Konqresmenlərin ABŞ-ın tərəfsizliyini şübhə altına alan gedişi -ŞƏRH
Konqresmenlərin ABŞ-ın tərəfsizliyini şübhə altına alan gedişi-ŞƏRH
24 Fevral 2020 15:38 Siyasətİşğalçı Ermənistan beynəlxalq səviyyədə mövcud olan cəzasızlıq mühitindən ürəklənərək özünün işğalçılıq və separatçılıq fəaliyyətlərini davam etdirir. Bir tərəfdən Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar prosesindən yayınmağa çalışan Ermənistan rəhbərliyi, digər tərəfdən daanışıqlar prosesinə mane olmaq üçün bütün üsul və vasitələrdən istifadə edir. Cəbhə xəttində atəşkəsin pozulması hallarının intensivliyinin artması, son bir ay ərzində iki hərbi qulluqçumuzun düşmən gülləsindən şəhid edilməsi, eyni zamanda müntəzəm olaraq işğalçı ölkə rəhbərliyinin Azərbaycanı təhdid edən açıqlamalar, bəyanatlar verməsi məhz Ermənistanın mövcud cəzasızlıq mühitindən sui-istifadəsi deməkdir.
Ermənistan bütün bunlarla kifayətlənməyərək işğal etdiyi Azərbaycan ərazilərində də qeyri-qanuni hərəkətlərini davam etdirir. Mart ayının sonlarında qondarma Dağlıq Qarabağda keçirilməsi nəzərdə tutulan "seçkilər" də bunun əyani sübutudur. Maraqlıdır ki, Ermənistanın qeyri-qanuni, beynəlxalq norma və prinsiplərə zidd fəaliyyətləri də dünya birliyi tərəfindən səssizliklə qarşılanır. Halbuki beynəlxalq aləm işğalçı ölkənin bu qeyri-qanuni əməlinə qarşı ciddi tədbir görməli idi. Bu günlərdə yayılan bir digər xəbər isə, dünya birliyi, aparıcı dövlətlər, eləcə də beynəlxalq təşkilatların nəinki Ermənistamnı cəzalandırmaq niyyıtində olduğunu ortaya qoyub, əksinə qeyd edilən dairələrin işğalçı ölkənin qeyri-qanuni hərəkətlərinə dəstək verdiyi, ona şərait yaratdığını sübuta yetirib. Belə ki, yayılan xəbərlərdə qondarma Dağlıq Qarabağ Respublikasında keçiriləcək qeyri-qanuni seçkilərdə Birləşmiş Ştatlar Konqresinin bir neçə üzvünün də müşahidə aparacağı bəlli olub. ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrdən birinin qanunverici orqan təmsilçilərinin qondarma rejimdə keçiriləcək seçkiləri müşahidə etməsi Azərbaycan cəmiyyətində ciddi etirazla qarşılanıb. Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, belə bir halın baş verməsi Birləşmiş Ştatların ATƏT-in Minsk Qrupundakı tərəfsizliyini şübhə altına alır: "ABŞ Konqresinin bir neçə üzvü martın 31 -də Azərbaycanın işğal olunmuş ərazilərində keçiriləcək qondarma rejimin seçkilərini müşahidə edəcək. Konqresin ermənipərəst üzvlərini təlimatlandıran və istiqamət verən Amerika Erməni Assembleyası ümumi dövlət prinsiplərini rəhbər tutaraq Qarabağdakı qondarma seçkilərin ermənilər üçün siyasi əhəmiyyətini qabardır. Ermənilərin nə ad verməsinə baxmayaraq ATƏT-in Minsk qrupunun həmsədri olan bir dövlətin konqresmenlərinin münaqişənin həllinə zərbə vuran açıqlama və fəaliyyəti beynəlxalq hüququn prinsiplərinə zidd olmaqla yanaşı, Vaşinqtonun ədalətli vasitəçilik siyasətinə kölgə salmış olur".
Politoloq hesab edir ki, ABŞ administrasiyası və Dövlət Departamenti Ukrayna və Gürcüstandakı separatçılara necə embarqo tətbiq ediblərsə, bunu Qarabağdakı separatçılara da tətbiq etməlidirlər: "Əgər sanksiyalar tətbiq edərlərsə heç bir konqresmen Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edə bilməz. Fikir versək konqresmenlərin Qarabağa gəlişi iıə bağlı rəsmi Bakı bu barədə ABŞ-a sorğu və nota təqdim edəndə, onlar rəsmi cavablarında qeyd edirlər ki, bu konqresmenlərin müstəqil fəaliyyətidir və Konqesin işinə müdaxilə etmirik. Sual oluna bilər ki, niyə konqresmenlər Abxaziya, Cənubi Osetiya və Donbasa səfər edib oradakı seçkiləri müşahidə edə bilmir, amma Qarabağa gəlirlər? Qarabağla bağlı isə, tamam beynəlxalq hüquqa zidd mövqe tutmaqla, həmçinin vasitəçi dövlət kimi neytrallığını nəzərə almadan dövlət deyil, maddi maraqları üstün tutub bu yanlış siyasətə gedirlər. Ona görə də Qarabağ münaqişəsinin həlli ilə bağlı proseslərdə Minsk qrupunun həmsədr dövlətlərinin fəaliyyətinə görə bu gün Ermənistan öz işğalçı siyasətindən geri çəkilmir. Danışıqlarda hər gün bir mövqe ortaya qoyur. Ona görə də də danışıqların imitasiyasına yol verməmək üçün Azərbaycan atəşkəsə əməl etməsində maraqlı olmamalıdır. 1994-cü il Bişkek protokolu və 2016-cı il atəşkəsin qorunması üçün Moskvada imzalanan sənəd artıq Azərbaycanın əleyhinədir. Rəsmi Bakı öz işğal olunmuş ərazilərində keçiriləcək qanunsuz seçkilərdə iştirak etmək istəyən dövlətlərə kəskin etiraz etməli və indidən danışıqlar aparıb buna imkan verməməlidir".
Məhəmməd
Olaylar.az