Bəhruz Quliyev: “Azərbaycan Qərbdə etibarlı müttəfiq imici yaradıb”

"Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən, Ulu Öndər Heydər Əliyevin xalqın tələb və təkidli ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başlayıb. Bu siyasətin başlıca istiqamətlərini isə müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil edib. Məhz həmin dövrdən başlayaraq, Azərbaycanın xarici siyasətinin ən vacib istiqamətlərindən birini məhz enerji siyasəti təşkil edib. Bu istiqamətdə görülən işlər və hasilatı Avropa bazarlarına çatdırılması məqsədi ilə reallaşdırılmış iri layihələr Avropanın neft və qazla təminatında  Azərbaycanın önəmli yer tutmasına şərait yaradıb". Bunu Olaylar.az-a açıqlamasında "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

O bildirib ki, bu gün Xəzər hövzəsinin regionunun dünya üçün mühüm karbohidrogen mənbəyi olması Avropanın da diqqətindən yayınmır:" Qərb analitikləri qeyd edirlər ki, Xəzər hövzəsində böyük neft şirkətlərilə ən yüksək əməkdaşlıq əlaqələri yaradan ölkə Azərbaycandır. Qərbin enerji daşıyıcılarının istismar edilməsində Azərbaycanla əməkdaşlıq etməsi də yüksək qiymətləndirilir".

Siyasi ekspert söyləyib ki, Azərbaycan hökumətinin həyata keçirdiyi siyasət nəticəsində bu gün qlobal enerji təhlükəsizliyinin təmin olunmasında böyük layihələrə imza atılıb: "Son illər ərzində nəinki ölkəmizdə, regionda, Avropa qitəsində enerji təhlükəsizliyi ilə bağlı olan məsələlər arasında ən böyük  layihələr imzalanıb.  Burada  "Şahdəniz-2", TANAP və TAP layihələrini xüsusi ilə vurğulamaq olar".

B. Quliyev qeyd edib ki, ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında göstərdiyi fəaliyyətə görə Qərbdə etibarlı müttəfiq imici yaradıb: " Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Enerji təhlükəsizliyi" mövzusunda dəyirmi masada iştirakı onun bu məsələ barəsində mövqeyini ortaya qoyması Azərbaycanın Avropa üçün önəmli ölkə olduğunu bir daha ortaya qoydu. Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır. Enerji təhlükəsizliyi məsələsinə yanaşmamız ondan ibarətdir ki, enerji resursları ölkələri və xalqları ayırmalı deyil, birləşdirməlidir. Enerji resursları rəqabət və ya toqquşmaya deyil, regional və beynəlxalq əməkdaşlığa xidmət etməlidir. Bütövlükdə, regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verən Azərbaycanla enerji sahəsində tərəfdaşlıq əhəmiyyətli strateji dividendlər vəd edir və çoxşaxəli tərəfdaşlıq nöqteyi-nəzərindən yüksək qiymətləndirilir. Çünki, Azərbaycanın praqmatik enerji siyasəti regional və qlobal miqyasda enerji təhlükəsizliyinə xüsusi əhəmiyyət verən aparıcı dövlətlər üçün mühüm önəm daşıyır".

Ay An

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31