Separatçı rejimdə keçirilən seçkinin heç bir hüquqi nəticəsi yoxdur- RƏYLƏR
Separatçı rejimdə keçirilən seçkinin heç bir hüquqi nəticəsi yoxdur-RƏYLƏR
24 Fevral 2020 14:28 SiyasətAzərbaycanın işğal altında olan torpaqlarındakı seçki oyunu beynəlxalq hüquq normalarına ziddir
Ermənistan işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ ərazisini beynəlxalq ictimaiyyətə tanıtması istiqamətində cəhdlərini davam etdirir. Bu fəaliyyətdə daha çox seçkilərdən istifadə edən Ermənistan artıq srparatçı rejimdə dəfələrlə qondarma prezident, parlament və bələdiyyə seçkiləri keçirib. Lakin, işğalçı dövlətin ciddi cəhdinə baxmayaraq separatçı rejimdə keçirilən seçkilərin heç birinin nəticələri beynəlxalq təşkilatlar tərəfindən tanınmayıb. Erməni mətbuatının yaydığı məlumata görə, bu dəfə martın 31-də qondarma "Dağlıq Qarabağ Respublikası"nda parlament və prezident seçkilərinin keçirilməsi nəzərdə tutulur. Separatçı rejimin Mərkəzi Seçki Komissiyasının sədri Srbui Arzumanyan televiziya və radio efirində seçkilərin 31 marta təyin olunduğunu və həmin günün istirahət günü elan edildiyini bildirib. Siyasi ekspertlərin qənaətinə görə, separatçı rejimdə seçkilərin keçirilməsi qərarı sadəcə qondarma rejim rəhbərliyinin hakimiyyətlərinin əvvəlki illəri ilə bağlı bütün problemləri avtomatik olaraq aradan qaldırmağa yönəlib. Belə ki, seçkilər kampaniyasının rejimin hakimiyyətin mövcud vəziyyətin qorunub saxlamasına hesablandığı səslənən fikirlər sırasındadır. Maraqlı məqam seçkilərin 31 mart azərbaycanlıların ermənilər tərəfindən soyqırımı gününə "təsadüf etməsidir". Digər tərəfdən, ABŞ Konqresinin bir neçə üzvü martın 31-də Azərbaycanın işğal olunmuş ərazilərində keçiriləcək qondarma rejimin seçkilərini müşahidə edəcəyini açıqlayıb.
Hüquqşünas Alim Hüseynli bildirib ki, separatçı rejimdə keçirilən istənilən seçkinin heç bir hüquqi nəticəsi yoxdur. Çünki, faktiki işğal altında olan Dağlıq Qarabağ beynəlxalq təşkilatlar tərəfindən müstəqil subyekt kimi deyil, Azərbaycanın ərazisi kimi tanınır. Məhz bu səbəbdən nə beynəlxalq təşkilatlar, nə də ayrı-ayrı ölkələrin parlamentləri bu tipli seçkiləri tanımaqdan vaz keçirlər. Qondarma seçkiləri müşahidə edənlər isə erməni diasporasının maliyyəsi ilə siyasi fəaliyyət göstərən şəxslərdir: "Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində artıq beynəlxalq ictimaiyyətə bəllidir ki, Ermənistan Azərbaycan Respublikası ərazilərinin 20 faizindən çoxunu işğal edib, etnik təmizləmə apararaq bir milyondan artıq azərbaycanlı əhalini həmin ərazilərdən, o cümlədən Ermənistandakı tarixi vətənlərindən didərgin salıb. Görünməmiş zorakılıq nəticəsində uşaqlar, qadınlar və qocalar qətlə yetirilib, minlərlə insan əsir və girov götürülüb, Xocalı soyqırımı törədilib. Azərbaycan Respublikası ərazisinin böyük bir hissəsinin Ermənistan silahlı qüvvələrinin işğalı altında olması, işğal altında olan Qarabağın yuxarı hissəsində separatçı rejimin mövcudluğu və Ermənistanın siyasi rəhbərliyinin etnik təmizləmə aparması bir sıra beynəlxalq təşkilatlar, konkret olaraq Avropa Şurasının Parlament Assambleyası tərəfindən tanınıb. Bütün sadalananlara baxmayaraq Ermənistan işğalı qanuniləşdirmək üçün canfəşanlıq edir, beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarına, beynəlxalq ictimaiyyətə və demokratik dünyaya etinasızlıq göstərərək işğal etdiyi Azərbaycan ərazilərini azad etmək barədə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının mövcud qətnamələrini icra etməkdən boyun qacırır". Onun sözlərinə görə, Ermənistan Azərbaycan ərazilərində Azərbaycan Respublikası vətəndaşlarının əsas insan hüquq və azadlıqlarını pozub "Dağlıq Qarabağ Respublikası" deyilən qondarma bir qurum yaradaraq, orada dəfələrlə seçki görüntüsü yaratmağa cəhd edib: "Azərbaycanın işğal altında olan torpaqlarında yeni seçki oyunu beynəlxalq hüquq normalarına, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tamamilə ziddir. Bu həm də Ermənistanın siyasi hakimiyyət dairələrinin işğalın əsil mahiyyətini və səbəblərini artıq dərk etməkdə olan beynəlxalq ictimaiyyəti və dünya dövlətlərini çaşdırmaq, sülh danışıqlarına əngəl törətmək cəhdidir. Azərbaycan Respublikasının Konstitusiyasına görə, heç bir sosial qrup, təşkilat və şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz. Seçkilər və referendumlar Azərbaycan Respublikasının Konstitusiyasına və Seçki Məcəlləsinə əsasən keçirilməlidir. Yeri gəlmişkən qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının Bürosu 6 iyun 2005-ci il tarixli iclasının qərarı ilə qondarma qurumda keçirilməsi nəzərdə tutulan "parlament seçkilərini" müşahidə etməkdən imtina edib. Büro haqlı olaraq qeyd etmişdir ki, heç bir dövlət tərəfindən tanınmayan bu qondarma qurumda seçkilərin keçirilməsi qeyri-qanuni və beynəlxal hüquq normalarına ziddir. Bu baxımdan qondarma qurumdakı "seçkiləri" müşahidə etmək niyyətində olan "müşahidəçilər"in
hərəkətləri Azərbaycan dövlətinin suverenliyinin kobud pozulması kimi qiymətləndirilməlidir".
Politoloq Məhəmməd Əsədullazadə deyib ki, ABŞ Konqresinin bir neçə üzvü martın 31-də Azərbaycanın işğal olunmuş ərazilərində keçiriləcək qondarma rejimin seçkilərini müşahidə edəcəyini açıqlayıb: "ATƏT-in Minsk qrupunun həmsədri olan bir dövlətin konqrensmenlərinin münaqişənin həllinə zərbə vuran açıqlama və fəaliyyəti beynəlxalq hüququn prinsiplərinə zidd olmaqla yanaşı Vaşinqtonun ədalətli vasitəçilik siyasətinə kölgə salmış olur". Politoloq bildirib ki, ABŞ administrasiyası və Dövlət Departamenti Ukrayna və Gürcüstandakı separatçılara necə embarqo tətbiq ediblərsə, bunu Qarabağdakı separatçılara da tətbiq etməlidirlər: "Sanksiyalar tətbiq olunsa, o zaman heç bir konqresmen Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edə bilməz. Sual oluna bilər ki, niyə konqresmenlər Abxaziya, Cənubi Osetiya və Donbasa səfər edib oradakı seçkiləri müşahidə edə bilmir, amma Qarabağa gəlirlər? Qarabağla bağlı isə, tamam beynəlxalq hüquqa zidd mövqe tutmaqla, həmçinin vasitəçi dövlət kimi neytrallallığını nəzərə almadan dövlət deyil, maddi maraqları üstün tutub bu yanlış siyasətə gedirlər". Politoloq söyləyib ki, bu gün Ermənistanın işğalçılıq siyasətindən əl çəkməməsinin səbəblərindən biri Minsk qrupunun həmsədr dövlətlərinin Qarabağ münaqişəsinin həlli ilə bağlı proseslərdə fəaliyyətinə görədir: "Məhz buna görə də, Ermənistan danışıqlarda hər gün bir mövqe ortaya qoyur". M. Əsədullazadənin fikrincə, danışıqların imitasiyasına yol verməmək üçün Azərbaycan atəşkəsə əməl etməsində maraqlı olmamalıdır: "Rəsmi Bakı öz işğal olunmuş ərazilərində keçiriləcək qanunsuz seçkilərdə iştirak etmək istəyən dövlətlərə kəskin etiraz etməli və indidən danışıqlar aparıb buna imkan verməməlidir".
Nurlan
Olaylar.az