Növbədənkənar parlament seçkisi şəffaf, demokratik və ədalətli şəraitdə keçirilib- TƏHLİL

Növbədənkənar parlament seçkisi şəffaf, demokratik və ədalətli şəraitdə keçirilib-TƏHLİL

Bir -iki məntəqədə olan qanunsuzluq ümumən seçkinin demokratikliyinə kölgə sala bilməz

Azərbaycan dövləti tarixi təkamül yolu ilə qazanılan nailiyyətlərlə kifayətlənməyərək ölkədə seçki təcrübəsinin demokratik standartlara uyğunlaşdırılması yönündə daim səyləri artırıb. Xüsusən,  beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətlərinin gücləndirilməsinə önəm verib.  Ölkə iqtidarinın siyasi iradəsilə 1997-ci ildən ölkədə müasir standartlara cavab verən seçki qanunvericiliyinin formalaşdırılması məqsədilə bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlığa start verib. Azərbaycan 2001-ci ilin yanvarında Avropa Şurasına tamhüquqlu üzv qəbul edildikdən sonra bu sahədə əməkdaşlıq hüdudları daha da genişlənib. Azərbaycanın bundan sonra da bütün beynəlxalq təşkilatlarla bu istiqamətdə əməkdaşlığını davam etdirəcəyi heç kimdə şübhə doğrmur.

İnsafən qeyd edilməlidir ki, demokratiyanın ən vacib kateqoriyaları sırasında yer alan azad, şəffaf, ədalətli seçkilərin, ümumxalq səsvermələrinin keçirilməsi sahəsində də Azərbaycan qazanılan nailiyyətlərin miqyası baxımından seçilən ölkələr sırasındadır. Demokratik seçkilərin keçirilməsi üçün möhkəm qanunvericilik bazasının yaradılması və onun Avropa standartlarına uyğunluğunun təmin edilməsi, seçki praktikasının daim təkmilləşdirilməsi ölkəmizdə bu sahədə əlverişli bir mühit formalaşdırıb. Siyasi partiyaların sərbəst fəaliyyəti, azad, ədalətli seçki sisteminin mövcudluğu, Seçki Məcəlləsinin Avropa təcrübəsinə uyğun təkmilləşdirilməsi, regionda ilk dəfə olaraq Azərbaycanda exit-polun tətbiqi, seçki məntəqələrində veb-kameraların quraşdırılması, sərbəst toplaşmaq azadlığının təmin edilməsi, digər bu kimi məqamlar da qeyd edilənlərin bariz sübutudur. Seçkilərə qatılan namizədlərin qanunvericiliyin tələblərinə müvafiq qaydada təbliğat, təşviqat kampaniyaları aparmaları üçün lazımi şərait yaradılması, seçki komissiyalarının tərkibinin formalaşdırılması prosesində siyasi partiyaların, bitərəf qüvvələrin, vətəndaş cəmiyyəti təmsilçilərinin yaxından iştirakı, seçkilərin gedişinin izlənilməsi üçün yerli və beynəlxalq müşahidəçilərə hər cür imkanın yaradılması, aparılan maarifçilik işi də bu sahədə demokratik mühitin yaradılmasını xarakterizə edən mühüm göstəricilərdəndir.

Məhz sadalanan faktlar 9 fevral növbədənkənar parlament seçkisinin şəffaf, demokratik və ədalətli şəraitdə keçirilməsini təmin edib. Düzdür, seçki zamanı prosedur xarakterli pozuntulara rast gəlinib. Ancaq etiraf edilməlidir ki, həmin nöqsanlar hər bir ölkədə müşahidə olunan pozuntular olub. Məlum olduğu kimi dünyanın "demokratik beşiyi" hesab olunan ölkələrində belə ideal seçkilərin keçirilməsi qeyri-mümkündür. Başqa sözlə, hər bir ölkədə tam kamil seçkilərin keçirilməsi olduqca mürəkkəb bir məsələdir. Bu baxımdan qeyd etmək olar ki, növbədənkənar parlament seçkilərində seçkilərin legitimliyini, yaxud nəticələrini şübhə altına alan hər hansı bir pozuntu müşahidə olunmadı. Ayrı-ayrı seçki dairələrində qeydə alınan pozuntularla bağlı isə Mərkəzi Seçki Komissiyası öz qərarını verib. Belə ki, artıq dörd seçki dairəsinin nəticələri ləğv edilib. Onu da qeyd edək ki, məsələ bununla bitməyib. Belə ki, mövcud pozuntular ciddi araşdırılacaq, pozuntulara yol vermiş şəxslər cəzalandırılacaq.

Elə prezident İlham Əliyev də Kürdəmirdə "ASAN xidmət" mərkəzinin açılış mərasimində bildirib ki, pozuntulara yol verənlər cəzalandırılacaqlar: "Pozuntulara yol verən şəxslər öz cəzasını almalıdırlar ki, gələcəkdə bu pozuntulara yol verilməsin. Buna qətiyyən ehtiyac yoxdur. Çünki bu gün tam səmimiyyətlə deyirəm, bizim siyasətimizə Azərbaycanda alternativ yoxdur. Elə bir siyasi qüvvə yoxdur ki, o, müəyyən dərəcədə xalqın rəğbətini qazansın. Bu seçkilər bir daha onu göstərdi ki, bizim apardığımız siyasət xalqımızın mütləq əksəriyyətinin maraqlarına cavab verir və gördüyümüz işlər də göz qabağındadır". Dövlət başçısı bildirib ki, parlament seçkiləri bir daha göstərdi ki, bizim niyyətimiz demokratik inkişafın təmin edilməsidir: "Çünki hətta həmişə bizə ən tənqidi mövqedən yanaşan təşkilatlar da seçkilərlə bağlı məruzələrində müsbət meylləri qəbul etməyə məcbur olublar. Və pozuntulara gəldikdə, qeyd ediblər ki, bu pozuntular prosedur xarakterli pozuntulardır. Yəni, bu, hər bir ölkədə var. Heç bir ölkədə tam kamil seçkilər keçirilmir. Amma bu seçkilərdə nə saxtakarlıq olub, nə ciddi pozuntular olub, nə də hər hansı pozuntu ki, seçkilərin legitimliyini və yaxud da nəticələrini şübhə altına alsın. Müşahidəçilərin mütləq əksəriyyəti seçkiləri çox müsbət qiymətləndirdi. Və bəziləri qeyd etdi ki, bu, bir çox ölkələr üçün nümunə ola bilər". Ancaq əlahəzrət fakt ondan ibarətdir ki, 9 fevral növbədənkənar parlament seçkisi demokratik, şəffaf və ədalətli şəraitdə keçirilib. Baş verən nöqsanlar, eləcə də bir-iki seçki  məntəqəsində qeydə alınan  qanunsuzluq   ümumən  seçkinin  demokratikliyinə  kölgə   sala  bilməz

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31