İran cəmiyyəti islahatçıları, yoxsa mühafizəkarları seçəcək? -ŞƏRH
İran cəmiyyəti islahatçıları, yoxsa mühafizəkarları seçəcək?-ŞƏRH
21 Fevral 2020 15:36 Siyasətİran İslam Respublikası da seçim ərəfəsindədir. Cənub qonşumuz yeni parlamentini seçir. Bir müddət əvvəl Azərbaycanda baş tutan növbədənkənar parlament seçkilərindən fərqli olaraq cənub qonşumuzda qanunverici orqana keçirilən seçkilərdə daha çox namizəd mübarizə aparır. İranın kütləvi informasiya vasitələrinin yaydığı xəbərdə qeyd edilir ki, bu ölkədə 7 min nəfərdən artıq şəxs deputat olmaq istəyir və bu məqsədlə öz namizədliyini irəli sürüb. Təkcə bu göstərici onu deməyə əsas verir ki, cənub qonşumuzda parlament seçkiləri gərgin siyasi mübarizə şəraitində keçəcək. İranda parlament seçkilərinin gərgin atmosferdə keçəcəyini şərtləndirən bir digər amil kimi hazırda Tehranın düşmüş olduğu regional və beynəlxalq vəziyyətlə bağlıdır. Belə ki, mövcud İran hakimiyyətinin regional və qlobal müstəvidə təhdid və təzyiqlərlə üzləşməsi, bu ölkəyə çox ciddi sanksiyaların tətbiqi cənub qonşumuzu çətin iqtisadi böhranla üzləşdirib. Bu səbəbdən İranda mərkəzi hakimiyyətə qarşı etirazlar getdikcə artır. Elə parlamentə olan iddialıların sayının artmasını da şərtləndirən amillərdən biri budur. Elə ekspertlər də hazırkı situasiyada İranda daxili vəziyyətin, eləcə də beynəlxalq müstəqivədə əlaqələrinin normal olmadığı qənaətindədirlər. Politoloq Elxan Şahinoğlu deyir ki, parlament seçkisi qonşu ölkə üçün çox ağır şəraitdə keçir. Onun sözlərinə görə, ilk növbədə Amerikanın İrana qarşı sanksiyaları getdikcə sərtləşir və bu qonşu ölkənin iqtisadiyyatına mənfi təsirini artırır: "İkincisi, Tehran Qasım Süleymaninin intiqamını hələ ala bilməyib, ancaq mühafizəkarlar Amerikaya qarşı növbəti həmlədən də imtina etməyiblər. Üçüncüsü, Çində yayılan ölümcül virus qəfil İranı da vurdu. Ən maraqlısı odur ki, ölüm virusuna yoluxan İran vətəndaşlarının heç biri çinlilərlə ünsiyyəti olmayıb. İraq virusun yayılması qorxusuna görə artıq İranla sərhəddi bağlayıb, yaxın günlərdə biz də eyni qərarı vermək məcburiyyətində qala bilərik". Politoloq deyib ki, 285 deputat yerinə 7 minə yaxın namizəd iddia edir: "İrandakı bütün siyasi qüvvələr sözdə Amerikaya qarşı mübarizədə vahid mövqe nümayiş etdirsələr də, mühafizəkarların və şərti adı islahatçılar olan qüvvələrin seçkidə fərqli məqsədləri var. Ali dini lider Əli Xamaneyinin simasında mühafizəkarlar "Amerikaya ölüm" şüarıyla seçkidə daha çox səs əldə etməyə çalışırlar. Prezident Həsən Ruhaninin simasında isə islahatçılar əksinə Amerika ilə mübarizə adı altında daha çox tərəfdarını seçki günü səsverməyə gələcəyinə çalışırlar. Ruhaninin bu çağırışı səbəbsiz deyil. 2016-cı ildə keçirilən parlament seçkisində islahatçılar məhz gənclərin seçici fəallığına görə parlamentdə mövqelərini gücləndirmişdilər. Ancaq rəy sorğularına görə Tehranın cəmi 21 faizi seçkiyə qatılacağını açıqlayıb. Bu mühafizəkarların işinə yaraya bilər". Politoloq Məhəmməd Əsədullazadə isə deyib ki, İranda keçirilən parlament seçkiləri ölkədə iqtisadi və müəyyən dərəcədə siyasi böhran fonunda baş verir. Onun sözlərinə görə, siyasi böhran əsasən elita daxilində islahatçılarla mühafizəkarlar arasında davam edir: "Bundan əlavə, İran siyasətinə təsir edici qüvvə olan SEPAH iqtidarda olan mötədillərə qarşı cinah formalaşdırıb. Bu da hakimiyyətdə olan Ruhani hökumətinə qarşı-islahtaçılara müəyyən çətinliklər yaradır. İran əhalisi əsasən mövcud hakimiyyətdən narazıdır və il ərzində baş verən etiraz aksiyaları bunu əyani göstərir. Sadəcə Süleymaninin qətlindən sonra bir qədər İran ictimaiyyətində susqunluq hökm sürür. Bu, səssizlik ABŞ- İran müharibəsinin baş vermə riskindən qaynaqlanırdı. İran -ABŞ müharibəsi baş verməsə də, müəyyən qədər narahatlıq olmasına baxmayaraq əhali yenidən səssizliyiini poza bilər və hakimiyyətə qarşı etirazını davam etdirəcək". Politoloq qeyd edib ki, əhali mühafizəkarların növbəti dəfə hakimiyyətə gəlməsini etirazla qarşılayacaq: "Əhali ABŞ -İran qarşıdurmasından yorulub, İranın mədəni dünya ilə normal siyasi əməkdaşlığının tərəfindədilər. Ona görədə İran əhalisi reformun və islahatçıları dəstəkləsə də, ümumiyyətlə sistemin dəyişməsini istəyir. Parlament seçkilərində islahatçıların səs toplayacağı şübhəsizdir. Amma, SEPAH və mühafizəkarlar əlində olan rıçaqlarla islahatçılara qarşı mübarizə aparacaqlar. Ümumiyyətlə İran ətrafında baş verən siyasi-hərbi böhran seçkiyə təsir edəcək. Prezident Ruhaninin gələcək siyasi taleyi bu seçkilərdə müəyyən olunacaq".
Füzuli
Olaylar.az