“Bütün nəqliyyat növləri arasında koordinasiya işlərinin aparılması yaxşı haldır”
“Bütün nəqliyyat növləri arasında koordinasiya işlərinin aparılması yaxşı haldır”
19 Fevral 2020 13:29 Siyasətİlham Əliyev: "Hesab edirəm ki, taksi, metro və avtobus xidmətləri növbəti mərhələdə bir-biri ilə daha da sıx əlaqədə olmalıdır"
Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda sürətli sosial-iqtisadi inkişafın təmin olunması istiqamətində nəhəng layihələr icra edilir. Bütün bunlar vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına, insanların rahatlığının, təhlükəsizliyinin təmin olunmasına yönəlib. Hazırda ölkədə keyfiyyətli ictimai nəqliyyat xidmətlərinin göstərilməsi ilə bağlı görülən işlər də məhz bu amildən qaynaqlanır. Xüsusən, Regionların sosial iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramlarının icrası nəticəsində ən ucqar dağ rayonlarında yol infrastrukturu yenilənib. Təkcə şəhərlərarası yollar deyil, eləcə də məhəllədaxili yollar təmir edilib. Paralel olaraq prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, son illərdə nəqliyyat parkının müasirləşdirilməsi, sərnişinlərin müntəzəm marşrut avtobuslarından təhlükəsiz və rahat istifadəsini təşkil etmək məqsədilə bir sıra layihələr icra olunub. Bu layihələrdən biri də ictimai nəqliyyat sistemində yenilik olan Nəqliyyat Mübadilə mərkəzlərinin - HUB-ların yaradılmasıdır. Burada əsas məqsəd sərnişinlərin rahat gediş-gəlişinin təmin edilməsi, şəhərdə nəqliyyatın mobilliyinə nail olunması, Bakının mərkəzi hissəsində nəqliyyat sıxlığının aradan qaldırılmasıdır. Xatırladaq ki, bu layihənin icrası vətəndaşların rahatlığı ilə yanaşı, sərnişindaşımada təhlükəsizlik baxımından da mühüm rola malikdir.
Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edərkən deyib ki, şəhər nəqliyyatının təkmilləşdirilməsi hər bir böyük şəhər üçün önəmli məsələdir: "Şadam ki, son illər ərzində Bakı şəhərində görülmüş işlər kompleks xarakterlidir və bu işlər nəqliyyatla bağlı bütün sahələri əhatə edir. Bütün nəqliyyat növləri arasında koordinasiya işlərinin aparılması yaxşı haldır. Hesab edirəm ki, taksi, metro və avtobus xidmətləri növbəti mərhələdə bir-biri ilə daha da sıx əlaqədə olmalıdır. Əsas məsələ tıxacların azaldılmasıdır. Əlbəttə ki, bunun üçün təkcə yeni yolların çəkilişi, yeni qovşaqların tikintisi ilə işimizi məhdudlaşdıra bilmərik. Amma o da həqiqətdir ki, əgər son 10-12 il ərzində Bakıda böyük yol infrastrukturu layihələri icra edilməsəydi, bu gün şəhər nəqliyyatı tıxacdan tərpənə bilməzdi. Bu, həqiqətdir. Sadəcə, 10 il bundan əvvəl mövcud olan mənzərəyə qayıtmaq lazımdır ki, bunu hər kəs görsün və bilsin. Bizim əsas nəqliyyat damarlarımız demək olar ki, tamamilə iflic vəziyyətdə idi. Şəhəri hava limanı ilə birləşdirən əsas yol, baxmayaraq ki, dördzolaqlı sayılırdı, əslində, ikizolaqlı idi və bu yol boyunca bir neçə dairə mövcud idi. Ancaq bu gün bir dənə də dairə yoxdur, yəni hava limanından şəhərə çox rahat gəlmək üçün bütün imkanlar var. Təkcə bu deyil, hava limanına digər avtomobil yolunun çəkilişi də böyük əhəmiyyət daşıyır. Zığ istiqamətindən hava limanına, ümumiyyətlə, yol yox idi. O vaxt biz təşəbbüs göstərərək onu icra etdik və bu, bir çox məsələləri həll etdi. Eyni zamanda, deyə bilərəm ki, son illərdə Bakı şəhərində görülmüş işlərin, tikilmiş körpülərin, yol qovşaqlarının bəlkə də misli-bərabəri yoxdur. Ancaq bununla yanaşı, nəqliyyat vasitələrinin sayı artır. Bu da əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasından xəbər verir. Statistika var, hər il ölkəmizə gətirilən və artıq hazırda ölkəmizdə istehsal olunan nəqliyyat vasitələrinin sayı artmaqdadır. Əhalimiz artır, Bakı şəhərinin əhalisi artır. Ona görə, şəhər nəqliyyatımız bu artıma uyğun şəkildə inkişaf etməlidir və bu artımla uzlaşmalıdır. Odur ki, bundan sonra metro tikintisi, yeni qovşaqların inşası, Bakı dairəvi dəmir yolunun çəkilişinin başa çatdırılması, avtobus nəqliyyatının səmərəli fəaliyyəti - bütün bu nəqliyyat seqmentləri vahid bir mexanizm kimi işləməlidir. Əsas məsələ insanların yola sərf edəcəyi vaxtın azaldılmasıdır".
Birmənalı şəkildə qeyd etmək olar ki, prezident İlham Əliyevin tapşırıq və göstərişləri əsasında ölkənin yol infrastrukturu yenidən qurulub. Xüsusilə paytaxt Bakıda yollar müasir standartlara uğunlaşdırılıb. Paytaxt Bakının mərkəzi küçələrində yeni səkilərin salınması, görmə əngəlli vətəndaşlar üçün şəraitin yaradılması buna əyani sübutdur. Dövlət başçısının tapşırığına əsasən, Bakı Nəqliyyat Agentliyi tərəfindən Bakı şəhərinin əsas giriş-çıxış ərazilərində 5 böyük HUB təşkil edilib, şəhər və qəsəbələrdə isə 6 kiçik HUB-ın yaradılması planlaşdırılır. Bütün mərkəzlərdə müasir şəhər nəqliyyatına cavab verən ən yüksək şəraitin yaradılması nəzərdə tutulur. Hətta paytaxtda velosiped yolunun salınması diqqətdən kənarda qalmayıb. Belə ki, hökumət evinin arxasında pilot layihə kimi velosiped yolunun salınması nəzərdə tutulur. Yolun 100 metrlik hissəsi artıq hazırdır. Ümumilikdə Bakı şəhərində 18,5 kilometrlik, ilk mərhələdə isə 7,5 kilometrlik velosiped yolunun salınması nəzərdə tutulur. Onu da qeyd edək ki, şəhərdə parklanma ilə əlaqədar ilkin mərhələdə 600-dək yer müəyyənləşdirilib. Hazırda bu istiqamətdə infrastruktur işləri görülür.
Təkcə paytaxt Bakı deyil, eləcə də Bakıətrafı kənd və qəsəbələrin sakinlərinin rahatlığını təmin etmək məqsədilə yeni marşurut xətləri istifadəyə verilib. Konkret olaraq "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzində ətraf kənd və qəsəbələri şəhər mərkəzi ilə birləşdirən 30 müntəzəm marşrut xətti üzrə 430-a yaxın avtobusun fəaliyyəti təmin edilib ki, bununla da mərkəzin xidmətlərindən gün ərzində 270 min nəfərə yaxın sərnişin istifadə edə bilir. Ümumilikdə isə gün ərzində Bakı şəhərində 2,2 milyon sərnişin daşınır. Burada hər bir marşrut xətti üzrə avtobuslar üçün dayanacaq yeri müəyyən edilib, məlumatlandırıcı lövhələr yerləşdirilib. Paytaxtın avtobus parkının yenilənməsi məqsədilə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 300 yeni avtobus sifariş olunub. Avtobuslardan 168-i artıq BNA-ya təhvil verilib. Oktyabrın sonunda avtobusların sayı 200-ə çatdırılacaq. Ümumilikdə bütün avtobusların ilin yekununda təhvil verilməsi planlaşdırılır. Sadalanan faktlar deməyə əsas verir ki, əhalinn rahatlığını təmin etmək məqsədilə ölkədə yol infrastrukturunun müasirləşdirilməsi diqqət mərkəzində saxlanır. Sözsüz ki, yaradılmış şərait paytaxtda tıxacların azaldılmasında əhəmiyyətli rol oynayacaq.
Zəka
Olaylar.az