Meksikanın “Once” televiziya kanalında Azərbaycanda keçirilmiş parlament seçkiləri haqqında süjet yayımlandı

Meksikanın “Once” televiziya kanalında Azərbaycanda keçirilmiş parlament seçkiləri haqqında süjet yayımlandı

"Biz Azərbaycanın paytaxtı Bakıdayıq. Dünyanın 38 ölkəsindən, o cümlədən Meksikadan olan 800-dən çox beynəlxalq müşahidəçi Azərbaycan parlamentinə növbədənkənar seçkiləri izləmək üçün buradadır".

Olaylar.az bildirir ki, növbədənkənar parlament seçkiləri ilə bağlı Bakıda səfərdə olan tanınmış jurnalist Federiko Lamont Meksikanın "Once" televiziya kanalının "Xəbərlər" informasiya-analitik proqramının birbaşa efirindəki "Azərbaycanda parlament seçkiləri" adlı süjetinə bu sözlərlə başlayıb.

Ölkəmizdə keçirilmiş parlament seçkilərinin nəticələrini şərh edən F.Lamont, seçkilərin demokratik və şəffaf şəraitdə keçdiyini bildirib. Əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan siyasi iradənin hazırda Prezident İlham Əliyev tərəfindən inamla davam etdirildiyi bildirilib, ölkəmizdə həyata keçirilən islahatların, o cümlədən sosial-iqtisadi siyasətin real nəticələrinin və seçki zəfərinin əsas səbəbinin xalqın hakimiyyətə olan etimadı olduğu Meksika auditoriyasının diqqətinə çatdırılıb.

Habelə süjetdə Azərbaycanın dünyavi dövlət olduğu, ölkədə multikulturalizm və yüksək tolerantlıq ənənələri barədə məlumat verilərək, müxtəlif xalqların və konfessiyaların nümayəndələrinin burada mehriban qonşuluq, dostluq və qarşılıqlı etimad şəraitində yaşadıqları qeyd olunub.

Süjetdə müəllif həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzü və ölkəmizin ərazisinin işğalına məsələsinə toxunur, bu halın indiyədək Azərbaycan millətinin ağrılı yarası olaraq qaldığını vurğulayır. Eyni zamanda BMT TŞ-nın münaqişə üzrə məlum 4 qətnaməsinə istinad edir.

Sonda F.Lamont Parlamentin yeni tərkibinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan xalqının rifahı naminə həyata keçirdiyi siyasətin yüksək nəticələrinə, ölkə iqtisadiyyatının sürətli inkişafına, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına, ölkəmizin beynəlxalq aləmdə mövqelərinin daha da möhkəmlənməsinə və uğurla davam edən genişmiqyaslı islahatlara öz dəyərli töhfəsini verəcəyinə Azərbaycan millətinin inamını müşahidə etdiyini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31