Rusiya-Türkiyə müttəfiqliyi təhlükədə -MÜNASİBƏT
Rusiya-Türkiyə müttəfiqliyi təhlükədə-MÜNASİBƏT
19 Fevral 2020 13:25 SiyasətZaman-zaman Türkiyə ilə Rusiya arasında mövcud olan yüksək səviyyəli əməkdaşlıq, hətta strateji tərəfdaşlığa müəyyən maraqlı qüvvələr, xüsusilə də Qərb, Birləşmiş Ştatlar tərəfindən zərbə vurulmaq istənilib, buna cəhdlər göstərilib. Bunun üçünsə hər iki tərəf üçün həssas nöqtə hesab edilən Yaxın Şərqdə, əsas etibarilə də Suriyada Moskva ilə Ankaranı üz-üzə gətirməyə cəhd göstərilib, iki müttəfiq arasında ziddiyyət yaradılmasına çalışılıb. Hazırda da eyni tendensiya müşahidə edilməkdədir. Görünən odur ki, Türkiyə ilə Rusiyanı Suriyada qarşı-qarşıya qoymaq hədəflənib. Hər nə qədər tərəflər mümkün təxribatlara uymamağa, aralarında problem yaratmamağa çalışsalar da, lakin müəyyən maraqlar və üçüncü tərəfin də məhz həmin maraq prizmasından məsələyə yanaşaraq ciddi oyun oynaması problemin ciddiliyini artırıb. Vəziyyət o həddə çatıb ki, hətta tərəflər ən yüksək səviyyədə görüşüb problemi müzakirə etmək qərarına gəliblər. Hər halda ötən gün hər iki ölkənin xarici siyasət idarəsi rəhbərinin Moskvada bir araya gəlməsi təsadüf deyildi və demək olar ki, görüş sırf sözügedən problem səbəbindən reallaşırdı.
***
İndiki situasiyada tərəflər arasında müşahidə edilən incikliklər, bunu aradan qaldırmaq üçün keçirilən görüşlərin mümkün müsbət nəticələrindən danışan müstəqil ekspert Rusif Məmmədsoy deyib ki, Türkiyə və Rusiya diplomatlarının Moskvadakı görüşündə əsas müzakirə mövzusu İdlib olub. Onun sözlərinə görə, bu da gözlənilən idi. Çünki, iki ölkə arasındakı əməkdaşlıq İdlib hadisələrinə görə qırılma nöqtəsinə gəlib çıxıb: "Nümayəndələr arasında görüş davam edəcək. Hər hansı bir nəzərəçarpacaq irəliləyiş müşahidə edilməyib. Rusiyanın Suriyada öz öhdəlikləri var. Hətta bunun üçün Türkiyə kimi bir ölkə ilə açıq və ya gizli şəkildə qarşı-qarşıya da gəlməyə hazırdır. Təsadüfi deyil ki, Rusiya xarici işlər naziri Sergey Lavrov ötən gün açıqlamasında bildirdi ki, "Türkiyə ilə müəyyən əməkdaşlıq edə bilərik. Lakin, bu o demək deyil ki, hər məsələdə eyni mövqe sərgiləməliyik ". Heç kimə sirr deyil ki, Suriya faktiki olaraq Rusiyanın vassalıdır. Bu mənada Rusiya Bəşər Əsədi qorumaqla yanaşı, bu bölgələrlə bağlı öz planları var. Həmin planlar isə Suriyanın sərhəd bütünlüyünü bərpa etdikdən sonra mümkündür". Ekspert bildirib ki, Türkiyə öz mübarizəsində haqlı tərəfdir: "80-ci illərdən Türkiyə PKK ilə mübarizə aparır. Həmin terror qruplaşmaları isə məhz həmin sərhədlər boyunca hücum edir. Fəratın sağ sahilindən gələn adı çəkilən terror qruplaşmaları hazırda da aktivlik göstərir. Bu mənada Türkiyə bu məsələnin kökünü birdəfəlik kəsmək istəyir. Lakin, bu da olduqca çətin bir prosesdir. Belə ki, əməkdaşlıq etdiyi Rusiya Əsəd qüvvələrinə dəstək verir. Türkiyə üçün hava hücumlarını məhdudlaşdırıb. Hazırda İdlibə göndərilən Türkiyə Silahlı Qüvvələri Əsəd qüvvələri tərəfindən mühasirəyə alınır. Bunun səbəbi çoxdur". Rusif Məmmədsoy onu da diqqətə çatdırıb ki, Rusiya ilə Türkiyə arasında hər zaman fikir ayrılıqları olacaq: "Bu yalnız Suriyada deyil, eyni zamanda Aralıq dənizində də müşahidə edilir. Lakin, səbəb yalnız bu deyil. Türkiyə Rusiyanı çox yaxın buraxmaq istəmir. Hesab edirəm ki, Kanal İstanbul boğazı da bu məsələdə əhəmiyyətli dərəcədə rol oynayır. Çünki Türkiyə bununla Montre anlaşmasını bitirmiş olur. Bundan əlavə Türkiyə bir NATO ölkəsidir. Son illər müəyyən soyuqluq yaranıb, amma istənilən halda Türkiyə üzv ölkələr üçün əvəzedilməz tərəfdaşdır. Bu səbəbdən də NATO bu vəziyyətdən istifadə etməyə çalışacaq. NATO baş katibi Yens Stoltenberqin son çıxışları da təsadüfi deyil. Birləşmiş Ştatlarla da münasibətlərdə yumşalma hiss edilir. Artıq həm Qərb, həm də Rusiya yaxşı başa düşür ki, Suriya məsələsi Türkiyə ilə əməkdaşlıq üçün "açar" rolunu oynayır.
Düşünürəm ki, Rusiya və Türkiyə arasındakı əməkdaşlıq elə söz olaraq da qalacaq. Bu meydanda hiss edilməyəcək. Türkiyə Suriyada söz sahibi olarsa, bu birbaşa Rusiyanın maraqlarına ziddir. Bu mənada bu əməkdaşlığın uzun ömürlü olacağını düşünmürəm. Təbii ki, sual oluna bilər ki, bəs iki dövlət arasındakı müqavilələr, anlaşmalar necə olacaq? Rusiya və Türkiyə arasında hazırda əsas anlaşma Akkuyu AES- lə bağlıdır. Hansı ki, uzun illərdən sonra Rusiya Türkiyəyə belə bir imkan yaratdı. Bununla da Türkiyə xaricdən enerji almalı olmayacaq. Lakin, bu anlaşma ötən il qüvvəyə minsə də, ilkin razılaşmalar hələ 2010-2011-ci illərə söykənir. Sonradan məlum helikopter və.s məsələlər əngəl törədirdi. Bu dəfə də Birləşmiş Ştatlarla Türkiyə arasındakı soyuq münasibətlərdən istifadə edən Rusiya bundan istifadə etdi".
Füzuli
Olaylar.az