Növbədənkənar parlament seçkiləri xalqın iradəsini əks etdirdi -Şərh
Növbədənkənar parlament seçkiləri xalqın iradəsini əks etdirdi-Şərh
12 Fevral 2020 12:52 SiyasətVaqif Abdullayev: "Seçkiyə ən düzgün qiyməti xalq özü verdi"
Ölkəmiz çox mühüm bir siyasi prosesi arxada qoydu, yüksək rəqabət şəraitində keçən növbədənkənar parlament seçkiləri başa çatdı. Milli Məclisə fevralın 9-da keçirilən seçkilər ölkədə demokratiyanın inkişafı və hüquqi dövlət quruculuğu yolunda irəliyə doğru addım oldu. Yüzlərlə beynəlxalq və yerli müşahidəçinin iştirakı ilə baş tutan seçki prosesinin azad, demokratik, şəffaf şəraitdə keçməsini birmənalı olaraq söyləmək mümkündür. Prosesin dərin təhlili onu deməyə əsas verir ki, Azərbaycanda seçkilər Konstitusiya normalarına, Seçki Məcəlləsinə və digər qanunvericilik aktlarına və tamamilə beynəlxalq demokratik prinsiplərə uyğun olaraq demokratik, şəffaf və ədalətli şəkildə keçirildi. YAP Siyasi Şurasının üzvü Vaqif Abdullayev qeyd edib ki, fevralın 9-da keçirilən növbədənkənar parlament seçkiləri xalqın iradəsini əks etdirdi. Seçicilərin yüksək mütəşəkkilliyi ilə müşayiət olunan bu proses təsdiqləyir ki, Azərbaycanda vətəndaşların seçki mədəniyyəti, seçmək mədəniyyəti kifayət qədər yüksəlib. Azərbaycan xalqı düzgün seçim etməyi bacarır. Xalqımız ölkədəki siyasi qüvvələr arasında azad və tərəddüdsüz, həm də doğru seçim edəcək qədər yetkin və müdrikdir. Bu müdrik seçim həm də obyektiv reallığa, ölkənin son illlərdə keçdiyi inkişaf yolunun məntiqi yekununa, konkret desək, Azərbaycan vətəndaşının bugünkü yaşam tərzinə əsaslanır: "Təbii ki, seçkilərdə bütün demokratik dövlətlərdə olduğu kimi kiçik nöqsanların baş verməsi qaçılmazdır, ancaq ümumu seçkinin nəticələrinə və demokratikliyinə təsiredici deyil. Həmin nöqsanlarla bir neçə dairədə operativ, hərtərəfli və obyektiv dərin araşdırmalara başlanılması seçkilərdə ali prinsipin demokratik dəyərlərin yeganə meyar olduğunu təsdiqləyir". Onun sözlərinə görə, seçkilərdə 1314 namizədin iştirak etməsi deputat mandatı uğrunda mübarizənin həddindən artıq rəqabətlililiyindən xəbər verirdi: "Seçkilərdə demək olar ki, bütün siyasi partiyalar təmsil olunmuşdu ki, bu da siyasi palitranın zənginliyinə və mübarizənin kifayət qədər gərgin olmasına sübutdur. Nəzərə alsaq ki, 15-dən artıq partiyanın 400-dən artıq təmsilçisi deputat mandatı uğrunda rəqabət aparırdı, bu mənzərə demokratik coğrafiyanın həddindən artıq geniş və əhatəli olmasını göstərir. Seçkilərin nəticələrinə şübhə salmağa çalışanlar anlamalıdırlar ki, proses minlərlə xarici müşahidəçinin, media təmsilçilərinin gözü qarşısında gerçəkləşib. Avropanın ən demokratik ölkələrindən Almaniya, Norveç, Fransa, Polşa və digər ölkələrin müşahidəçilərinin qənaəti seçkilərin obyektiv və ədalətli keçirildiyini təsdiqləyir. Avropalı deputatlar birmənalı şəkildə bu seçkiləri demokratiyanın inkişafının irəliləməsi kimi səciyyələndirirlər. ABŞ-dan olan müşahidəçilər, Yəhudi Respublikaçılar Alyansının üzvləri səsvermə prosesini müşahidə etdiyi məntəqələrdə hər hansı bir insidentin qeydə alınmadığını, seçkinin bütün demokratik qaydalara uyğun keçirildiyini bəyan edib. Hətta Azərbaycanın ən həssas bölgəsində, Cocuq Mərcanlı kəndində seçkiyi izləyən litvalı müşahidəçilərin demokratik prinsiplərin qorunmasını xüsusi olaraq qeyd etməsi respublikamızda demokratik ənənələrin güclü olmasına dəlalət edir. Müşahidəçilərin hamısının yekdil rəyinə görə, ölkənin bütün seçki məntəqələrində seçkilər sakit və intizamlı keçirilmişdir. Beynəlxalq birliyin təklifi ilə həyata keçirilən yeniliklər, o cümlədən şəffaf qutular, barmaqların gözə görünməyən mürəkkəblə işarə edilməsi, səsvermə iştirakçılarının tam azad və sərbəst seçim etmələri prosesin obyektivliyinə böyük töhfə verdi".
***
V.Abdullayev bildirib ki, digər bölgələrdə seçkini sona qədər izləyən xarici deputatların, ictimai təşkilatların nümayəndələrinin fikirlərindən yekun olaraq belə bir rəy mövcuddur: Siyasi baxışlarından asılı olmayaraq, bütün namizədlərə eyni siyasi mübarizə şəraitinin yaradılması, seçki komissiyalarında bütün siyasi və ictimai təşkilatların nümayəndələrinin təmsil olunması, seçki prosesinin elektron vasitələrlə izlənməsi, səsvermə prosesinin açıqlığının təmin edilməsi və sair amillər Azərbaycanda keçirilən parlament seçkilərinin şəffaflığının mühüm göztəriciləridir. Böyük Britaniyanın müşahidə missiyasının rəyindən də göründüyü kimi seçki prosesində yüksək texnologiyalardan istifadə edilməsi açıqlığın, şəffaflığın və azad seçimə yaradılan geniş imkanların nümunəsidir: "Seçkilərdə xarici KİV-lərin fəallığını da xüsusi qeyd etmək lazımdır. 47 ölkəni təmsil edən 132 beynəlxalq KİV-in 199 təmsilçisinin (ABŞ, Meksika, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Türkiyə, Rusiya və digər ölkələr) prosesi işıqlandırması seçkiyə marağın yüksək olmasını, həmçinin, seçki ilə bağlı medianın azad fəaliyyətinin təmin edilməsinin nümunəsidir. Bu faktor da təsdiqləyir ki, Azərbaycanda siyasi islahatlar demokratiyanın bütün təzahürlərini təmin edib, Avropa seçki sistemi ilə Azərbaycandakı seçki sistemi arasında heç bir fərq yoxdur.125 seçki dairəsinin bütün məntəqələrində "exit-pollar"ın keçirilməsi seçki prosesi nizamla və obyektiv şəraitdə başa çatmasını təsdiq edən ən vacib amillərdən biridir".
Onun sözlərinə görə, parlamentə mandat qazanmış qadın deputatların sayının artması Azərbaycan qadının cəmiyyətdə, ictimai-siyasi proseslərdə rolunun daha da artdığını göstərən mühüm faktorlardan biridir: "Bir çox ölkələrdə qadınların parlamentdə təmsilçiliyi təxminən 15-18 faizə bərabərdir, Milli Məclisin tərkibibnin 20 faizə yaxınının qadınlardan ibarət olması Azərbaycanda qadınların siyasi fəallığının, xüsusi çəkisinin nümunəsidir. Qadınların kişilərlə hakimiyyət strukturlarında bərabər iştirakının təmin edilməsi demokratiyanın və cəmiyyətin inkişafının bir hissəsidir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın timsalında qadınların siyasi proseslərdə fəal iştirakının artmasının, dövlətin inkişafında, dövlətçilik ənənələrinin möhkəmlənməsində rolunun təsdiqidir. Mehriban Əliyevanın Milli Məclisin deputatı kimi fəaliyyəti peşəkarlıq və səmərəlilik baxımından xüsusilə diqqətəlayiqdir və qadın deputalar Onun fəaliyyətini özləri üçün örnək, fəaliyyət proqramı hesab edirlər. Bu gün hər bir qadın millət vəkili məhz Mehriban Əliyevanın zəngin deputatlıq fəaliyyətini öz fəaliyyətlərində rəhbər tutaraq xalqın mənafeyinin qorunmasında, dövlətimizin inkişafında yaxından iştirak etməyi qarşıya məqsəd qoyub".
***
V.Abdullayev birmənalı şəkildə qeyd edib ki, xarici müşahidəçilərin, beynəlxalq təşkilatların seçkiyə verdiyi qiymət həqiqətən də müsbətdir, demokratiyaya verilən dəyərdir: "Ancaq seçkiyə ən düzgün qiyməti xalq özü verdi. Milli Məclisə seçilən deputatları xalq seçir. Xalq kimlərin parlamentdə təmsil olunmasını istəyirsə, ona səs verir. Ona görə də, seçilənlərin gənc, orta və yaxud yaşlı nəslin nümayəndəsinin olmasını da xalq müəyyənləşdirdi. Yeni parlamentdə gənclərin və orta yaşlı deputaların da sayı kifayət qədərdir. Gənclərin parlamentdə təmsil olunması yeni ruh, yeni təfəkkür, islahatların dərinləşməsində lokomotiv olan qüvvələrin yeni ideyalar gətirməsi deməkdir. Bu baxımdan yeni Milli Məclisdə gəncləşməni, qanun yaradıcılığına yeni ruhun, yeni nəfəsin gətirilməsi çox təqdirəlayiq bir haldır. Gəncləşmə, yeniləşmə heç bir halda yaşlı nəslin təqib olunmasına, aşağılanmasına, onların fəaliyyətinin üstündən birdəfəlik xətt çəkilməsinə gətirib çıxarmamalıdır. Bu ənənə yeni parlamentdə də özünü qoruyub saxlayır, kifayət qədər təcrübəli bə peşəkar orta və yaşlı nəslin də müsbət təcrübəsindən yararlanmaq mümkün olacaq. Demokratik seçki cəmiyyət üçün bir imtahandır. Azərbaycan xalqı bu imtahatndan üzüağ, alnıaçıq cıxdı, bir sıra ölkələrə nümunə ola biləcək seçki mədəniyyətini nümayiş etdirdi. Yeni seçkilər demokratikliyin, şəffaflığın, açıqlığın, ədalətliliyin növbəti nümunəsi oldu. Parlament seçkiləri Azərbaycanın demokratik inkişafının və islahatların yaxşı nümunəsi kimi qiymətləndirilə bilər. Azərbaycan demokratik islahatlarla inadla, inamla irəliləyir. Yeni parlamentin həyatımızın bütün sahələrini əhatə edən mütərəqqi qanunların qəbulu baxımından müstəsna əhəmiyyətə malikdir. Respublikamızın yeni inkişaf mərhələsində olması bir sıra qanunvericilik aktlarının qəbulunu, habelə mövcud qanunlara əlavə və dəyişiklikləri zəruri edir. Milli Məclisinin yeni tərkibi onu deməyə əsas verir ki, parlament qarşıdakı illərdə bu missiyanın öhdəsindən layiqincə gəlməyə qadirdir. Yeni seçilən deputatlardan gözləntilər çoxdur, onların əsas işi qanun yaradıcılığı prosesində fəal olmaq, inkişaf edən, yeni reformalara uyğun qanunvericilik bazası formalaşmasında təşəbbüskar və yenilikçi olmaqdır. Onların əsas işlərindən biri isə seçildiyi ərazinin sakinləri ilə hər gün yaxın təmasda olmaqdır. Etimadı doğrultmaq üçün hər deputatın 5 il qarşıda daha fərqli və yeni fəaliyyət tarixi dayanır. Yeni seçkilərdən sonra yeni formalaşan parlament ölkəmizdə bütün sahələrdə genişlənən islahatların daha da dərinləşdirilməsində öz mühüm rolunu oynayacaq. Azərbaycanın dünyada, beynəlxalq aləmdə demokratik dövlət imicinin artırılmasına öz müsbət töhfəsini verəcək".
Alim
Olaylar.az