İlham Əliyev: “Biz indi Azərbaycanda yeni inkişaf mərhələsinə qədəm qoyuruq”

İlham Əliyev: “Biz indi Azərbaycanda yeni inkişaf mərhələsinə qədəm qoyuruq”

Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 56-cı Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasına səfəri başlayıb. Elə həmin gün Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya Federativ Respublikasının Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms və assosiasiyanın Cənubi Qafqaz ölkələri üzrə işçi qrupunun rəhbəri, "Veridos GmbH" şirkətinin baş icraçı katibi Andreas Reşmayer ilə görüşüb. Prezident İlham Əliyev qeyd edib ki, biz indi Azərbaycanda yeni inkişaf mərhələsinə qədəm qoyuruq: "Mənim üçün də konfransda iştirak etmək mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə mən Münxenə neçə ildir ki, səfər edirəm. Bu, auditoriya qarşısında çıxış etmək üçün hər zaman yaxşı fürsətdir. Çünki dünyada, regionumuzda vəziyyət dəyişir. Biz indi Azərbaycanda yeni inkişaf mərhələsinə qədəm qoyuruq. Buna görə də bu mühüm məsələlərin müzakirəsi çox önəmlidir. Xüsusilə səfərimin ikitərəfli formatı da çox əhəmiyyətlidir. Çoxsaylı görüşlər var. Xatırlayıram ki, əksər hallarda bəzi ilkin fikir mübadilələri bir sıra çox nəzərəçarpan nəticələrə gətirib çıxarıb. Buradakı təmaslar nəticəsində çoxlu sayda ticarət müqavilələri imzalanıb. Həmçinin zəruri olan regional təhlükəsizlik, regional əməkdaşlıq, enerji siyasəti dünya üçün daha çox əhəmiyyət kəsb edir. Mən də sizi görməyə çox şadam. Çünki bildiyiniz kimi, bizim alman şirkətləri ilə çox dərin əməkdaşlığımız var. Onlar uzun illərdir Azərbaycanda fəaliyyət göstərir və ölkəmiz üçün çox mühüm olan müxtəlif infrastruktur, enerji istehsalı və tikinti ilə bağlı layihələr həyata keçiriblər. Düşünürəm ki, qarşıdakı illərdə daha çox imkanlar olacaq, çünki daha böyük potensiala malik Azərbaycanın imkanları artır".

Prezident İlham Əliyev Münxendə Küveyt Dövlətinin Baş Naziri Şeyx Sabah Xalid əl-Həməd əl-Sabah ilə görüşüb. Görüşdə Azərbaycanın Qoşulmama Hərəkatındakı sədrliyi yüksək qiymətləndirilib və bu çərçivədə ölkələrimiz arasında əməkdaşlıq üçün geniş imkanların olduğu bildirilib. Söhbət zamanı Azərbaycan ilə Küveyt arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinin və hökumətlərarası komissiyanın daha da fəallaşdırılmasının vacibliyi qeyd edilib. Görüşdə ölkələrimiz arasında turizm sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub. Küveytdən Azərbaycana gələn turistlərin sayında əsaslı artımın müşahidə olunduğu vurğulanıb, tezliklə Küveyt Hava Yollarının Azərbaycana uçuşlar həyata keçirəcəyi diqqətə çatdırılıb. Söhbət zamanı, həmçinin ölkələrimizin OPEC+ çərçivəsində səmərəli əməkdaşlıq etdikləri bildirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmçinin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Vladimir Norov ilə görüşüb. Görüşdə Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatındakı fəal tərəfdaşlıq üzrə dialoq statusunda rolu xüsusi qeyd olunub. Azərbaycanla Şanxay Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlıq çərçivəsində bu il nəqliyyat məsələlərinə həsr olunacaq konfransın keçiriləcəyi bildirilib. Söhbət zamanı Azərbaycanda keçirilən seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün Şanxay Əməkdaşlıq Təşkilatına göndərilən dəvət yüksək qiymətləndirilib və təşkilatın da geniş tərkibli nümayəndə heyəti ilə bu seçkilərdə iştirak etdiyi, seçkilərin azad, ədalətli, demokratik şəkildə keçirildiyi diqqətə çatdırılıb. Həmçinin Azərbaycanda əhatəli islahatların həyata keçirildiyi qeyd edilib. Görüşdə Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığa mühüm əhəmiyyət verdiyi, təşkilatın bütün üzv ölkələri ilə yaxşı münasibətlərə malik olduğu vurğulanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer ilə də görüşüb. Görüşdə dövlətimizin başçısı Ermənistan tərəfindən girovluqda saxlanılan azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasının, bu istiqamətdə səylərin artırılmasının vacibliyini qeyd edib. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində humanitar əsaslarda "hamının hamıya" prinsipi ilə bütün əsir və girovların dəyişdirilməsinin vacibliyini vurğulayıb.

Prezidenti İlham Əliyev həmçinin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Enerji təhlükəsizliyi" mövzusunda dəyirmi masada iştirak edib. Dövlətimizin başçısı dəyirmi masada çıxış edib.

Xatırladaq  ki, sammitdə 30 ölkənin hökumət və dövlət başçıları ilə yanaşı, 70 ölkənin Xarici İşlər və Müdafiə nazirləri iştirak edəcək.

"Qərbsizlik- Westlessness" adlı toplantının əsas mövzuları qlobal və regional təhlükəsizlik məsələləri olacaq.

Sammit dünyanın ən böyük iqtisadiyyatlarına sahib ABŞ və Çin arasında rəqabətin yeni səviyyəyə keçməsi, ABŞ ilə Rusiya arasındakı uçurumun daha da dərinləşməsi və qlobal iqtisadiyyatın naməlumluğun mərkəzində olması fonunda keçirilir.

Siyasət, iqtisadiyyat, hərbi və kəşfiyyat sahələrinin ali səlahiyyətli təmsilçilərini bir araya toplayan 500 nəfərlik sammit həm də qlobal miqyasda fəaliyyət göstərən şirkətlərin, akademiklərin və qeyri-hökumət təşkilatlarının diqqətini çəkir.

MTK 2020-nin gündəmini 27 böhran, Avropa layihəsi, beynəlxalq liberal nizam, Avropa İttifaqının özünümüdafiəsi, qlobal ticarət ixtilafları, iqlim dəyişikliyi, kibertəhlükəsizlik və dünya nəhəngləri arasındakı iqtisadi və texnoloji rəqabət başlıqları təşkil edir.

Avropa İttifaqının siyasi gələcəyi, Afrika, Rusiya, Liviya, İran və Çin ilə bağlı mövzular müzakirəyə çıxarılacaq.

Liderlərin böyük maraq göstərdiyi sammiti Almaniya Prezidenti Frenk-Uolter Ştaynmayer açıq elan edəcək. Panellərdə Azərbaycan Prezidenti İlham Əliyev, Kanadanın Baş naziri Castin Trüdo, Əfqanıstan Prezidenti Əşrəf Qani, Fransa Prezidenti Emmanuel Makron kimi liderlər çıxışlar edəcək.

İştirakçılar arasında Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Rusiya Xarici İşlər naziri Sergey Lavrov, Almaniya Xarici İşlər naziri Hayko Maas, İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərfi, Almaniyanın Müdafiə naziri Anneqret Kramp- Karrenbauer, Kanadanın Müdafiə naziri Harcit Saccan və Sinqapur Müdafiə naziri Nq Enq Hen diqqət çəkir.

Almaniya kansleri Angela Merkelin sammitə qatılacağı gözlənilmir.

Bundan başqa, NATO-nun Baş katibi Yens Stoltenberq, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Qebreyesus, Beynəlxaq Polis Təşkilatının (Interpol) Baş katibi Yurgen Stok, BMT Dünya Qida Proqramının icraçı direktoru Devid Besli və "Feysbuk"un qurucusu Mark Zükerberq də konfransda öz yerini alacaq.

BMT, Afrika Birliyi, AQİT və NATO daxil olmaqla, bir çox beynəlxalq qurum MTK 2020-nin platformasından istifadə edəcək.

Sammitin təhlükəsiz şəraitdə keçməsi üçün "Bayerischer Hof" hoteli ətrafında 5 min polis olacaq. Onlara 200-dən çox əsgər dəstək verəcək.

Bununla yanaşı, Münxen şəhər mərkəzində fevralın 15-də NATO-ya qarşı və solçu qrupların etiraz aksiyaları keçirməsi gözlənilir.

Konfrans fevralın 16-da başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31