Prezidentdən qəti mövqe- Siyasət

Prezidentdən qəti mövqe

Və onun siyasi iradəsinə qarşı çıxanlar

Növbədənkənar parlament seçkiləri bir müddətdir ki, başa çatsa da, hələ də seçkinin nəticələri barədə müxtəlif fikir və mülahizələr səsləndirilir, seçki mövzusu gündəmin əsas mövzusu olaraq qalır. Hələ seçkilərə start verilən andan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cəmiyyətə, eləcə də seçkini keçirən müvafiq qurumlara vacib bir mesaj vermişdi. Bu mesaj da ondan ibarət idi ki, bu dəfəki seçkilər əvvəlki seçkilərdən bir qədər də demokratik və azad şəkildə keçməli, vətəndaş, cəmiyyət heç bir təpki, təzyiq göstərilmədən öz layiq bildiyi şəxsi qanunverici orqana seçməlidir. Ancaq təəssüflər olsun ki, bir sıra hallarda olduğu kimi bu dəfə də bəzi maraqlı qüvvələr Cənab Prezidentin bu tövsiyəsinə əməl etmədi, növbədənkənar seçkilərə haram, saxtakarlıq qataraq Azərbaycan dövlətinin imicinə, nüfuzuna xələl vurmaq istədilər. Nə qədər acı da olsa, həmin dairələr bu istəklərinə müvəqqəti də olsa nail oldular. Dövlət başçısı yenidən seçki mövzusuna qayıdana qədər.

Seçkilər başa çatar-çatmaz sosial şəbəkələr, müxtəlif internet portalları, kütləvi informasiya vasitələrində seçki saxtakarlıqları barədə yayılan xəbərlər, video görüntülər dövlət başçısını narahat etməyə bilməzdi və Cənab Prezident cəmiyyəti narahat edən hər bir məsələ kimi seçki saxtakarlıqları barədə yayılan məlumatlara da dərhal reaksiya verdi. Bu günlərdə Kürdəmir rayonuna səfəri zamanı seçki məsələsinə də toxunan Azərbaycan Prezidenti qəti və net olaraq ortaya mövqe qoydu. Seçkiləri saxtalaşdırılanlar cəzalandırılacaqlar. Bununla dövlət başçısı bir daha cəmiyyətin səsinə səs vermiş oldu, vətəndaşı narahat edən istənilən məsələnin həllinə kifayət qədər ciddi yanaşdığını sərgilədi. Məhz bunun göstəricisi idi ki, ötən gün Mərkəzi Seçki Komissiyası iclas keçirərək seçki saxtakarlıqları ilə bağlı quruma daxil olan şikayətləri obyektiv şəkildə araşdırdı və doğru-düzgün qərar verdi. Beləliklə, fevralın 9-da keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı respublika üzrə 4 dairədə seçkilərin nəticələri ləğv edildi. Bundan başqa daha ondan artıq seçki dairəsində baş verən qanun pozuntuları ilə bağlı araşdırmalar davam edir. Şübhə yoxdur ki, yaxın günlərdə həmin seçki dairələri ilə bağlı da müvafiq qərar veriləcək.

Qeyd etdiyimiz kimi Mərkəzi Seçki Komissiyasının məlum qərarı həm də dövlət başçısının bu məsələyə həssas münasibəti, ona olan reaksiyasından irəli gəlirdi. Çünki Cənab Prezident ölkəmizin demokratik cəmiyyətin bir üzvü kimi bütün demokratik prinsiplərə əməl etməsi, bu prinsiplərin  daha da inkişaf etdirilməsində maraqlıdır. Elə seçkilərin ilkin mərhələsində bütün namizədlər üçün yaradılmış bərabər imkanılar, şərait də buna hesablanmışdı. Elə bunun göstəricisi idi ki, səsvermə gününə qədər olan müddətdə heç bir namizəd yaradılmış şəraitdən zərrə qədər olsa şikayət etmədi, bu prosesi təqdir etdi. Lakin istənilən cəmiyyətdə neqativ ünsürlərin olduğu danılmaz faktdır və bundan qaçmaq o qədər də asan deyil. Məhz bu kimi ünsürlər kimlərə xoş getmək, "çox sağ ol" qazanmaq üçün bəzi dairələrdə seçkilərə haramlıq qatdılar. Dərk etmək istəmədilər ki, yol verdikləri qeyri-qanuni hərıkətlər, atdıqları addımlar dövlət başçısının siyasi iradəsinə tamamilə ziddir və Cənab Prezidentin yürütdüyü siyasətə alternativdir.

Ümumilikdə götürəndə isə bir neçə dairədə seçkilərin nəticələrinin ləğvi növbədənkənar parlament seçkilərinin ümumi nəticələrinə təsir etməsə də, ona mənfi elementlər qatdı. Əslində yuxarıda da qeyd etdiyimiz kimi bu da təbiidir. Çünki dünyanın heç bir ölkəsində belə ideal seçki keçirmək, seçkidə iştirak edən bütün tərəfləri razı sala bilmək mümkün deyil. Ən son Birləşmiş Ştatlarda keçirilən prezident seçkilərində yaşanan skandal hər kəsə bəllidir. Baxmayaraq ki, günümüzdə də Birləşmiş Ştatlar demokratiyanın beşiyi sayılır. Ona görə də hazırkı situasiyada 4 seçki dairəsində seçkinin nəticələrinin ləğvini ümumilikdə seçkilərin saxtakarlıq şəraitində keçdiyi kimi də qələmə vermək absurddur, cəfəngiyyatdır. Çünki seçki prosesini izləyın nəinki daxili, eyni zamanda beynəlxalq müşahidəçilər də açıq şəkildə etiraf ediblər ki, ümumilikdə fevralın 9-da Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri azad və ədalətli şəkildə baş tutub.

Füzuli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31