Paşinyanın növbəti həyasızlığı- Siyasi analiz

Paşinyanın növbəti həyasızlığı-Siyasi analiz

Və ya işğalçı ölkə rəhbərliyinin dünyaya meydan oxuma cəhdi

Həftə sonu əsas diqqətlər Almaniyanın Münxen şəhərinə yönəlmişdi desək yanılmarıq. Təkcə Münxen Təhlükəsizlik Konfransı deyil, eləcə də həmin konfrans çərçivəsində baş tutan Dağlıq Qarabağ probleminə dair debat bu diqqətin daha da artmasını şərtləndirmişdi. Onu da qeyd etmək yerinə düşər ki, təkcə Azərbaycan və Ermənistan deyil, eyni zamanda dünya birliyinin, beynəlxalq təşkilatların əsas diqqəti Münxenə yönəlmişdi. Məlum olduğu kimi fevralın 15-də Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Münxendə Dağlıq Qarabağ probleminə dair debat keçirilib. Debat demək olar ki, yalnız bir tərəfin, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin diplomatik üstünlüyü və erməni baş naziri nokauta salan tarixi faktları həm Paşinyanın, həm də dünya ictimaiyyətinin diqqətinə çatdırması ilə yadda qaldı.

Münxen debatı Ermənistanın baş naziri Nikol Paşinyanın bir sıra zəif və səriştəsiz tərəflərini üzə çıxarmaqla yanaşı, İrəvanın hələ də təcavüzkarlıq siyasətinə sadiq qaldığını, işğalçılıq siyasətini davam etdirdiyini ortaya qoydu. Həmçinin Ermənistanın təcavüzkar, separatçı dövlət kimi dünyaya meydan oxuduğunu da bir daha sərgilədi.

Ermənistan baş naziri Nikol Paşinyanın Münxen debatı zamanı ən diqqət çəkən məqamı işğalçı ölkə rəsmisinin beynəlxalq təşkilatlar, xüsusilə də BMT-nin qətnamə və qərarlarına hörmətsizlik nümayiş etdirməsi oldu. Erməni baş nazir ölkəsinin BMT qətnamələrinə əməl etməməsi bir tərəfə qalsın, hətta həmin qətnamələri dolayısıyla desək mənasız sənəd adlandırdı. Bununla yanaşı sözügedən qətnamələri təhrif etdi. Paşinyanın iddiasına görə, BMT Təhlükəsizlik Şurasının 884 saylı qətnaməsinə baxdıqda görərik ki, orada Azərbaycanın atəşkəsi pozduğu və nəticədə torpaqlarını itirdiyi əksini tapıb. Bu həyasızlığının ardınca isə erməni baş nazir Azərbaycanı qətnamələrə əməl etməməkdə günahlandırıb: "Hər şeydən öncə Təhlükəsizlik Şurası qətnaməsinin şərtlərinə əməl etməyən Azərbaycan özü idi. Bunu bəyan etmək çox vacibdir. Lakin bilirsiniz, mən Azərbaycan və Ermənistan liderləri üçün hər dəfə eyni şeyləri təkrar etməyin yaxşı yol olduğunu düşünmürəm. Lakin təəssüf ki, son 25, hətta 30 il ərzində biz hər dəfə eyni şeyləri təkrar edirik. Qorxuram ki, beynəlxalq ictimaiyyət müəyyən mənada eyni şeyləri eşitməkdən artıq yorula. Düşünürəm ki, biz yeni ideyalar gətirməliyik".

Ermənistanın inqilabçı baş nazirinin bu cür sərsəm açıqlamaları beynəlxalq aləm, dünya birliyi, müvafiq təşkilat və qurumlara meydan oxuma kimi xarakterizə edilə bilər. Bu sərsəmləmələr həm də ondan xəbər verir ki, işğalçı ölkə hələ də kompromisə meyilli deyil və Dağlıq Qarabağ probleminin diplomatik yolla həllində maraqlı görünmür. Ona görə də indiki situasiyada beynəlxalq  aləmin, təşkilat və qurumların işğalçı Ermənistana ciddi şəkildə təzyiq göstərməsi və onu danışıqlar masasına otuzdurması şərtdir. Erməni baş nazirin, ümumiyyətlə Ermənistan rəhbərliyinin davamlı olaraq qeyri-konstruktiv mövqe ortaya qoymasının əsas səbəblərindən biri də cəzasızlıq mühitindən sui-istifadə etmələridir. 1988-ci ildən etibarən baş qaldıran erməni təcavüzü və Azərbaycan ərazilərinin işğala məruz qalmasının qarşılığında Ermənistanın dünya birliyi tərəfindən cəzalandırılmaması günümüzdə işğalçı ölkə rəhbərlərinin dünyaya meydan oxumasına yol açır.

Münxen debatında işğalçı ölkənin baş naziri Ermənistan rəhbərlərinin ənənəvi üsul və vasitələrindən istifadə etdi desək yanılmarıq. Bir qədər də dəqiqləşdirsək hürsə də, tuta bilmək iqtidarında olmadığını sərgilədi. Nikol Paşinyan açıq-aşkar Münxen debatında bəyan etdi ki, problemin hərb yolu ilə həllindən qorxur: "Beynəlxalq ictimaiyyətin edə biləcəyi çox konkret bir məqam var. Bir məsələ aydındır ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur. Beynəlxalq ictimaiyyət bunu güclü və aydın şəkildə bəyan etməlidir. Əgər kimsə əksini düşünürsə, deyirsə ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkündür, güman edirəm ki, Dağlıq Qarabağ münaqişəsi tərəflərinin xalqları cavab verərdi. Bu halda, biz deyə bilərik ki, münaqişə artıq həll edilib. Lakin mən düşünürəm ki, bizim davamlı sülhə ehtiyacımız var".

Nikol Paşinyanın mümkün müharibə variantından təşviş keçirdiyi, qorxduğu Azərbaycanın artan hərbi gücü ilə bağlıdır. Son illərdə Azərbaycanın hərbi qüdrətinin artması, ordumuzun maddi-texniki bazasının gücləndirilməsi, eləcə də son illərdə bir-birinin ardınca cəbhə xəttində əldə etdiyimiz uğurlar Ermənistan tərəfində ciddi təşviş yaradıb. İşğalçı ölkə rəhbərliyi ikinci bir Aprel məğlubiyyətindən ehtiyat edərək Dağlıq Qarabağ probleminin hərb yolu ilə həlli olmadığını vurğulayır. Çünki 2016-cı ilin Aprel döyüşləri, eləcə də Naxçıvandakı Güngüt zəfəri, Qazax istiqamətində hərbi postlarımızın on kilometrlərlə irəli çəkilməsi Ermənistanda qorxu hissini birə-beş artırıb.  Məhz bütün bunlardan dolayı Ermənistan rəhbərliyi heç bir halda müharinə variantını yaxına buraxmır.

Füzuli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31