Paşinyan Münxendə aldığı ağır psixoloji travmadan çıxa bilmir -RƏY

Paşinyan Münxendə aldığı ağır psixoloji travmadan çıxa bilmir-RƏY

Ermənistan rəhbərliyi yenə də öz ampluasındadır. Münxendə Azərbaycan Prezidenti ilə keçirilən panel müzakirədə ciddi diplomatik uğursuzluqla üzləşib erməni cəmiyyəti içərisində onsuz da olmayan reytinqini bir qədər də aşağı salan Nikol Paşinyan bu uğursuzluğu ört-basdır etmək üçün daxili auditoriyaya hesablanmış açıqlamalar verir, Dağlıq Qarabağ problemi ilə bağlı məsələdə yenə də, beynəlxalq norma və prinsiplərə zidd olan yanaşmalar ortaya qoyur. Münxendə dili topuq vuran Paşinyan Almaniyadan geri qayıdar-qayıtmaz yenə təhdid ritorikası ilə danışmağa başlayıb. Hər halda onun erməni KİV-lərinə verdiyi açıqlamalar belə deməyə əsas verir. Elə əksər ekspertlər də hesab edirlər ki, Nikol Paşinyan son açıqlamaları ilə bir daha danışıqlar prosesindən yayındığını və kompromisə meyilli olmadığını ortaya qoyub. Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Ermənistan baş naziri Nikol Paşinyan yerli İctimai tv. verdiyi müsahibədə danışıqlar formatının üzərindən xətt çəkəcək açıqlama verib. Politoloqun sözlərinə görə, Paşinyan heç bir ərazinin güzəştə getməyəcəyini vurğulayıb: "Bu açıqlama faktiki danışıqların növbəti mərhələsində Paşinyanın daxili auditoriya üçün mesajı olsa da, Minsk qrupu həmsədrlərinin Cenevrədə başlatdığı danışıqların faktiki fiaskosudur. Ermənistanın danışıqlarda maraqlı olmadığını açıq şəkildə beynəlxalq ictimaiyyətə, Minsk Qrupunun həmsədr dövlətlərinə çatdırmaq lazımdır. Həmsədrlər aydın görməlidir ki, danışıqlar kim tərəfindən dayandırılır və sabotaj edilir. Azərbaycan Xarici İşlər Nazirliyi açıqlamam verməli və danışıqların mahiyyətini ictimaiyyətə açıqlmalıdır".

***

Məhəmməd Əsədullazadə onu da diqqətə çatdırıb ki, Nİkol Paşinyanın bu çıxışı Azərbaycanın xeyrinədir: "Beynəlxalq təşkilatlara Paşinyanın bu çıxışını göstərməliyik və artıq danışıqların Ermənistanın tutduğu qeyri-konstruktiv mövqeyinə görə faydasız olduğunu bildirməliyik. Birmənalı şəkildə hərbi varianta əl atmalıyıq. Əgər, Azərbaycan hazırkı məqamda hücuma keçib iki rayonu azad edib geri çəkilməsə, tutduğu mövqedə möhkəmlənib dayanarsa və əldən verməsə münaqişənin həllində 360 dərəcə Azərbaycanın xeyrinə proses dəyişə bilər. Göründüyü kimi Paşinyan işğalçı ölkə olduqlarını bəyan edir və danışıqların üstündən xətt çəkir.  Bundan sonra hansı məqsədlə danışıqlar aparılmalıdır ki, biz prosesə inana bilək? Paşinyan apreldən sonra demək istədiyini, indi dedi.
Paşinyanın bu açıqlamasından sonra, ordumuz hərkətə keçməlidir. Ümumiyyətlə Azərbaycan tərəfi mart və aprel ayında müəyyən qədər Ermənistan üçün vaxt tanımışdı. Göründüyü kimi Ermənistan tərərfi müharibə variantını seçir.
Amma, Paşinyan sabah növbəti dəfə dediklərini danacaq. Təbii ki, Paşinyan ərazilərin qaytarılması gücündə deyil. Sadəcə, Yenilənmiş Madrid və Lissabon prinsipləri üzrə danışıqlara razılıq verib və bu istiqamətdə danışıqlar gedir. Amma, yenidən danışıqları pozur. Münxen Təhlükəsizlik Konfransında aldığı ağır psixoloji tramvadan çıxa bilmir".

***

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da diqqəti Paşinyanın ermıni KİV-lərinə verdiyi müsahibəyə yönəldib: "Almaniyanın Münxen şəhərindəki Təhlükəsizlik Konfransından qayıdan Ermənistanın baş naziri Nikol Paşinyanın ölkəsinin İctimai Televiziyasına verdiyi müsahibədə söylədiklərini bu şəkildə ümumiləşdirmək olar. Birincisi, Paşinyan Dağlıq Qarabağ münaqişəsinin "mərhələli həll" planını qəbul etməyəcək. O, Dağlıq Qarabağ ətrafındakı ərazilərdən danışarkən "Qarabağ klanının" yanaşmasını təkrarlayır: "Dağlıq Qarabağ ətrafındakı rayonların nəzarət altında saxlanılması bölgədə yaşayan ermənilərin təhlükəsizliyi baxımından vacibdir. Təhlükə Dağlıq Qarabağdan uzaq olmalıdır". Başqa sözlə Paşinyan demək istəyir ki, rəsmi Bakı onları "qane edən" təkliflər hazırlamayınca Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmayacaqlar. "Qaneedici" təkliflər dedikdə isə böyük ehtimalla Dağlıq Qarabağın statusunun bəri başdan müəyyənləşdirilməsini və bölgədə separatçılarla Azərbaycan ordusu arasında sülhməramlı qüvvələrin yerləşdirilməsini nəzərdə tutur. İkincisi, Nikol Paşinyan martın 31-də Dağlıq Qarabağda keçiriləcək "prezident seçkisində" bölgədə yaşayan ermənilərin doğru qərar verməsini istəyir. "Artsax əhalisi Ermənistanın legitimi hakimiyyətinə qarşı düşmən mövqedə dayanan şəxsə səs verməməlidir" deyən Paşinyan bu sözləri ilə fakitiki 14 "namizəddən" bir neçəsinin onun legitimliyini qəbul etmədiyinə eyham vurur. Paşinyan Dağlıq Qarabağ separatçılarının başında öz adamını otuzdurmaq istəyir. Ancaq Paşinyan kimə üstünlük verdiyini gizlətməyə çalışır. Çünki, Paşinyan anlayır ki, hansı "namizədə" simpatiyasını etiraf edərsə, həmin "namizədin" şansı azalacaq. Paşinyan üçün hazırki şərtlər altında əsas olan Dağlıq Qarabağdakı ermənilərin Robert Köçəryan - Serj Sərkisyan cütlüyünün "namizədinə" səs verməməlidir. Paşinyanın əsas qorxusu bununla əlaqədardır. Məsələ burasındadır ki, Ermənistandan fərqli olaraq Dağlıq Qarabağda Köçəryanın və Sərkisyanın mövqeləri güclüdür. Bu, separatçıların "prezident seçkisinin" nəticələrinə təsir edə bilər.

Beləliklə, Münxendə fikirlərini ingilis dilində izah etməkdə əzab çəkən Paşinyan geri qayıtdıqdan sonra İctimai Televiziyada erməni dilində gen-bol müsahibə verdi. O Münhendə izah edə bilmədiklərini İctimai Televiziyada anlatdı. Bu dəfə işi asan idi. Çünki, qarşısında onun tezislərini əsassız olduğunu izah edən kimsə yox idi. Onun İrəvanda dedikləri danışıqların nəticə verəcəyi ilə bağlı gözləntilərin əsassız olduğunu bir daha göstərdi".

Füzuli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31