Korrupsiyaya qarşı səmərəli mübarizə -ARAŞDIRMA

Korrupsiyaya qarşı səmərəli mübarizə-ARAŞDIRMA

Ölkənin dövlət idarəetmə sistemində şəffaflıq prinsipinin qorunması, büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməsi, maliyyə intizamının gücləndirilməsi, eləcə də korrupsiya hallarına qarşı mübarizə tədbirlərini genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir. Xüsusən, son illərdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirlər özünün ardıcıllığı və sistemliliyi ilə diqqəti çəkir. Ölkə başçısı İlham Əliyev də korrupsiyaya qarşı mübarizəni prioritet vəzifə elan edib. İlham Əliyev cari il yanvarın 13-də keçirilən müşavirədə işində pozuntulara yol verən şəxslərin bundan sonra da cəzalandırılacağını vurğulayıb: "İşsizliyin qabağını almaq üçün mənim təşəbbüsümlə on minlərlə ödənişli ictimai iş yeri yaradılmalı idi. Ancaq əfsuslar olsun ki, biz bu proqramın icrasında çox böyük pozuntulara rast gəldik. Xüsusilə yerli icra orqanları tərəfindən vicdansızcasına bu vəsaitin talanması və ödəniş kartlarının yığılması, ondan sonra oradan pulun çəkilməsi, yaxud da öz yaxın adamlarının, bu işlərlə qohumlarının təmin edilməsi, əlbəttə ki, dözülməz faktdır və buna görə artıq bu pozuntulara yol verən şəxslər cəzalandırıldı və bu işlər davam etdiriləcək. Bu, hər kəsə dərs olmalıdır. Amma, eyni zamanda, elə bir mexanizm işlənməlidir ki, bu pozuntulara ümumiyyətlə, imkan olmasın. Ona görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırıq verildi ki, onlar bu işin koordinasiyasını öz üzərinə götürsünlər və ödənişli ictimai işlərə götürülən vətəndaşlar məhz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən rəsmiləşdirilsin". Qeyd edək ki, dövlət başçısının tapşırıqlarının icrası olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Monitorunq qrupu yaradılıb. Lakin bütün cəhdlərə baxmayaraq hələ də yerlərdə gözlərini vətəndaşların cibinə dikən məmurlar yox deyil. Elə bu səbəbdən də ölkədə korrupsiyaya qarşı səmərəli mübarizə davam etdirilir. Xatırladaq ki,

Bu yaxınlarda Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov həbs olundu. Belə ki, Maliyyə Nazirliyi Nizaməddin Quliyevin Goranboy rayon İcra Hakimiyyətinin başçısı olduğu dövrdə Goranboyda ciddi maliyyə pozuntularına, korrupsiyaya yol verib-vermədiyini araşdırıb. Məlum olub ki, ötən il Nazirlər Kabineti tərəfindən bütün rayonlarda 200-300 nəfərin minimum əməkhaqqı vermək şərtilə işə götürülməsi ilə bağlı qərarından sonra Goranboy İcra Hakimiyətinin tabeliyində olan Təmizlik İdarəsinə də 300 fəhlə ştatı ayrılıb. Lakin Nizaməddin Quliyev həmin ştatlara özünə yaxın müxtəlif vətəndaşların adını yazdıraraq, onlara veriləcək maaş kartlarını mənimsəyib. Yəni adları olub, özləri olmayan işçilərin plastik kartlarından çıxarılan pullar icra başçısının cibinə girib. Korrupsiyaya qarşı mübarizə tədbirinin davamı olaraq Dövlət Təhlükəsizliyi Xidməti (DTX) iki gün əvvəl Neftçala Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Məlumata görə, Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Paralel olaraq Təhsil Nazirliyi və Baş Prokurorluq Bərdədə kollec direktorunun saxlanılması faktı ilə bağlı birgə məlumat yayıb. Məlumata görə, Bərdə İdarəetmə və Texnologiya Kollecinin direktorunun qanunsuz hərəkətləri barədə daxil olmuş məlumatlar əsasında Təhsil Nazirliyinin əməkdaşlarının iştirakı ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Bu tədbirlərlə Bərdə İdarəetmə və Texnologiya Kollecinin direktoru Xaləddin Ələkbərovun Kollecin direktor müavini İlqar Dursunovun vasitəsilə tələbələrin qış imtahan sessiyasından müvəffəqiyyətlə keçməsi, dərslərdə iştirak etməyənlərin davamiyyətinin nizama salınması, tələbələrin aylıq pul müqabilində dərslərdən buraxılması, digər təhsil müəssisələrindən köçürülməsi və sair hallarla bağlı kütləvi şəkildə rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və təkrar törədildikdə) maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə hərtərəfli, tam və obyektiv istintaq aparılmasını təmin etmək məqsədilə Bərdə İdarəetmə və Texnologiya Kollecinin direktoru Xaləddin Ələkbərovun və direktor müavini İlqar Dursunovun xidməti otaqlarında məhkəmə qərarı ilə axtarış aparılıb, Kollecin tələbələrinə məxsus tələbə biletləri və diplomlar, tələbələrdən alınmış müxtəlif məbləğlərdə pul vəsaitlərinə dair qeydlər və iş üzrə digər əhəmiyyətli sənəd və əşyalar aşkar edilərək götürülüb.İstintaq zamanı toplanmış ilkin sübutlarla Xaləddin Ələkbərovun və İlqar Dursunovun qeyd edilən qanunsuz hərəkətləri törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, onlar şübhəli şəxs qismində tutulub. Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin və həmin şəxslərin qanuni mənafelərini pozmuş olduqları Kollec tələbələrinin dairəsinin tam müəyyənləşdirilməsi, habelə vurulmuş ziyanın ödənilməsinin təmin olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

***

Göründüyü kimi korrupsiyaya qarşı ciddi mübarizə aparılmasına baxmayaraq hələ də regionlarda vəzifəli şəxslərinin səlahiyyətlərindən və qulluq mövqelərindən sui-istifadə edərək çoxsaylı cinayət əməllərinə yol verirlər. Təsadüfi deyil ki, Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun bu günlərdə dərc  olunan məqaləsində prezidentə ən çox müraciət olunan rayonları adları yer alıb: "2019-cu ilin rəqəmləri göstərir ki, şikayətlərin sayı 2018-ci illə müqayisədə Xətai, Yasamal, Yevlax, Ağdam, Ağstafa, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Gədəbəy, İmişli, Laçın, Neftçala, Salyan, Şamaxı, Şəmkir, Zərdab, digər şəhər və rayonlardan artıb, Sabunçu, Daşkəsən, Göygöl, Hacıqabul və başqa rayonlardan azalıb". Qeyd olunub ki, şikayətlərin təhlili və onlara obyektiv baxılması dövlət qurumlarında biganəliyin, süründürməçiliyin qarşısını almağa kömək etdiyinə görə bu müraciətlər daha diqqətlə öyrənilir: "Prezident Administrasiyasına daxil olan şikayətlər hansı sahələrdə və ya hansı bölgələrdə işin düzgün qurulmadığını da əks etdirdiyinə görə onların sayı, mövzuları, haradan daxil olması və onları doğuran səbəblər mütəmadi olaraq təhlil edilir. Mövzular üzrə təhlil göstərir ki, hüquq mühafizə və məhkəmə orqanlarının, həmçinin vəzifəli şəxslərin fəaliyyəti, bank əməliyyatları, kreditlərin verilməsi, əmək mübahisələri, işdən çıxarılma, səhiyyə müəssisələrinin və tibbi personalın fəaliyyəti, fərdi torpaq və əkin sahələrinin zəbt olunması, əlillik dərəcələrinin düzgün təyin edilməməsi, tibbi-sosial ekspert komissiyalarının, özəl müəssisələrin fəaliyyəti, mərkəzi və yerli qurumlarda vətəndaşların qəbulu və müraciətlərinə baxılması, bəzi şəhər, rayon icra hakimiyyətlərinin və bələdiyyələrin fəaliyyəti ilə bağlı şikayətlər daha çoxdur". Onu da qeyd edək ki, korrupsiya hallarına dünyanın ən inkişaf etmiş ölkələrində belə rast gəlinir. Odur ki, korrupsiyayanın kökünü birmənalı şəkildə kəsmək mümkün olmadığından ona qarşı mübarizə daimi xarakter daşıyır.

Nurlan

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31