İctimai asayişi pozmağa cəhd edənlər- Siyasət

İctimai asayişi pozmağa cəhd edənlər-Siyasət

Yaxud seçkidən öz məqsədləri üçün yararlanmaq cəhdi

Ötən yazılarımızın birində qeyd etmişdik ki, "ərəb baharı", "demokratiya" dalğasını Cənubi Qafqaza transfer etmək ssenarisi üzərində yenidən iş gedir. Azərbaycan da daxil olmaqla regionun digər iki ölkəsi, Gürcüstan və Ermənistanda cərəyan edən proseslər də belə bir qənaətin formalaşmasına əsas yaratmışdı. Artıq demək olar ki, bu prosesin ilkin işartıları görünməkdədir. Hər halda ötən gün paytaxtda, seçki qurumunun qarşısında, yəni Mərkəzi Seçki Komissiyasının binası önündə keçirilən icazəsiz etiraz aksiyası belə deməyə əsas verir. Məlumat üçün qeyd edək ki, fevralın 11-də bir qrup deputatlığa namizəd fevralın 9-da ölkədə keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticələrinə etiraz olaraq Mərkəzi Seçki Komissiyasının qarşısına toplaşıb və bununla da ictimai asayişi pozmağa cəhd ediblər. Hüquq-mühafizə orqanlarının çevik reaksiyası və görülən qabaqlayıcı tədbirlər nəticəsində, icazəsiz etiraz aksiyasının qarşısı alınıb. Məsələnin mahiyyətinə varmadan və aksiyanın hansı formada keçirilməsinə diqqət çəkmədən, dərhal bəlli antiAzərbaycan qüvvələr və onların daxildəki əlaltıları belə bir ictimai və beynəlxalq rəy formalaşdırmağa çalışıblar ki, guya Azərbaycanda sərbəst toplaşmaq azadlığı pozulur, insanlara öz fikirlərini ifadə etmək üçün heç bir şərait yaradılmır. Həmçinin iddia edilir ki, icazəsiz aksiya zamanı Azərbaycan polisi guya etirazçılara qarşı aqressiv davranıb.

İlk növbədə onu qeyd etmək lazımdır ki, Azərbaycan polisi, hüquq-mühafizə orqanlarının icazəsiz aksiya iştirakçılarına qarşı təmkinli hərəkətləri, onların etirazçıları ictimai asayişi bərpa etməyə yönəlik çağırışları sosial şəbəkələrdə aşkar şəkildə yayılıb. Və görüntülərdən də aydın olur ki, polis əməkdaşları etiraz aksiyasının iştirakçılarına qarşı heç bir fiziki güc tətbiq etməyib. Digər tərəfdən polis əməkdaşları aksiya iştirakçılarına qarşı fiziki güc tətbiq etsələr belə, bunda kifayət qədər haqlı idilər. Çünki nəzərdə tutulan aksiya heç bir haldaı hər hansı dövlət qurumu ilə razılaşdırılmamış, onun keçirilməsi üçün icazə alınmamışdı. Qonşu ölkələri demirəm, demokratiyanın beşiyi sayılan Birləşmiş Ştatlar, o cümlədən qoca qitə Avropada icazəsiz etiraz aksiyası keçirənlərə qarşı hansı tədbirlərin görüldüyü, hətta bir çox hallarda atəş açıldığı, göz yaşardıcı qazdan istifadə edildiyi hər kəsə bəllidir. Lakin Azərbaycan polisi indiki situasiyada bu kimi zorakılıq hallarının heç birindən istifadə etmir və qanunun alliliyi çərçivəsində, təmkinlə etirazçıları ictimai asayişi bərpa etməyə çağırır. Lakin polis əməkdaşlarının nümayiş etdirdiyi təmkin, səbr də ona əsas verməməlidir ki, ictimai asayişi pozmaq niyyətində olanlar bir qədər də irəli gedib ölkədə xaos, anarxiya yaratmağa çalışsınlar. Bu vaxta qədər bu kimi məkirli qüvvələrin Azərbaycanda qarışıqlıq yaratmaq planları necə ifşa edilib və zərərsizləşdirilibsə, bundan  sonra da Azərbaycanın hüquq-mühafizə orqanları eyni çeviklik və məsuliyyətlə bu işin öhdəsindən gələcəklər.

Hazırkı situasiyada yuxarıda da qeyd etdiyimiz kimi görünən odur ki, müəyyən maraqlı qüvvələr seçki məsələsindən istifadə edib ölkədə xaos, anarxoya yaratmaq niyyətindədirlər. Əks təqdirdə həmin qüvvələr öz etirazlarını, hər hansı bir məsələyə olan iradlarını sivil yolla, müvafiq dövlət qurumlarından icazə almaqla keçirdikləri aksiya vasitəsilə ifadə edərdilər. Ümumiyyətlə götürəndə isə, iddia edilən kimi hər hansı seçki saxtakarlıqları barədə etiraz aksiyası, mitinq, yaxud yürüş keçirməyə də lüzum yoxdur. Çünki Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov səsvermı prosesi baça çatan kimi, bütün deputatlığa namizədlərə müraciət edərək əllərində hər hansı faktlar olduğu təqdirdə, onları MSK-ya təqdim etmələrini açıqca bildirib. Və əminliklə bildirilib ki, Mərkəzi Seçki Komissiyasına təqdim edilən və seçkinin nəticələrinə kölgə sala biləcək hər bir fakt ciddi şəkildə araşdırılacaq. Elə Mərkəzi Seçki Komissiyasının ən son açıqlamasında da qeyd edilir ki, sözügedən məsələ ilə bağlı quruma təqdim edilən yüzlərlə faktlar ciddi şəkildə araşdırılır. Bütün bunların qarşılığında kimlərinsə qeyri-qanuni yolla, ictimai asayişi pozmağa yönəlik aksiyalar keçirməklə seçkilərin nəticələrini kölgə salmaq cəhdi, əslində birbaşa Azərbaycanda qarşıdurma yaratmağa, ölkəni idarəolunmaz vəziyyətə gətirib çıxarmağa hesablanıb. Bundan isə yalnız təəssüf hissi keçirmək olar.

Məhəmməd

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31