Ermənistanda ordu - hakimiyyət qarşıdurması...
20 Fevral 2020 11:43 Siyasət... Arzu Nağıyev: "Paşinyan son məğlubiyyətləri ilə barışmadığını nümayiş etdirməyə çalışsa da, vəziyyət onun xeyrinə deyil..."
"Ermənistan ordusunda baş verən müəmmalı ölüm halları və intiharlar Nikol Paşinyan hökumətinin yuxusunu qaçırıb. Baş verənlərə görə Dağlıq Qarabağdakı separatçı qurumda təmsil olunan hərbçilərin, o cümlədən oyuncaq rejimin "müdafiə naziri"nin istefaya getməsi də Ermənistandakı etirazlara son qoymur...." Bu fikirləri politoloq Arzu Nağıyev özünün feysbuk səhifəsində yazıb:
... "İlk baxışdan elə gəlir ki, Ermənistanda baş verən proseslər müxtəlif dövlətlər tərəfindən sakit və seyrçi mövqedən qarşılanır. Lakin bu, heç də belə deyil. Zənnimcə, Münhen Təhlükəsizlik Konfransından sonra həm Ermənistanda, həm də ümumiyyətlə, onların havadarları arasında - Rusiyada, Avropada narahatlıqlar var. Narahatlıq da münaqişənin hərbi yolla həllindən doğur".
Siyasi şərhçi qeyd etdi ki, son vaxtlar təmas xəttində atəşkəs daha çox pozulur: "Yəni kənardan "fasilə yaranıb" kimi baxışlar heç də həqiqəti əks etdirmir. Məlumdur ki, Azərbaycan artıq şərtləri diktə edən tərəf kimi cavab gözləyir. Əsas məqam ondan ibarətdir ki, doğrudan da Paşinyan hərb yolundan qorxur və bu, təkcə regionda müharibənin alovlanması ilə bağlı qorxu deyil. Eyni zamanda son vaxtlar orduya qarşı olan münasibətdən doğur. Paşinyan Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsi Toyvo Klaarla da görüşündə münaqişənin ancaq sülh yolu ilə həllinin tərəfdarı olduğunu qeyd edib və hərb yolunun olmayacağı haqqında zəmanət verib. Klaarın David Tonoyanla da görüşü olub, həmin zəmanət orada da səsləndirilib".
A.Nağıyev bildirdi ki, Ermənistanda vətəndaş cəmiyyəti və ordu arasında sülh şəraitində itkilərlə bağlı dərin bir böhran yaşanır və Paşinyanı qorxudan amillərdən biri də budur: "Çünki qondarma qurumun "müdafiə naziri" Karen Obramyan və Ermənistan hərbi polisinin rəhbəri Artur Baqdasaryan 2020-ci ilin 1 yanvarından 17 fevral 2020-ci il tarixinə qədər 13 hərbçinin qeyri-hərbi əməliyyat şəraitində ölümündə birbaşa cavabdehlik daşıyırlar və onların istefası məsələsi də gündəmdədir. Bu isə cəmiyyətdə iğtişaşlara gətirib çıxara bilər. Digər məsələ qondarma qurumda bu ilin 31 martında keçiriləcək "prezident və parlament seçkiləri"dir. Bu da cəmiyyətdə qıcıq yaradan və perspektivi olmayan bir məsələ kimi dəyərləndirilir".
Politoloq qeyd etdi ki, Ermənistan cəmiyyəti bu məsələdə separatçıları dəstəkləmir: "Lakin Paşinyan və onun komandası separatçı rejimin rəhbərliyində öz adamlarını görmək ümidi ilə siyasi gedişlər edir. Təəssüf doğuran məsələ də ondan ibarətdir ki, ATƏT-in Minsk Qrupunda təmsil olunan dövlətlər sükut nümayiş etdirir. Hətta istisna deyil ki, bu "seçkilərə" müşahidəçilər göndərib sonra da bu "dövlətin mövqeyi deyil" kimi bəyanatlar verəcəklər".
A.Nağıyev onu da qeyd etdi ki, bir sözlə, Paşinyan son məğlubiyyətləri ilə barışmadığını nümayiş etdirməyə çalışsa da, vəziyyət onun xeyrinə deyil....