Azərbaycan Prezidentindən Ermənistana növbəti tarix dərsi- Təhlil

Azərbaycan Prezidentindən Ermənistana növbəti tarix dərsi-Təhlil

Və faktlar qarşısında aciz qalan işğalı ölkə rəhbərliyi

Azərbaycan qarşısında bütün parametrlər üzrə məğlub duruma düşən işğalçı Ermənistan son illərdə xüsusilə diplomatiya sahəsində rəsmi Bakıdan kəskin və idman diliylə desək nokaut vəziyyətinə düşə biləcək zərbələr alır. Hər dəfə aldığı diplomatik zərbələrdən sonra çətinliklə özündə güc tapıb müxtəlif beynəlxalq arenalarda Azərbaycanın qarşısına çıxmağa çalışan işğalçı ölkə bu dəfə əvvəlkilərdən daha sarsıdıcı zərbə ilə üzləşir, dünya birliyi qarşısında biabırçı vəziyyətə düşür. Təkcə ötən bir il ərzində "Valday" toplantısı, onun ardınca MDB dövlət başçılarının sammiti, bu günlərdə isə Münxendə baş verən olaylar Ermənistanın bütün istiqamətlərdə olduğu kimi diplomatiya sahəsində də Azərbaycan qarşısında acız vəziyyətində olduğunu bir daha təsdqlədi. Söhbət Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə işğalçı Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan panel müzakirədən gedir.

Təkcə bu panelə olan beynəlxalq reaksiya, müxtəlif xarici media qurumları, kütləvi inormasiya vasitələrində verilən şərhlər deyil, müzakirələr boyunca müşahidə edilən bir çox məqamlara diqqət çəkdikdə də aydın şəkildə görünür ki, Münxen görüşü, paneli hər zaman olduğu kimi bu dəfə də Azərbaycanın diplomatik üstünlüyü ilə başa çatdı və Ermənistan rəhbərliyi də ənənəvi məğlub durumunu təkrarladı. Məlumat üçün qeyd edək ki, Münxen görüşünə, müzakirəsinə diqqət çəkən xarici kütləvi informasiya vasitələri həmin debatın nəticəsini Azərbaycan Prezidenti İlham Əliyevin Paşinyana diplomatik zərbəsi kimi xarakterizə ediblər.

Qeyd etdiyimiz kimi Münxen debatı ümumilikdə Azərbaycan tərəfinin Ermənistan üzərində diplomatik uğuru ilə yanaşı, həm də dünya birliyini bir daha mövcud həqiqətlər, İrəvanın təcavüzkar siyasəti barədə məlumatlandırmaq, bu məsələ ilə bağlı beynəlxalq birliyə vacib mesajların verilməsi ilə yadda qaldı. İlk növbədə dövlət başçısı Cənab İlham Əliyev erməni baş nazirə bir daha tarix dərsi keçərək, öz növbəsində dünya birliyini də bu tarixi gerçəkliklər, faktlarla üz-üzə qoydu. Nikol Paşinyanın tarixi saxtalaşdırmaq, beynəlxalq aləmi öz yalanlarına inandırmaq cəhdlərinə qarşı dəqiq və tarixi faktlarla cavab verən Cənab İlham Əliyev eyni zamanda bu sərrast və fakta söykənən cavabı ilə erməni baş nazirin tarixdən belə anlayışı olmadığını sübuta yetirdi. Paşinyanın Dağlıq Qarabağın Ermənistana aid olması iddiasına cavab olaraq dövlət başçısı bunları dedi:

Paşinyana növbəti tarix dərsi

"Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bu, tarixi həqiqətdir və beynəlxalq hüququn normalarına əsaslanır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. Dağlıq Qarabağ bizim ölkənin ayrılmaz tərkib hissəsidir. Tarixi nöqteyi-nəzərdən, 1805-ci ildə Qarabağ xanı İbrahim xan Rusiya imperiyasının generalı Sisianovla saziş imzalayır. Bu sazişə əsasən, Azərbaycanın Qarabağ xanlığı müstəqil ölkə kimi Rusiya imperiyasının tabeçiliyinə keçir. Kürəkçay adlandırılan həmin sazişdə, - sazişin mətni internetdədir, - Qarabağın erməni əhalisi barədə heç nə deyilmir. 1813-cü və 1828-ci illərdə imzalanmış digər müqavilələr - Gülüstan və Türkmənçay müqavilələrinə əsasən Azərbaycanın qalan hissələri Rusiya imperiyasının tərkibinə keçir. Dağıstan, Gürcüstan və Ermənistan da həmçinin. Beləliklə, bu, məsələnin tarixi tərəfidir. Daha sonra Rusiya imperiyasının süquta uğradığı, Gürcüstan və Azərbaycan Demokratik respublikaları yaradıldığı zamanlarda Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə verdiyi ilk fərmanlardan biri Yerevanın Azərbaycandan Ermənistana verilməsi və onun Ermənistanın paytaxtı elan edilməsi ilə bağlı idi. Bu da, həmçinin tarixi faktdır. Əgər siz kiməsə nəsə verirsinizsə, bu, o deməkdir ki, həmin o nə isə sizə məxsus olub".

Azərbaycan Prezidentinin tarixi faktlara söykənən və erməni baş naziri Paşinyana zərbə kimi qiymətləndirilən digər bir cavabı isə Qafqaz Bürosunun Dağlıq Qarabağla əlaqədar qərarının erməniləşdirilməsinə yönəlik cəhdlə bağlı idi. Belə ki, Paşinyanın sözügedən büronun qərarını təhrif etməsinə cavabında İlham Əliyev deyib ki, 1921-ci ildə Bolşevik partiyasının Qafqaz Bürosu Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması barədə qərar qəbul etdi. Saxlanılması barədə qərar, bəzi erməni tarixçilərinin yazdığı kimi verilməsi barədə yox: "Bu da, həmçinin tarixi faktdır. Digər tarixi fakt ondan ibarətdir ki, 1923-cü ildə Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması barədə fərman qəbul etdi. Beləliklə, bu, tarixdir".

Prezident İlham Əliyev bu mötəbər tribunadan istifadə edərək Ermənistanın işğalçı və separatçı bir dövlət olduğunu da bütün dünyaya bir daha bəyan etmiş oldu. Tarixi ardıcıllığı bir-bir qeyd edən Cənab İlham Əliyev ermənilərin XX əsrdə insanlıq əleyhinə törətdikləri cinayəti, Xocalı soyqırımını da diqqətə çatdırdı: "1980-ci illərin sonunda Ermənistan Azərbaycana qarşı təcavüzə başladı, 300 min azərbaycanlı Ermənistan ərazisindən deportasiya olundu. Sonra Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində 1990-cı illərin əvvəlində bizim ərazilərimizin təxminən 20 faizi işğal altına düşdü və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi. Xalqımız etnik təmizləməyə məruz qalıb. 1992-ci ildə Ermənistanın əvvəlki rejimi müharibə cinayəti - Xocalı soyqırımını törətdi. Nəticədə aralarında 106 qadın, 63 uşaq olmaqla, 613 günahsız mülki şəxs vəhşicəsinə öldürüldü. Xocalı soyqırımını 10-dan artıq ölkə tanıyır".

Dünya birliyinə vacib mesajlar

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev hər zaman, bütün beynəlxalq tədbirlər, konfrans və digər mühüm toplantılarda olduğu kimi sözügedən debatda da beynəlxalq aləmə münaqişə barədə öz vacib mesajlarını vermiş oldu. Cənab Prezidentin beynəlxalq aləmə verdiyi bu vacib mesajlar, həm də Azərbaycan cəmiyyətinin, xalqının mövqeyi idi.  Dövlət başçısı dünya birliyinə açıq şəkildə bildirdi ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir: "BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Bu qətnamələrin tələbləri hələ də yerinə yetirilməyib. Ona görə də sülh danışıqları nəticəsində əldə ediləcək istənilən həll yolu Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün saxlanılmasını təmin etməlidir".

Minsk qrupuna tövsiyə

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Münxendə keçirilən debatda diqqət çəkən digər vacib məqamlardan biri də dövlət başçımızın ATƏT-in Minsk qrupuna münaqişənin həllində daha çevik olmağı tövsiyə etməsi, onları problemin həlli istiqamətində öz səylərini atırmağa çağırması idi. Cənab Prezident qeyd edib ki, ATƏT-in Minsk qrupu həmsədrləri nəhayət, Ermənistan tərəfinə çox aydın şəkildə izah etməlidirlər ki, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ müstəqil ölkə deyil: "Heç kim bu qeyri-qanuni qurumu tanımır. Bu, birincisidir. İkincisi, düşünürəm ki, Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməklə bağlı beynəlxalq təzyiq daha çox Ermənistana göstərilməlidir. Çünki BMT Təhlükəsizlik Şurasından daha yuxarı olan beynəlxalq orqan yoxdur. Onlar 4 qətnamə qəbul ediblər. Onları yoxlamaq çox asandır. Mütəxəssislərə onların nömrələri məlumdur. Onlar nə deyir: Erməni qoşunları işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Təkcə Dağlıq Qarabağ işğal edilməyib. Həmçinin onun ətrafındakı 7 rayon da işğal olunub. Ermənistan bunu gizlətmək istəyir. Bu, o 7 rayondur ki, ermənilər heç vaxt orada yaşamayıb. 1989-cu ilin son sovet əhali siyahıyaalınmasında Dağlıq Qarabağın əhalisi 189 min nəfər olaraq qeydə alınıb. Onlardan 139 mini ermənilər, 48 mini azərbaycanlılar və digər xalqların nümayəndələri idi. Beləliklə, Dağlıq Qarabağ və qədim şəhərimiz olan Şuşadan bütün azərbaycanlılar etnik təmizləməyə məruz qalıb. Sonra bütün azərbaycanlılar 7 rayonda etnik təmizləməyə məruz qalıb. Ermənilər bizim xalqımıza, mədəniyyətimizə qarşı soyqırımı törədiblər, məscidlərimizi, məzarlarımızı dağıdıblar, şəhərlərimizin adlarını dəyişdiriblər. Onlar hazırda bütün işğal edilmiş ərazilərdən ibarət olan Dağlıq Qarabağın xəritəsini çap ediblər. Sonra onlar deyirlər ki, biz bu reallıqlarla razılaşmalıyıq. Ona görə də beynəlxalq ictimaiyyət izah etməlidir ki, Dağlıq Qarabağ Azərbaycandır. İkincisi, təcavüzkara ciddi təzyiq göstərməlidir ki, dayansın".

Azərbaycan Prezidenti Münxen debatı zamanı dünya birliyi, beynəlxalq təşkilatlar, eyni zamanda münaqişənin həlli misiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupuna bu istiqamətdə daha aktiv olmağı tövsiyə etməklə yanaşı, eyni zamanda həmin dairələri, eləcə də Ermənistan rəhbərliyini açıq şəkildə məlumatlı etmiş oldu ki, Azərbaycan ərazilərinin işğal edilməsi faktı ilə barışmayacaq. Daha dəqiq desək sülh danışıqları nəticə verməyəcəyi təqdirdə Azərbaycan öz hərbi imkanlarından istifadə edərək işğal altında olan ərazilərini azad edəcək: "Mənim cənab Paşinyanın iki sələfi ilə də danışıqları aparmaq imkanım olub. Hər zaman danışıqların ən həlledici məqamında söhbəti davam etdirməmək üçün müəyyən bəhanə tapıblar. Digər sözlə desək, onların hamısı status-kvonun dəyişməz olaraq qalmasını istəyiblər. Lakin elə onların da hamısı buna fərqli tərzdə nail olmağa çalışıblar. İndi isə baş nazir Paşinyanın öz təklifi haqqında danışanda və söyləyəndə ki, həll variantı Azərbaycan xalqı tərəfindən qəbul edilən olmalıdır, mən buna cavab vermişəm və Azərbaycan xalqı üçün nəyin qəbul edilən olduğunu söyləmişəm. Erməni təcavüzündən əziyyət çəkmiş Azərbaycan vətəndaşları öz evlərinə qayıtmaq istəyirlər. Bu, onların fundamental hüququdur. Onlar Ermənistan rəhbərliyinə görə demək olar ki, otuz ildir bu hüquqdan məhrum ediliblər. Söhbət Dağlıq Qarabağdan getmir. Baş nazir Dağlıq Qarabağın dırnaqarası özünümüdafiə qüvvələrindən danışanda, o, bir daha həqiqətə uyğun olmayan sözlər söyləyir. O, çox yaxşı bilir və mən də bilirəm ki, dırnaqarası Dağlıq Qarabağ ordusunun 80 faizini Ermənistan vətəndaşları təşkil edir. Bu, həqiqətdir. Bəlkə, 80 faizdən də artıqdır. Buna görə, "Dağlıq Qarabağ ordusu" anlayışı yoxdur. "Dağlıq Qarabağ respublikası" anlayışı yoxdur. Münaqişənin yalnız iki tərəfi var: Ermənistan və Azərbaycan. ATƏT-in Minsk qrupunun həmsədrlərindən soruşun: münaqişə tərəfləri kimlərdir? Onlar da eyni sözləri söyləyəcəklər: Ermənistan və Azərbaycan. Dağlıq Qarabağ deyil. Nəyə görə yox? Bu, başqa sualdır. Lakin o, tərəf deyil və biz onlarla danışmayacağıq. Biz təcavüzkarla danışıqlar aparırıq. Biz Dağlıq Qarabağla danışmağa hazır olarıq ki, Ermənistan həmin qeyri-qanuni rejimi maliyyələşdirməsini dayandırsın, bütün hərbi qoşunları Dağlıq Qarabağdan çıxarsın və bizim əraziləri tamamilə tərk etsin. Sonra isə bizim həmin insanlarla danışıq aparmağa arqumentimiz olacaq. Lakin nə qədər ki, onlar oradadır, bu, baş verməyəcək. Onlar status-kvonu dəyişməz olaraq saxlamaq istəyirlər. Hesab edirlər ki, həmin əraziləri daim işğal altında saxlaya bilərlər. Əminəm ki, bu, belə qalmayacaq. Ərazi bütövlüyümüz bərpa edilməlidir".

Süleyman

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31