İctimai nəqliyyatdakı problemlərlə bağlı prezidentdən vacib mesajlar -TƏHLİL
İctimai nəqliyyatdakı problemlərlə bağlı prezidentdən vacib mesajlar-TƏHLİL
19 Fevral 2020 13:35 Siyasətİlham Əliyev: "Əgər kimsə işçiləri qanunsuz işlədirsə, istismar edirsə, cəzasını alacaq"
Cəmiyyəti narahat edən, onu düşündürən istənilən məsələyə Prezident İlham Əliyevin həssas yanaşdığının şahidi olmuşuq, zaman-zaman bunu aydın şəkildə müşahidə etmişik. İstər problemli kreditlər, istər kommunal xidmətlər, istər ayrı-ayrı təbəqələr, xüsusilə həssas qrupa aid olan insanlara birdəfəlik yardımların verilməsi kimi məsələlərdə dövlət başçısı hər zaman xüsusi bir yanaşma nümayiş etdirib, bu və ya digər istiqamətdə mövcud olan problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində konkret və nəticəyə hesablanmış addımlar atıb.
Günümüzdə vətəndaşlarımızın ən çox istifadə etdiyi ictimai nəqliyyatın daha da yaxşılaşdırılması, bu sahədə mövcud olan nöqsanların aidiyyati qurumlarla müzakirə edilib, onun həllinə nail olunması da dövlət başçısının ciddi diqqət yetirdiyi məsələlər sırasındadır. Düzdür, son illərdə məhz Cənab Prezidentin bu istiqamətə göstərdiyi diqqət və qayğı, ictimai nəqliyyat sisteminin daha da yaxşılaşdırılması məqsədilə görülən işlər müsbət nəticələrini göstərib. İndi artıq təkcə paytaxt Bakıda deyil, eyni zamanda bir sıra iri şəhərlərdə də ictimai nəqliyyat xidmətləri kifayət qədər yaxşılaşdırılıb, bu sahədə məqsədyönlü tədbirlər həyata keçirilib. Lakin hər bir proses getdikcə yenilik, müasirlik tələb etdiyi kimi, ictimai nəqliyyat sahəsində də müvafiq yeniliklərin həyata keçirilməsi vacib amillərdəndir. Bu mənada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul etməsi də, məhz yuxarıda qeyd etdiyimi səbəblə bağlıdır. Bu arada mütləq onu da etiraf etmək lazımdır ki, Bakı Nəqliyyat Agentliyinin fəaliyyət göstərdiyi ötən bir neçə il ərzində paytaxtın ictimai nəqliyyat problemi demək olar ki, aradan qalxıb, vətəndaşların rahatlığının, mənzil başına vaxtında və təhlükəsiz çatmasının təmin edilməsi üçün müəyyən addımlar atılıb. Elə ötən gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edərkən söylədiyi fikirlər də onu bir daha təsdiq edir ki, keçən müddət ərzində ictimai nəqliyyatda xeyli tədbirlər həyata keçirilib, sərnişinlərin rahatlığının təmin olunması üçün zəruri addımlar atılıb. Prezidentin də qeyd etdiyi kimi son beş il ərzində Bakıya yüzlərlə yeni avtobus gətirilib. Bu avtobusların hamısı dünyanın aparıcı şirkətlərinin istehsalıdır: "Bu, bizim şüurlu seçimimizdir. Çünki Bakıda ən müasir texnologiyalar tətbiq edilməlidir, o cümlədən nəqliyyat vasitələrinin dünyanın ən yüksək standartlarına cavab verməsi əsas şərtlərdən biridir. Onu da bildirməliyəm ki, beş il bundan əvvəl Bakıya gətirilmiş ilk xarici istehsal olan avtobuslar, hətta o avtobusların istehsal olunduğu ölkələrdə hələ xətlərə çıxmamışdı. Yəni, ən müasir avtobuslar gətirilir. Əlbəttə ki, bu, şəhər nəqliyyatının böyük dərəcədə yaxşılaşdırılması istiqamətində çox önəmli addımdır".
Prezident İlham Əliyevin sözügedən görüş zamanı bir sıra vacib mesajları, ciddi xəbərdarlıqları da oldu ki, bu da təkcə BNA rəhbərliyinə aid deyildi. Hələ bir müddət əvvəl də dövlət başçısı işçinin gün ərzində 8 saatdan artıq işləməməli olduğunu bildirmiş və bütün dövlət və qeyri-dövlət müəssisələrində bu prinsipə əməl edilməsini tapşırmışdı. Ötən gün bir daha bu vacib mesajı verən Cənab Prezident haqlı olaraq bildirdi ki, bu kimi hallar qeydə alınarsa, həmin şəxslərə, işəgötürənlərə qarşı ciddi ölçü götürüləcək. Dövlət başçısının bu xəbərdarlığı ictimai nəqliyyat sürücüləri üçün xüsusi önəmlidir. Hər kəsə məlumdur ki, bir sıra daşıyıcı şirkətlər avtobus sürücüləri üçün gündəlik planı tez-tez artırdıqları üçün sürücülər bəzən 12-14 saat belə sükan arxasında olmaq məcburiyyəti ilə üzləşirlər. Bu isə onların yuxusuz qalması, nəticə etibarilə sükan arxasında bir sıra hallarda qəza törətməsi kimi hallarla rastlaşmasına gətirib çıxarıb. Elə buna görə də Cənab Prezident 8 saatlıq iş rejiminin xüsusilə sürücülər arasında da tətbiq edilməsinin vacibliyini vurğuladı. Çünki bu həm sürücülərin, həm də sərnişinlərin, ümumilikdə vətəndaşlarımızın təhlükəsizliyi üçün başlıca amildir: "Bununla bərabər, bəlkə də bundan daha vacib məsələ təhlükəsizlikdir, sürücülərin hazırlanmasıdır, onların tibbi müayinəsi və iş qrafikidir. Mən bu yaxınlarda bildirdim ki, heç kim gündə 8 saatdan artıq işləməməlidir. Əgər kimsə işçiləri qanunsuz işlədirsə, istismar edirsə, cəzasını alacaq. Əlbəttə, əminəm ki, Bakı Nəqliyyat Agentliyində çalışan sürücülər bu meyarlara riayət edirlər. İnsanların rahatlığı da vacib məsələdir".
***
Qeyd etdiyimiz kimi Cənab Prezident cəmiyyətdə baş verən, onu narahat edən hər bir məsələyə xüsusi həssaslıqla yanaşıb qısa müddət ərzində həmin problemin həllinə nail olur, yaxud bu məqsədlə müvafiq qurumlarla birgə həll yolları axtarır. Bu mənada son vaxtlar paytaxt küçələrində avtomobillərin parklanması ilə bağlı yaşanan problem, sürücülərlə Bakı Nəqliyyat Agentliyi arasında meydana gələn insdentlər də dövlət başçısının diqqətindən qaçmayıb və Cənab Prezident Vüsal Kərimlini qəbul edərkən sözügedən məsələyə də diqqət çəkib. İlham Əliyev haqlı olaraq bildirib ki, hər şeyə, xüsusilə parkinq məsələsinə ədalətli yanaşılmalıdır: "Parkinq imkanları olmalıdır ki, sonra biz vətəndaşlardan bu qaydalara riayət etmələrini tələb edək. Ona görə, bəzi hallarda sürücülər bu qaydaları kobudcasına pozurlar. Parkinq olan yerdə maşınları münasib olmayan yerlərdə saxlayıb, həm piyadalara maneə törədirlər, həm də nəqliyyata problem yaradırlar. Ancaq kifayət qədər böyük imkanlar, yəni, parkinq yerləri olmalıdır ki, biz sürücülərə bu tələbləri irəli sürək".
Dövlət başçısı əslində səsləndirmiş olduğu fikirlərlə vəzifədə olan qohum-əqrəbalarına arxalanıb yol hərəkəti qaydalarını kobud şəkildə pozan şəxslərə, xüsusilə onlara himayədarlıq edən məmurlara da dolayı yolla xəbərdarlığını bir daha etmiş oldu ki, qanun hamı üçün eynidir, kimliyindən asılı olmayaraq qanunu heç kəs poza bilməz. Çünki bir sıra hallarda qanunsuz parklanma edən avtomobillərin sahiblərinin hansısa vəzifəli şəxsin övladı, yaxud qohum-əqrəbası olduğu üzə çıxır. Bu da nəticə etibarilə yol hərəkətində tıxac yaradır, nəqliyyat vasitələrinin hərəkətinə maneçilik törədir. Ona görə də dövlət başçısı qəti olaraq bildirdi ki, burada da heç bir qanun pozuntusu olmamalıdır: "Qanun qarşısında hamı bərabərdir. Hamı bilməlidir ki, şəhər nəqliyyatı həm insanların rahatlığıdır, həm bizim sağlamlığımızdır, həm də havanın təmiz olmasıdır. Yenə də deyirəm, havanı ən çox çirkləndirən nəqliyyat vasitələridir, xüsusilə, tıxac olan yerdə. Tıxacın olmaması isə sizin əsas vəzifənizdir. Siz bundan sonra da aidiyyəti dövlət qurumları ilə bu istiqamətdə fəal olmalısınız".
S.İsmayılbəyli
Olaylar.az