Meksika-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu yaradılıb
Meksika-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu yaradılıb
24 Fevral 2020 11:20 SiyasətMeksika Deputatlar Palatasında Meksika-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəsmi inaqurasiyası mərasimi keçirilib.
Olaylar.az bildirir ki, mərasimdə Meksika Deputatlar Palatasının üzvü, hakim "Morena" partiyasının təmsilçisi və Azərbaycan-Meksika Dostluq Qrupunun sədri deputat Aqustin Qarsiya Rubio, qrupun həmsədri deputat xanım Mariya Lusero Saldanya Perez, qrupun digər üzvləri, Meksika Xarici İşlər Nazirliyinin nümayəndələri və Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfiri Məmməd Talıbov iştirak ediblər.
Tədbiri çıxış sözü ilə açan millət vəkili A.Q.Rubio tədbir iştirakçılarını salamladıqdan sonra Meksika ilə Azərbaycan arasında daim dostluq münasibətlərinin mövcud olduğunu, müxtəlif sahələrdə səmərəli əməkdaşlığın həyata keçirildiyini deyib.
Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı səfiri M.Talıbov çıxış edərək, Parlamentlərası qrupun yaradılmasının iki ölkə arasındakı əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaratdığını qeyd edib. Azərbaycanla Meksika arasında diplomatik əlaqələr qurulduğundan bəri əməkdaşlığın qarşılıqlı hörmət prinsipləri əsasında həyata keçirildiyini vurğulayıb.
Səfir eyni zamanda, Azərbaycan xalqının ən ağrılı yarası olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri, habelə münaqişənin həlli üzrə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həll edilməsinin tərəfdarı olduğuna görə Meksika Hökumətinə təşəkkürünü bildirib.
Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun yaradılmasının iki ölkə arasında mövcud olan siyasi, mədəni, enerji, kənd təsərrüfatı və s. kimi müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaratdığını qeyd edərək, bu xüsusda 2017-ci ildə imzalanmış və cari ilin 22 fevral tarixində qüvvəyə minmiş Azərbaycan və Meksika Hökumətləri arasında təhsil, elm, gənclər, mədəniyyət və idman sahələrində əməkdaşlığa dair Sazişin dost ölkələrimiz arasındakı əlaqələrin daha da möhkəmləndirilməsi üçün hüquqi əsas yaradacağını bildirib.

