Beynəlxalq ictimaiyyət Xocalı soyqırımını tanımalıdır -Siyasət
Beynəlxalq ictimaiyyət Xocalı soyqırımını tanımalıdır-Siyasət
19 Fevral 2020 13:47 SiyasətSoyqırımı törədən cinayətkarlar öz cəzalarını almalıdırlar
Bəşər tarixində insanlığa qarşı vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi tarixə düşmüş Xocalı soyqırımının törədilməsindən iyirmi səkkiz il keçir. 1992-ci ilin o müdhiş fevral gecəsi Ermənistan silahlı birləşmələri Sovet İttifaqı ordusundan qalmış 366-cı alayın birbaşa dəstəyi ilə Xocalı sakinlərinə qarşı dəhşətli soyqırımı aktı törədiblər. Qəddarlıq və işgəncə faktlarına görə misli görünməmiş vəhşiliklə həyata keçirilən bu soyqırımı XX əsrin ən dəhşətli faciələrindən hesab olunur. Çünki həmin gecə əlyalın, silahsız xocalı sakinlərinə bir gecənin içində amansız divan tutulub. Soyqırımı nəticəsində yüzlərlə xocalılı qadın, kişi, yaşlı, cavan, körpə uşaq həlak olub. Yüzlərlə insan yaralanıb, xəsarət alaraq şikəst olub, əsir düşüb. Əslində, Xocalı faciəsi bir gecənin hadisəsi deyildi. Ermənilər bu faciəyə Dağlıq Qarabağ münaqişəsi başlandıqdan sonra hazırlıq görmüşdülər. Onlar Qarabağın digər ərazilərində də belə faciələr törətməyə çalışsalar da, bunun ən dəhşətlisini Xocalıda həyata keçirdilər. Xocalı faciəsinə gedən yolun başlanğıcı isə Dağlıq Qarabağ münaqişəsinin daha aydın şəkildə meydana çıxdığı dövrə təsadüf edir. Elə həmin vaxtdan da Xocalı qətliamının əsası qoyulurdu. Bu faciə Azərbaycan xalqına qarşı Ermənistan-Azərbaycan müharibəsi dövründə vurulmuş ən ağır zərbədir. Lakin bütün bu məşəqqqətlərə baxmayaraq xocalılar bu faciəni mərdliklə, qəhrəmanlıqla qarşıladılar. Öz evini, şəhərini, ailəsini qəhrəmancasına müdafiə edərək şəhid oldular. Odur ki, ermənilər tərəfindən törədilən bu vəhşiliklər dünya ictimaiyyətinə çatdırılmalı, soyqırımı törədən cinayətkarlar öz cəzalarını almalıdırlar.
Azərbaycan dövləti xalqımıza qarşı törədilən soyqırım faktını dünyaya çatdırmaq istiqamətində məqsədyönlü siyasət aparmaqdadır. Elə bu məqsədlə də Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll edilməsinin tərəfdarı olduğunu, həmçinin, xalqımıza qarşı törədilən cinayətlərə ədalətli siyasi-hüquqi qiymətin verilmədiyini dəfələrlə mötəbər beynəlxalq tədbirlərdə bəyan edib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış "Xocalıya ədalət!" beynəlxalq kampaniyası da Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işə mühüm töhfədir. Artıq bu istiqmətdə görülmüş işlər öz müsbət nəticəsini verməkdədir. Belə ki, dünyanın bir sıra ölkələri Xocalı faciəsini siyqırım kimi tanıyıblar. Konkret olaraq Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya və Paraqvay parlamentləri, eləcə də ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyib, İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə soyqırımı kimi tanıyıb. Lakin Xocalı soyqırımının miqyası tələb edir ki, onun dünyada tanıdılması istiqamətində görülən işlər davamlı olsun.
Elə bu məqsədlə Almaniyanın Berlin şəhərindəki Brandenburq qapıları yaxınlığında yerləşən Paris meydanında Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar Ümumavropa Qarabağ mitinqi keçiriləcək. Dünyanın 30-a yaxın ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə keçirilən mitinq fevralın 22-si saat 13:00-da baş tutacaq. Aksiyaya Azərbaycan, Almaniya, Niderland, Macarıstan, Polşa, İspaniya, İtaliya, Belçika, İsveç, Latviya, Litva, Estoniya, Çex Respublikası, Avstriya, İsveçrə, Norveç, Finlandiya, Fransa, Rumıniya, Xorvatiya, Böyük Britaniya, Yunanıstan, Moldova, Ukrayna, Gürcüstan, Türkiyə, ABŞ, Kanada və bir sıra başqa ölkələrdə yaşayan soydaşlarımız, eləcə də Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor üzvlərinin qatılacağı gözlənilir.
Xocalı soyqırımının 28-ci ildönümü ərəfəsində keçirilən mitinqin iştirakçıları "Qarabağa Azərbaycandır!", "Biz terrora yox deyirik", "Azərbaycan ədalət tələb edir!", "Xocalıya biganə qalma!", "Dinc və günahsızların qatillərinə ar olsun!", "Erməni yalanlarına dur de!", "İşğalı dayandırın!", "Qarabağ haqqımızdır!" kimi şüarlarla beynəlxalq təşkilatlara çağırış edəcəklər. Aksiya iştirakçıları 28 il əvvəl ermənilərin Xocalıda törətdikləri soyqırıma beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verilməsini, işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılması üçün Ermənistana təzyiq göstərilməsini, yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların pozulmuş hüquqlarının bərpa edilməsini, münaqişə ilə bağlı qəbul olunmuş məlum beynəlxalq sənədlərə Ermənistanın riayət etməsini tələb edəcəklər.Mitinq zamanı yerli sakinlərə, turistlərə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrini, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın məruz qaldığı maddi və mənəvi itkiləri əks etdirən broşürlər paylanılacaq. Mitinqdə min nəfərdən çox soydaşımızın iştirakı gözlənilir. Ümumavropa Qarabağ mitinqinin sonunda yekun sənədin qəbulu və bir sıra beynəlxalq təşkilatlara ünvanlanması planlaşdırılıb.
Qeyd edək ki, Xocalı faciəni törətməkdə erməni şovinistlərinin məqsədi xalqımızı qorxutmaq, vahimə içində saxlamaq, onun mübarizə əzmini qırmaq, işğal faktı ilə barışmasına nail olmaq idi. Lakin düşmən öz məkrli niyyətlərinə çata bilmədi. Xocalının qəhrəman müdafiəçiləri təpədən dırnağa qədər müasir silahlarla təchiz olunmuş düşmən qarşısında özünü itirmədi, əyilmədi, qəhrəmanlıq və rəşadət nümunələri göstərdi. Onlar qeyri-bərabər döyüşdə igidliklə vuruşaraq əsl fədakarlıq və vətənpərvərlik nümunəsi göstərdilər. Qeyd edək ki, Xocalı faciəsi zamanı yol verilmiş cinayət əməllərinin qabaqcadan düşünülmüş qaydada, milli mənsubiyyətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq və dövlətdaxili hüquqa əsasən məhz soyqırımı olduğunu sübut edir. Odur ki, BMT-nin "Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyasına görə, soyqırımını törədənlər qanunvericiliyə uyğun olaraq cəzalandırılmalıdırlar.
Nurlan
Olaylar.az