İtaliya-Azərbaycan Dostluq Dərnəyinin sədri: “İtaliya ilə Azərbaycan arasında yüksək səviyyədə əlaqələr mövcuddur”- EKSKLÜZİV

Dündar Kesaplı: "Roma ilə Bakı arasında qarşılıqlı şəkildə ticari, iqtisadi əlaqələrin genişlənməsi, dialoq, fikir mübadiləsi, qarşılıqlı anlaşmanın inkişaf etməsi sayəsində iki ölkə bir-birinə daha da yaxınlaşır"

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin İtaliyaya rəsmi dövlət səfəri başa çatsa da, səfər çərçivəsində keçirilən görüşlər, aparılan müzakirələr və imzalanan sənədlərlə bağlı istər yerli, istərsə də xarici media silsilə yazılar dərc edir. İtaliya mətbuatı Azərbaycan dövlət başçısının bu ölkəyə səfərinə böyük maraq göstərərək bu səfərin Roma ilə Bakı arasında əlaqələrin daha da inkişaf etdirilməsinə töhfə verəcəyini qeyd edir. Elə həm Azərbaycan, həm də İtaliyada fəaliyyət göstərən ekspertlər, müxtəlif təşkilat rəsmiləri də bu qənaətdədirlər. İtaliya-Azərbaycan Dostluq Dərnəyinin sədri Dündar Kesaplı hesab edir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya rəsmi dövlət səfəri iki ölkə arasında əlaqələrin inkişafına daha da təkan verəcək. Onun sözlərinə görə, Azərbaycan dövlət başçısı İtaliyada çox mühüm görüşlər keçirib ki, bu da iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi, bu əməkdaşlıqların yeni bir mərhələyə qədəm qoyması baxımından əhəmiyyətlidir: "Ümumiyyətlə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya rəsmi dövlət səfərinə çox böyük diqqət vardı. Bu bir tərəfdən Azərbaycan dövlət başçısına olan yüksək qonaqpərvərlik, hörmət və ehtiramdan, onun şəxsinə olan münasibətdən irəli gəlirdisə, digər tərəfdən Azərbaycanın Cənubi Qafqaz regionunda əhəmiyyətli ölkə olması ilə bağlı idi". Dündar Kesaplı qeyd edib ki, eyni münasibət iki il əvvəl İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycana səfəri zamanı göstərilmişdi və İtaliya prezidenti Azərbaycanda ona göstərilən qonaqpərvərlik, yüksək ehtiramdan razılıq ifadə etmişdi: "Bir qayda olaraq ikitərəfli əlaqələr qarşılıqlı səfərlər və imzalanan əməkdaşlıq sazişləri ilə güclənir, yeni bir mərhələyə qədəm qoyur. Elə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin İtaliyaya rəsmi dövlət səfəri çərçivəsində diqqət çəkən əsas məqamlardan biri də iki ölkə arasında müxtəlif sahələri əhatə edən sənədlərin imzalanması oldu". Dündar Kesaplı qeyd edib ki, İtaliya ilə Azərbaycan arasında qarşılıqlı şəkildə ticari, iqtisadi əlaqələrin genişlənməsi, dialoq, fikir mübadiləsi, qarşılıqlı anlaşmanın inkişaf etməsi sayəsində iki ölkə bir-birinə daha da yaxınlaşır: "İtaliya ilə Azərbaycan arasında əlaqələr onsuz da çox yaxşı səviyyədədir. İstər siyasi, istər iqtisadi, istərsə də ticarət və digər sahələrdə iki ölkə arasında kifayət qədər yüksək əlaqələr mövcuddur.  Hesab edirəm ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya rəsmi dövlət səfəri zamanı imzalanan sənədlər də ölkələr arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə imkan yaradacaq".

İtaliya-Azərbaycan Dostluq Dərnəyinin sədri qeyd edib ki, bu il İtaliyada "Azərbaycan İli"nin elan edilməsi də həm ölkələrarası münasibətlərin yüksək səviyyədə olmasından, həm də Azərbaycana İtaliyada göstərilən maraqdan irəli gəlir. Dündar Kesaplı hesab edir ki, İtaliyada "Azərbaycan İli"nin elan edilməsi Azərbaycan mədəniyyətinin bu ölkədə, ümumilikdə Avropada daha yaxından tanıdılması, təbliği baxımından da əhəmiyyətlidir.

Məlumat üçün qeyd edək ki, Cənab İlham Əliyevin İtaliyaya rəsmi dövlət səfəri zamanı  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikası Nazirlər Şurasının Sədri Cüzeppe Konte "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə"ni mübadilə ediblər.

Bundan başqa Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İtaliya İqtisadi İnkişaf Nazirliyi arasında enerji sahəsində əməkdaşlıq haqqında, Mədəniyyət Nazirliyi ilə İtaliya Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi arasında mədəniyyət sahəsində, Dövlət Turizm Agentliyi ilə İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi arasında turizm sahəsində əmıkdaşlıq haqqında, Xarici İşlər Nazirliyi ilə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında, Qida Təhlükəsizliyi Agentliyi ilə İtaliyanın Kənd Təsərrüfatı, Qida və Meşə Təsərrüfatı Nazirliyi arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" ilə bağlı mübadilə edilib.

Eyni zamanda Müdafiə Nazirliyi ilə İtaliyannın "Leonardo S.p.A" arasında "M-346" təyyarələri inteqrasiya sisteminin alınması ilə bağlı Sazişə dair Bəyannamə"ni Azərbaycanın Müdafiə naziri Zakir Həsənov və "Leonardo S.p.A"nın icraçı direktoru Alessandro Profumo mübadilə ediblər.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31