Seçkidən itirdiklərim və qazandıqlarım- Süleyman İsmayılbəyli yazır

Əziz dostlar.

Artıq seçki prosesi arxada qaldı. Öncəliklə demokratik və şəffaf şəkildə, yerli icra orqanlarının müdaxiləsi olmadan, seçicisinə layiq olaraq seçilən, halallıqla qalib gələn hər bir millət vəkilini təbrik edir, ona qanunverici orqandakı fəaliyyətinə uğurlar arzulayıram. Və bütün millət vəkillərinə seçkilərdən seçkilərə deyil, hər zaman seçicilərinin yanında olmağı tövsiyə edirəm.

X X X

Hörmətli dostlar.

Bildiyiniz kimi mən də doğulub boya-başa çatdığım Yevlax şəhərindən deputatlığa namizədliyimi irəli sürmüşdüm. Seçkilərdən əvvəl, eləcə də seçki prosesinə start veriləndən sonra bu siyasi hadisənin bütün mərhələlərində müşahidə etdiyim müsbət dinamika, ab-hava parlament seçkilərinin azad və demokratik şəraitdə keçiriləcəyi inamını formalaşdırmışdı. Seçkinin nəticələrinə toxunmadan, onun necə keçdiyinə diqqət ayırmadan (hər şey xalqın gözü qarşısında baş verdi) onu deyə bilərəm ki, 48 saylı Yevlax Seçki Dairəsi seçkinin bütün mərhələlərində öz tərəfsizliyi, obyektivliyinə əməl etdi, üzərinə düşən vəzifəni, işi layiqincə həyata keçirdi. Buna görə, 48 saylı Yevlax Seçki Dairəsinə, onun rəhbərliyi və komissiya üzvlərinə dərin təşəkkürümü bildirirəm.

X X X

Seçki bir mübarizə meydanıdır və bu mübarizə meydanında kimin yanında, kimin önündə, kiminsə arxanda olduğunu görürsən. Bu qısa müddətdə qeyd etdiklərimin hamısının şahidi oldum. Bəziləri yanımda yer aldı, əlindən gələn bütün dəstəyi verdi. Bu prosesdə mənə dəstək olan hər kəsə, başda Yunus Oğuz olmaqla bütün KİV nümayəndələrinə, yaxın dostlarıma, xüsusilə də Hollandiya Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin sədri İlhan Aşkına, Amerikadan İsmayıl Əhmədov qardaşıma dərin təşəkkürümü bildirirəm, var olun. Heç bir təmənna güdmədən yanımda yer aldınız. Qarşınızda baş əyirəm. Haqqınızı halal edin.

X X X

Bəziləri arxamda yer aldı. Yox, arxa, dayaq durmadılar, arxamdan iş çevirdilər, ayağımdan dartmaq istədilər. Hər cür pisliyə əl atdılar, məni bu yoldan döndərmək üçün. Halbuki, həmin insancıqlar, məxluqlara qarşı indiyə qədər heç bir pisliyim dəyməmişdi. Olsun. Hər kəs eyni düşünə, eyni davranış ortaya qoya bilməz.

X X X

Bəziləri isə yanımda olduqlarını zənn etdiyim, ümid bəslədiyim halda, önümdə yer aldılar. Yaxud şərəflərini maddiyata bağladılar. Bütün insani keyfiyyətləri bir kənara qoyub pula üstünlük verdilər. Eynən ikinci qrupda yer alan bəziləri kimi. Bir neçə dəfə seçki təcrübələrinin olmasına baxmayaraq, həmin təcrübələri bölüşməyi belə çox gördülər. Halbuki, məhz bu qəbildən olanların daha çox işinə yaramışdım. Onların seçki prosesində iştirakları zamanı bacardığım qədər dəstək verib, "dostumuzdur, seçilsə daha yaxşı olar" prinsipini üstün tutmuşdum. Ancaq görünür yanılmışam.

Son 1-2 ay ərzində yaşadıqlarım mənim üçün yaxşı dərs oldu. Bu cür insanları tanımaq baxımından. Sadəcə mənim üçün bir sual maraqlıdır. Həmin insanlar bundan sonra hansı üzlə yenidən məndən nə isə xahiş edəcəklər?. Ancaq buradan onu da bəyan edirəm ki, həmin insanlara qarşı bundan sonra münasibətim fərqli, onlardan intiqamım isə amansız olacaq. Tanrı ömür nəsib etsin.

X X X

Ümumilikdə götürəndə isə, mən bu seçkilərdən heç nə itirmədim. Əksinə qazandıqlarım daha çox oldu. İlk növbədə Yevlaxın qədirbilən insanları, seçicilərindən özümə dost qazandım. Eyni zamanda yaxşı bir təcrübə qazandım. Güclü və zəif tərəflərimi müəyyənləşdirdim. Vətəndaşın, seçicinin başlıca probleminin nədən ibarət olduğunu bildim. İtirdiklərim isə heç bir insani keyfiyyətləri olmayanlar oldu. Və bundan da razıyam. Elə insanları itirmək daha yaxşıdır.

Mən bu yola Cənab Prezidentin yeni formlaşacaq qanunverici orqanla bağlı fikirləri, çağırışlarına dəstək olmaq, qoşulmaq üçün çıxmışdım və nəticənin necə olmasından asılı olmayaraq da bundan peşman deyiləm. Bundan sonra da bir Azərbaycan vətəndaşı olaraq Cənab Prezidentin daxili və xarici siyasətinin fəal təbliğatçısı olacağam.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31