Erməni cəmiyyəti öz liderlərinin nə qədər populist olduğunun şahidinə çevrildi- ŞƏRH

Erməni cəmiyyəti öz liderlərinin nə qədər populist olduğunun şahidinə çevrildi-ŞƏRH

Ötən həftə beynəlxalq və regional müstəvidə ən yadda qalan hadisələrdən biri Almaniyada ənənəvi olaraq keçirilən Münxen Təhlükəsizlik Konfransı və həmin konfrans çərçivəsində Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında baş tutan debat oldu. İlk olaraq birinci məqam, Münxen Təhlükəsizlik Konfransına diqqət çəkərək qeyd edə bilərik ki, ölkəmizin davamlı olaraq həmin tədbirdə iştirakı Azərbaycanın mövqeyinin dünya birliyinə bir daha çatdırılması baxımından əhəmiyyətlidir. Digər tərəfdən konfrans çərçivəsində keçirilən ikitərəfli görüşlər və aparılan müzakirələr ayrı-ayrı ölkələr, həmçinin beynəlxalq təşkilatlarla ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirmək baxımından səmərəlidir. Qeyd edək ki, konfrans çərçivəsində Azərbaycan Prezidentinin keçirdiyi ikitərəfli görüşlərdə beynəlxalq əməkdaşlıqdan tutmuş enerji məsələləri, regional münaqişələr və onların həlli yolları, həmçinin digər mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Ümumilikdə götürəndə isə Azərbaycanın belə bir mötəbər tədbirdə iştirakı və rəsmi Bakının burada nüfuzunun getdikcə artması müsbət amil kimi xarakterizə edilir. Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən İlham Əliyev və Nikol Paşinyan debatına diqqət çəkən ekspertlər həmin debatın Azərbaycan tərəfinin üstünlüyü ilə keçdiyini qeyd etməklə yanaşı, bu debat vasitəsilə də Ermənistanın qeyri-konstruktiv mövqeyinin bir daha dünyaya bəyan edildiyini vurğulayırlar. Bildirilir ki, İrəvan bir daha Dağlıq Qarabağ probleminin həllində sülh yolundan uzaq olduğunu ortaya qoydu. Elə Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də bu qənaətdədir. O, bildirib ki, Münxen Təhlükəsilzik Konfransında Ermənistanın baş naziri Nikol Paşinyan kövrək danışıqlar mərhələsində növbəti dəfə Qarabağla bağlı qeyri-konusturktiv yanaşma ortaya qoydu. Onun sözlərinə görə, Paşinyan münaqişənin birtərəfli həll edilməyəcəyini, təhlükəsizlik məsələsini və işğal faktorunu etiraf etsə də, dolayı yolla münaqişənin həllindən çəkindiyini etiraf etmiş oldu: "Bundan əlavə onun, "Qarabağ Ermənistanındır, nöqtə" mənqtiqsiz tezisinə aydınlıq gətirməsi, Cenevrədə əldə olunan danışıqları pozmaq cəhdidir. Həmçinin "Yenilənmiş Madrid Prinsipləri"nə işğalçı ölkənin maraqlı olmadığını göstərir. Göründüyü kimi Ermənistan rəhbərliyi həm daxili faktordan çəkinərək öz hakimiyyətini itirməkdən qorxur, həm də danışıqlarda manipulyasiya etməklə regionda işğal faktorunu davam etdirir. Belə bir ortamda münaqişənin nizamlanması istiqamətində Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar apreldən sonra nəticəsiz qalacaq. Paşinyanın bu açıqlamasından sonra onun prezident İlham Əliyevlə Münxendə bir araya gəlməsi nəticəsiz bir gedişdir". Politoloq deyib ki, Münxen Təhlükəsilzik Konfransı dünyada artan münaqişlər və təhlükəsizlik riskləri fonunda keçirilir: "Qaynar nöqtələrdən olan Cənubi Qafqaz regionunda işğal, separatizm həyata keçirən Ermənistan kimi bir ölkənin həmin konfransda iştirakı mənqtiqsizdir. Ona görə də Azərbaycan bu konfransda Ermənistanın izolyasiyasına çalışmalıdır.  Qeyd edim ki, Rusiyanın xarici işlər naziri Qarabağ konfliktinin nizamlanamsı istiqamətində Rusiyanın prioritetlərini elan etsə də, burada Moskvanın səmimi olmadığını, öz regional konteksində münaqişəyə yanaşdığını göstərir. Münxendə Paşinyanın açıqlamalarını daxili auditoriyaya hesablanan açıqlama kimi qiymətləndirmək olmaz. O, birbaşa açıq kontekstlə probelmin həllində gücsüz və maraqlı olmadığını ortaya qoyur". Məhəmməd Əsədullazadə deyib ki, Münxen Təhlükəsizlik Konfransı və məlum debat ərəfəsində ermənilərin cəbhədə bir əsgərimizi şəhid etməsi də, Ermənistanın konstruktivlikdən uzaq olduğunun göstəricisidir: "Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Münxen Təhlükəsizlik Konfransı çərçivəsində görüşü fonunda Qarabağda Azərbaycan hərbçisinin şəhid edilməsi əsasən erməni tərəfinin planlaşdırdığı bir akt idi. Bu, Əliyev-Paşinyan danışıqlarının pozulmasına hesablanmış bir təxribatdı. Qeyd edim ki, Ermənistan ordusunun işğal etdiyi ərazilərdə sabiq prezident Sərkisyanın kifayət qədər tərəfdarı olan hərbiçilər kök salıb, onlar əsasən bu danışıqlar mərhələsini pozmaq üçün bu kimi təxribatlara əl atırlar. Belə bir təxribatın əmrinin şimaldan verilməsi də istisna deyil. Çünki, Kreml Qarabağ danışıqlarının Qərbdə keçirilməsini özünün geosiyasi maraqlarına təhlükə sayır. Bundan əlavə bir neçə gün bundan əvvəl Rusiyanın XİN muavini Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın vasitəçiliyini və prioritetlərini vurğuladı. Rusiyanın əsas marağı bütün danışıqlar mərhələsinin Rusiya ərazisində keçirilməsidir. Ona görə də Cenevrədə başlanan "Yenilənmiş Madrid Prinsipləri" üzrə danışıqların liderlər səviyyəsində Münxendə aparılmasına əngəl olundu. Danışıqların pozulması Paşinyanın da marağındadı. Onun panel dialoqunda tezisləri nizamlanma prosesinin pozulmasına xidmət edirdi. Bu açıq dialoqda danışıqların mahiyyətini dəyişən Paşinyan tarixə ekskursiya edərək öz daxili auditoriyası üçün danışdı. Prezident İlham Əliyev Paşinyana yüksək səviyyədə öz yerini göstərdi və erməni liderinin nə qədər diletant olduğunu sübut etdi.  Danışıqların bu çərçivədə aparılması birbaşa Yerevan tərəfindən danışıqların pozulmasına hesablanır. Paşinyanın belə bir danışıqlarda manipulyasiya etməsinə imkan tanımaq lazım deyil. Necə ki, dövlət başçısı İlham Əliyev bunu ona etdi. Bütün yalan arqumentlərini ifşa etdi. Məhz erməni cəmiyyəti öz liderlərinin nə qədər populist olduğunun şahidinə çevrildi". Politoloq bildirib  ki, belə bir dialoqlar etimad mühitinə xidmət etmir və danışıqlar prosesinə zərbədir: "Ermənistan məhz bunda maraqlıdır. İlk növbədə danışıqların mahiyyəti əsasən substantiv və ərazilərin boşaldılmasına xidmət etməlidir. Bizim Ermənistana və dünyaya sübutumuz yalnız ordumuzun işğalçıya zərbəsində olmalıdır".

Məhəmməd

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31