Prezident İlham Əliyevdən Paşinyana hüquq dərsi- TƏHLİL
Prezident İlham Əliyevdən Paşinyana hüquq dərsi-TƏHLİL
17 Fevral 2020 14:29 SiyasətNikol tarixi həqiqətlər və beynəlxalq hüququn tələbləri qarşısında çıxılmaz vəziyyətə düşdü
Ermənistan dövlətinin tarixən yürütdüyü uydurma, xəstə təxəyyülə hesablanmış ərazi iddiası siyasəti fiaskoya uğramaqdadır. Dünya liderlərinin "sərhədsiz dünya" ideyasını ortaya atdıqları bir dövrdə ermənilərin yaşadıqları ölkədə ərazi iddiaları irəli sürmələri yersiz və gülünc görünür. Çox təssüf ki, erməni ideoloqları anlamaq istəmirllər ki, artıq onların əsassız ərazi iddiaları dünya ölkələrini bezidib. Bu iyrənc iddianı zaman-zaman ortaya atmağa can atan ermənilər sanki bundan zövq alırlar. Ancaq etiraf edilməlidir ki, artıq dünya belə iyrənc siyasəti qəbul etmir, hətta bu iddianı hələ formalaşmamış millətin, xalqın arzusu kimi dəyərləndirirlər. Bunun əksinə olaraq Azərbaycan dövlətinin heç vaxt özgə torpaqlarında gözü olmayıb, heç bir dövlət qarşısında ərazi iddiası ilə çıxış etməyib. Lakin, öz ərazi bütövlüyünü daim qoruyub, saxlayıb və onun təmin oluması üçün beynəlxalq hüququn verdiyi bütün mümkün imkanlardan istifadə edib. Xüsusən, Prezident İlham Əliyev Azərbaycan dövlətinin ərazi bütövlüyünün təmin olunması, beynəlxalq təşkilatlar tərəfindən tanınan sərhədlərinin qorunması istiqamətində daim məqsədyönlü siyasət aparıb. İstənilən beynəlxalq tədbirdə Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı faktını qaldırıb və beynəlxalq təşkilatlardan ədalətin bərpa olunmasını tələb edib. Elə fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirələrdə də söylədiyimiz fikir bir daha təsdiqini tapmış oldu. Belə ki, N.Paşinyanın heç bir əsası olmayan, real faktlara söykənməyən arqumentlər gətirmək cəhdi debat iştirakçılarının gülüşü ilə qarşılandı. Prezident İlham Əliyevin isə məntiqli, tutarlı arqumentlər səsləndirməklə opponenti üzərində üstünlük qazanması açıq-aydın sezildi.
Nəzərə almaq lazımdır ki, 1962-ci ildən keçirilən Münxen Təhlükəsizlik Konfransı dünyanın ən nüfuzlu dialoq platformalarından biri sayılır. 1998-ci ildən etibarən Almaniya hökuməti tərəfindən maliyyələşdirilən konfrans iştirakçıların statusuna və sayına görə, eləcə də dünyanın diqqət mərkəzində olduğu üçün özünün analoji alternativlərini xeyli üstələyir. Sözügedən debat da məhz Münxen Təhlükəsizlik Konfransı kimi mötəbər forum çərçivəsində keçirilirdi. Konfransda 800-dən çox nümayəndə, 150 dövlət və hökumət başçısı, həmçinin hökumət üzvü iştirak edirdi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlər canlı yayımda bütün beynəlxalq birliyin diqqətinə çatdırılırdı. Belə bir şəraitdə Prezident İlham Əliyev sözün həqiqi mənasında Ermənistanın baş nazirinə tarix dərsi keçdi. Müzakirələrdən aydın göründü ki, Dağlıq Qarabağın tarixi, müxtəlif dövrlərdə bu ərazilərin mənsubluğu ilə bağlı tarixi həqiqətlər Ermənistan üçün çox ağır mövzudur. Prezident İlham Əliyevin Dağlıq Qarabağın Azərbaycana məxsus olması ilə bağlı söylədiyi tarixi həqiqətlər qarşısında Paşinyanın eramızdan əvvəlki dövrə mücərrəd və dolayı ekskursu auditoriyanı çaşdırmaq cəhdindən başqa bir şey deyildi. Əgər Paşinyan həqiqətən də Dağlıq Qarabağın ermənilərə məxsus olduğunu təsbit edən hər hansı bir fakta, sənədə malik olsaydı, mütləq şəkildə bunu açıqlayardı. Bilavasitə göründü ki, Paşinyan Prezident İlham Əliyev tərəfindən səsləndirilən tarixi həqiqətlər və təqdim etdiyi faktlar qarşısında aciz durumda qaldı. Dövlət başçımız tarixi faktları sadalamaqla opponentini çıxılmaz vəziyyətdə qoydu: "Münaqişənin necə həll edilməsi haqqında danışmaq üçün hər şeydən öncə biz geriyə qayıtmalı və məsələnin tarixinə baxmalıyıq. Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bu, tarixi həqiqətdir və beynəlxalq hüququn normalarına əsaslanır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. Dağlıq Qarabağ bizim ölkənin ayrılmaz tərkib hissəsidir. Tarixi nöqteyi-nəzərdən, 1805-ci ildə Qarabağ xanı İbrahim xan Rusiya imperiyasının generalı Sisianovla saziş imzalayır. Bu sazişə əsasən, Azərbaycanın Qarabağ xanlığı müstəqil ölkə kimi Rusiya imperiyasının tabeçiliyinə keçir. Kürəkçay adlandırılan həmin sazişdə, - sazişin mətni internetdədir, - Qarabağın erməni əhalisi barədə heç nə deyilmir. 1813-cü və 1828-ci illərdə imzalanmış digər müqavilələr - Gülüstan və Türkmənçay müqavilələrinə əsasən Azərbaycanın qalan hissələri Rusiya imperiyasının tərkibinə keçir. Dağıstan, Gürcüstan və Ermənistan da həmçinin. Beləliklə, bu, məsələnin tarixi tərəfidir". Göründüyü kimi Azərbaycanın dövlət başçısı təkcə Nikol Paşinyana deyil, eləcə də dübat iştirakçılarına bir daha Dağlıq Qarabağın tarixən Azərbaycan ərazisi olduğunu tarixi faktlarla sübut etmiş oldu. Dövlət başçımız heç də ideoloji, siyasi və sair maraqlar baxımından qarşı tərəfi günahlandırmadı, hansısa lideri aşağılamağa və ya mövqeyini zəiflətməyə çalışmadı. Sadəcə tariki faktlarla Dağlıq Qarabağın Azərbaycanın tarixi ərazisi olduğunu sübuta yetirdi. Prezident İlham Əliyev hətta münaqişənin həlli yolunu da açıqlamaqla debat iştirakçılarını ədalətə dəvət etmiş oldu: "Beynəlxalq hüquq məsələsinə gəlincə, yenə deməliyəm ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Bu qətnamələrin tələbləri hələ də yerinə yetirilməyib. Ona görə də sülh danışıqları nəticəsində əldə ediləcək istənilən həll yolu Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün saxlanılmasını təmin etməlidir".
Beləliklə Prezident İlham Əliyevin Dağlıq Qarabağın Azərbaycana məxsus olması və münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna biləcəyinə dair təqdim etdiyi hüquqi bazanın qarşısında Paşinyan tutarlı heç bir arqument nümayiş etdirə bilmədi. Prezident İlham Əliyev XlX əsrin əvvəlindən başlayaraq 200 il ərzində imzalanmış çoxsaylı saziş və müqavilələrdən danışdığı halda, Paşinyan bir dənə də olsun hüquqi cəhətdən əsaslandırılmış fakt ortaya qoymadı. Prezident İlham Əliyev həm də Dağlıq Qarabağın hüquqi cəhətdən Azərbaycana məxsus olmasını bütün dünyaya bir daha nümayiş etdirdi.
Dövlət başçımızın gətirdiyi tutarlı faktlar debat iştirakçılarına bir daha əsas verdi düşünsünlər ki, Azərbaycan qonşu dövlət olan Ermənistanın ərazi iddialarına və işğalçı hücumlarına məruz qalıb, bu işğala xaricdən ciddi dəstək verilib, Azərbaycan ərazisinin 20%-i hələ də Ermənistanın işğalı altındadır. Mövcud vəziyyət isə regionla bərabər, dünya üçün də təhdid mənbəyidir. Azərbaycanın bütün sülhsevər səylərinə baxmayaraq, Ermənistan destruktiv siyasəti ilə problemin mərhələli şəkildə tənzimlənməsinə mane olur, siyasi və hərbi təxribatlar vasitəsilə danışıqlar prosesini pozmağa çalışır və Azərbaycan ərazilərinin işğalına əsaslanan mövcud status-kvonu qorumağa çalışır. Odur ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın beynəlxalq sərhədləri və ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Onu da qeyd edək ki, hazırda dünya birliyi Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə tanıyır və dəstəkləyir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açıq bəyan edib ki, "Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil və heç vaxt olmayacaq... Azərbaycan bu mövqedən bir addım belə geri çəkilməyəcək. Yəni, Azərbaycanın ərazi bütövlüyü məsələsində... heç bir güzəşt olmayacaq".
Alim
Olaylar.az