Aksiyalardan seçkinin nəticələrinə təzyiq vasitəsi kimi istifadə cəhdi yolverilməzdir- RƏY
Aksiyalardan seçkinin nəticələrinə təzyiq vasitəsi kimi istifadə cəhdi yolverilməzdir
12 Fevral 2020 13:52 SiyasətBəzi xarici mətbuat orqanlarında Azərbaycanda keçirilən növbədənkənar parlament seçkisinin nəticələrinə şübhə salmaq cəhdləri müşahidə olunmaqdadır. Ancaq belə cəhdlərin təhlili zamanı bu tipli məlumatların yayılmasında antiAzərbaycan qüvvələrin, eləcə də ölkəmizə qarşı daim qərəzi ilə seçilən beynəlxalq təşkilatların barmağının olması təəssüratı yaranır. Məlumat üçün qeyd edək ki, beynəlxalq müşahidəçilərin böyük əksəriyyətinin hesabatında Azərbaycanda parlament seçkisinin benəlxalq standartlara uyğun keçirilməsi üçün lazım olan bütün şəraitini yaradıldığı vurğulanmaqla yanaşı, xırda çatışmazlıqlar da əks olunub. Ancaq siyasi nəzərəiyyə baxımından həmin nöqsanlar seçkinin nəticəsinə təsir etmək imkanında deyil. Belə halda, həmin nöqsanları şişirtməklə ucdan tutub ucuzluğa getməyin nə mənası var. Lakin reallıq ondan ibarətdir ki, "sapı özümüzdən olan baltalar" tutarlı səbəb tapa bilmədiklərindən ucuz şou yaratmaq niyyətlərini ortaya qoyublar. Lakin qətiyyətlə demək olar ki, bu iddialar, edilən cəhdlər seçkilərin nəticələrinə kölgə salmaqdan başqa bir şey deyil.
Əslində Avropa Şurasının seçkilərin nəticələri ilə bağlı qərəzli hesabat hazırlayacağı əvvəlcədən gözlənilən idi. Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün ölkəmizə gələn AŞPA-nın seçki müşahidə missiyasına son anda 2014-cü ildə qeyri-qanuni olaraq işğal olunmuş ərazilərimizə səfər etmiş və buna görə də adı qara siyahıya salınmış Yatsek Protasieviçin daxil edilməsi təsadüfi deyildir. Bu təxribat məqsədilə atılmış addım idi. Məqsəd ondan ibarət idi ki, Azərbaycan həmin deputatın ölkəyə girişinə imkan verməyəcəkvə bundan sonra AŞPA Azərbaycana qarşı yeni böhtan kampaniyası başlanacaq. Lakin Azərbaycan öz əməli ilə sübut etdi ki, istənilən beynəlxalq təşkilat ilə məkdaşlıq etməyə hazırdır. Buna baxmayaraq yenə də, sözügedən qurum Azərbaycanda keçirilən parlament seçkisi ilə bağlı ortaya konkret mövqe qoymaqdan yayınır. Təsadüfi deyil ki, həm yerli, həm də xarici ekspertlər hələ seçkilərdən əvvəl qurumun bu qərarını məhz seçkilərdən sonrakı proseslərə hesablandığını bəyan etmişdilər. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən bəzi beynəlxalıq təşkilatlar adətən hesabatlarını antiAzərbaycan qüvvələrinin danonsları əsasında hazırlayırlar. Etiraf edilməlidir ki, bu işdə müxalifət qüvvələr daha fəallıq nümayiş etdirilər. Bu arada xatırladaq ki, müxalifət parlament seçkilərinə etiraz məqsədilə aksiya keçirmək üçün meriyaya müraciət edib. Belə ki, Müsavat, Respublikaçı Alternativ (REAL) partiyaları, D18 Hərəkatı və müstəqil namizədlər fevralın 16-da etiraz aksiyası keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlayıblar. Aksiyanın 28 May metrossu yaxınlığında keçirilməsi planlaşdırılır.
Bu başdan qeyd edək ki, müxalifətin bu əsassız iddiası seçkilərin nəticələrinə kölgə salmaq cəhdi üçün mənbə rolunu oynaya bilər. Halbuki Azərbaycanda keçirilən parlament seçkilərini izləməyən hər hansı beynəlxalq təşkilatın seçkilərin gedişi və onun nəticələri barədə hər hansı fikir yürütməyə hüquqi və mənəvi haqqı yoxdur. Seçkiləri birbaşa izləyən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndələrindən ibarət Beynəlxalq Seçki Müşahidə Missiyası (BSMM) Milli Məclisə növbədənkənar seçkilərlə bağlı hazırladıqları hecabatda bir sıra müsbət məqamlar da yer alıb. Konkret olaraq göstərilib ki, növbədənkənar parlament seçkisində çoxlu sayda namizədlik qeydə alınıb, seçkiyə 19 siyasi partiya namizədləri qatılıb, seçkini izləmək üçün 89 min yerli, 883 beynəlxalq müşahidəçi qeydiyyata alınıb. Həmçinin şəffaflıq məqsədilə seçki məntəqələrində mindən çox kamera yerləşdirilib: "Seçki administrasiyası resurslarla yaxşı təmin olunmuşdu və qısa vaxta baxmayaraq qanunla müəyyən edilmiş bütün müddətlərə riayət etdi. MKS şəffaf surətdə işləmək üçün səylər göstərdi və beynəlxalq müşahidəçilərə münasibətdə xoşməramlı idi. İclaslar müşahidəçilər və mediaya açıq idi. Qərarlar bir qayda olaraq həmrəyliklə qəbul edilirdi və vaxtı-vaxtında sayta yerləşdirilirdi ki, bu da şəffaflığı artırırdı". Onu da qeyd edək ki, bütün beynəlxalq müşahidəçilər öz hesabatlarında parlament seçkisinin şəffaf, demokratik və ədalətli şəkildə keçirildiyini etiraf ediblər. Belə halda, müxalifətin heç bir əsası olmadan aksiya keçirmək cəhdi başa düşülən deyil. Politoloq, "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev qeyd edib ki, ən anlaşılmaz seçki təzahürlərindən biri MSK-nın qarşısında cürbəcür xarakterli toplantılar keçirərək hay-küy salmaqdır: "Sanki məqsədli şəkildə bir neçə nəfər oturaq vəziyyətdə və ya ayaq üstündə ucadan nəsə qışqırır, kimlərsə də kənardan bunu çəkib sosial şəbəkələrdə tirajlayır. Mən başa düşürəm ki, seçki sonucda hər kəsin razı qalacağı bir proses deyil. Bu prosesdə sözsüz ki, narazılar olacaq, belə hallar dünyanın hər yerində olur". Onun sözlərinə görə, normalda məhkəmələrlə mübahisələrə aydınlıq gətirmək mümkün olduğu halda MSK-nın qarşısını mitinq meydanına çevirmək cəhdləri başa düşülən deyil: "Bu qanunsuz toplantıların qarşısını da alanda "bizə təzyiq göstərilir" kimi yersiz hay-küylər baslayır. Normalda MSK-nın qarşısına gələn narazılar MSK-da müvafiq qapıları açaraq dərdlərini bölüşə bilərlər. Əksinə, MSK qarşısında əsl biabırçılıq sayıla bilən davranışlar gördük. Üzdən publikaya çox tanış olan bir "qadın" MSK işçisindən hay-qışqırıqla tələb edir ki, "get kreslonu gətir, burda mənim yanımda qoy və əyləş". Əməkdaşın israrlı və həqiqətən etik jestlərlə bu "qadını" MSK binasına söhbət üçün dəvət etmək cəhdləri bir nəticə vermir. Çünki ictimaiyyətin əvvəlki aylardakı hadisələrdən yaxşı tanıdığı bu "qadınlar" bəzi Avropa strukturlarının diktəsi ilə idarə olunan "partiya" sədrindən belə sifariş alıblar. MSK qarşısında məqsədli şəkildə hay-küy salmaq üçün gəlmiş həmin şəxslər və əsasən də həmin "qadınların" bir neçə ay əvvəl Bakının məşhur yerində keçirdikləri piket zamanı çox abırlı bir polis zabitinin üstünə necə "nalyot"etdiyini göstərən kadrlar yada düşür. Onları sakit davranışa dəvət edən polislərdən tələb edirdi ki, ATƏT-in İstanbul konvensiyasını Azərbaycan niyə imzalamır? Təsəvvür edirsinizmi ki, polis zabiti bu hayqırtılara necə təəccüblə baxırdı? Axı hansısa konvensiyanı imzalamaq və ya imzalamamağın polislik olmadığını kim bilmir ki?! həm də həmin İstambul konvensiyası deyilən ATƏT sənədinə qarşı ermənilər rəsmi üsyan edirlər ki, bu sənəd təsdiqləndiyi halda bizim ailə dəyərlərimizi dağıdacaq. Baxın, ermənilərin daş-qalaq etdikləri sənədin Azərbaycanda parlament tərəfindən təsdiqlənməsini tələb edən "qadınlar" hərəkatı gedir. Bu hərəkatı idarə edən partiya sədri də var. Ən maraqlısı odur ki, MSK-nın qarşısında bu günlərdə hay-qışqırıq salanların arasında həmin "qadınlardan" olanlar daha çox fəallıq edirlər". Qeyd edək ki, Azərbaycan xalqı azad və sərbəst şəkildə öz seçki hüququnu və iradəsini ifadə edərək, bu seçkilərdə iştirak edib. Yalnız Azərbaycan seçicilərinin iradəsi, seçici fəallığı və verdikləri səslər seçkilərin nəticələrini və legitimliyini müəyyən edir. Belə halda müxalifətin aksiyalardan siyasi təzyiq vasitəsi kimi istifadə etmək cəhdi tamamilə yolverilməz haldır.
Zəka
Olaylar.az