Parlament seçkiləri bütün demokratik meyarlara cavab verib- TƏHLİL

Parlament seçkiləri bütün demokratik meyarlara cavab verib-TƏHLİL

Müstəqillik əldə etdikdən sonra Azərbaycanda demokratik təsisatların formalaşmasına start verilib. Xüsusən, söz və fikir azadlığının, siyasi plüralizmin, çoxpartiyalı sistemin mövcudluğu, vətəndaşların azad seçiminə yüksək şərait yaradılması, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində mühüm nailiyyətlər əldə edilməsi Azərbaycanda demokratik mühitin vacib göstəriciləri sırasında yer alıb. Tarixi təcrübə göstərir ki, hər bir dövlətin mütərəqqi inkişafı müxtəlif səbəblərlə yanaşı həm də demokratik seçkilərdən asılıdır. Seçkilər idarəetmənin mərkəzi institutu, insanların cəmiyyətin siyasi-ictimai həyatında iştirakının ən kütləvi formasıdır. Xalq dövlətin idarə edilməsində iştirak hüquqlarını əsas etibarilə seçkilər vasitəsilə reallaşdırır və bu zaman hakimiyyət də idarəedilənlərin razılığı ilə legitimliyini təmin edir. Bu razılığı hökumətin səlahiyyətinə çevirən ən başlıca mexanizm isə, ilk növbədə, azad, ədalətli və obyektiv seçkilərin təşkilidir.

Etiraf edilməlidir ki, müstəqillik əldə etdikdən bəri Azərbaycanda keçirilən bütün seçkilərdə şəffafdlıq və obyektivlik təmin olunub. Artıq qətiyyətlə demək olar ki, ölkəmizin demokratik və ədalətli seçki keçirmək təcrübəsi var. Bunun üçün lazım olan bütün şərait yaradılıb, üstəlik təkmil və beynəlxalq standartlara cavab cerən seçki qanunvericiliyi hazırlanıb. Elə fevralın 9-da keçirilən növbədənkənar parlament seçkiləri də sadaladığımız faktların əyani sübutu oldu. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Kürdəmirdə "ASAN xidmət" mərkəzinin açılış mərasimində bildirib ki, parlament seçkiləri rəqabət qabiliyyətli keçib: "Parlament seçkiləri bir daha göstərdi ki, bizim niyyətimiz demokratik inkişafın təmin edilməsidir. Çünki hətta həmişə bizə ən tənqidi mövqedən yanaşan təşkilatlar da seçkilərlə bağlı məruzələrində müsbət meylləri qəbul etməyə məcbur olublar. Və pozutulara gəldikdə, qeyd ediblər ki, bu pozuntular prosedur xarakterli pozuntulardır. Yəni, bu, hər bir ölkədə var. Heç bir ölkədə tam kamil seçkilər keçirilmir. Amma bu seçkilərdə nə saxtakarlıq olub, nə ciddi pozuntular olub, nə də hər hansı pozuntu ki, seçkilərin legitimliyini və yaxud da nəticələrini şübhə altına alsın. Müşahidəçilərin mütləq əksəriyyəti seçkiləri çox müsbət qiymətləndirdi. Və bəziləri qeyd etdi ki, bu, bir çox ölkələr üçün nümunə ola bilər. ATƏT-in Demokratik Təsisatlar Bürosu, hansı ki, həmişə bizə qərəzli yanaşır, onların da hesabatı hesab edirəm ki, tarazlı idi. Əvvəlki dövrlərə nisbətən daha obyektiv idi. Əlbəttə ki, bəzi məsələlərlə biz razılaşa bilmərik. Amma məruzənin ümumi nəticəsi hesab edirəm ki, obyektivliyə daha yaxın idi və biz də bəyan etmişik ki, mövcud olan pozuntular ciddi araşdırılacaq. Pozuntulara yol vermiş şəxslər cəzalandırılacaq. Və bundan sonra da biz bütün beynəlxalq təşkilatlarla bu istiqamətdə fəaliyyətimizi və əməkdaşlığımızı davam etdirəcəyik".

Etiraf edilməlidir ki, demokratik seçkilərin əsas şərti hesabat vermək məsuliyyətindən əlavə, həm də aşkarlıq, şəffaflıq, obyektivlikdir. Seçkilərin bu meyarlar əsasında keçirilməsi siyasi mədəniyyətin, hüquq düşüncəsi və mədəniyyətinin formalaşması, xalqın ümumi iradəsinin milli maraqlar ətrafında birləşdirilməsi kimi çox mühüm amillərə meydan açır. Azərbaycan xalqı da ötən əsrin sonlarına doğru dövlət müstəqilliyinə qovuşduqdan sonra hüquqi, demokratik, dünyəvi inkişaf kursunu seçmiş, dünyanın sivil toplumu olaraq güvəndiyi, öz taleyini etibar etdiyi legitim siyasi hakimiyyəti məhz demokratik, azad, şəffaf seçkilər yolu ilə - müstəqil, azad iradə əsasında seçmək əzmini nümayiş etdirib. 9 fevral parlament seçkilərində də Azərbaycan xalqı bir daha iradəsini ortaya qoyaraq  siyasi mədəniyyət nümayiş etdirdi. 9 fevral parlament seçkiləri bir daha onu göstərdi ki, Azərbaycan hökumətinin əsəs məqsədi demokratik inkişafın təmin edilməsidir. Elə bu məqsədlə də seçkiyə qatılan bütün namizədlər üçün bərabər şərait yaradılmışdı. Parlament seçkilərində 1300-dən çox namizədin qatılması bird aha göstərir ki, seçkilər rəqabət şəraitində keçib. Hər bir namizəd öz dairəsində açıq görüşlər keçirib, istədiyi sözləri deyib, bəziləri hətta hakimiyyəti tənqid ediblər. Bu isə özlüyündə ona dəlalət edir ki, seçki zamanı sərbəst toplaşmaq azadlığı təmin olunub, namizədlər Konstitusiyanın onlara verdiyi bütün hüquqlardan sərbəst şəkildə istifadə ediblər. Çünki, sözügedən prosesdə iştirak edəcək bütün namizədlər və siyasi partiyalar üçün bərabər şərait yaradılması istiqamətində lazımi işlər görülüb, ölkə hakimiyyəti isə bununla əlaqədar üzərinə düşən bütün öhdəlikləri yerinə yetirib. Hətta seçkini izləyən büynəlxalq təşkilatların nümayəndələri da seçkiyə hazırlıq və seçki prosesinin gedişindən məmnun qalıblar. Yeri gəlmişkən xatırladaq ki,  seçkini izləyən yerli və beynəlxalq müşahidəçilərin mütləq əksəriyyəti seçkiləri çox müsbət qiymətləndiriblər. Hətta Azərbaycanla bağlı həmişə ən tənqidi mövqedən yanaşan təşkilatlar belə seçkilərlə bağlı məruzəsində müsbət meyilləri qəbul etməyə məcbur oldular. Konkret olaraq ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun hesabatı tarazlı, məruzənin ümumi nəticəsi obyektivliyə daha yaxın olub. Sadalanan faktlar bir daha deməyə əsas verir ki, parlament seçkiləri bütün demokratik meyarlara cavab verib.

Nurlan

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31