bu iqtisadi əlaqələrdən istifadə edərək respublikamızın iqtisadi gücünə güc qatmalı, insanlarımızın rifah halının yüksəlməsi istiqamətində çalışmalı, dövlətimizin xarici arenada daha güclü olmasına kömək etməliyik".

Süleyman İsmayılbəyli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31