Cənubi Qafqaz yenidən hədəfdə- Geosiyasət

Cənubi Qafqaz yenidən hədəfdə-Geosiyasət

Paşinyan hakimiyyətinin sonu yaxınlaşır

Qərbin müsəlman dünyası, ərəb ölkələri, Yaxın Şərqə ixrac etdiyi "demokratik inqilab", "xalq etirazları"nın yenidən Cənubi Qafqaza doğru transfer edilməsi gündəmdədir. Hər halda son vaxtlar regionun 3 əsas ölkəsi, Azərbaycan, Gürcüstan və Ermənistanda cərəyan edən proseslər belə deməyə əsas verir. Məqsəd adları çəkilən hər üç ölkədə kütləvi etirazlar təşkil etmək, ölkədə idarəolunmaz vəziyyət yaratmaq və bununla da öz istəklərinə, Bakı, Tbilisi və İrəvanda hakimiyyət dəyişikliyinə nail olmaqdır. Cərəyan edən proseslər onu deməyə əsas verir ki, Azərbaycan bu prosesdən özünü təcrid edə və gözlənilən təhlükəni dəf edə bildi. Məlumat üçün qeyd edək ki, növbədənkənar parlament seçkilərindən bir neçə gün əvvəl Milli Şurab adlanan qurumun sədri kimi tanınan Cəmil Həsənlinin guya parlamentə yeni seçiləcək şəxslərin adlarını açıqlaması, məhz həmin planın tərkib hissəsi idi. Plan isə ondan ibarət idi ki, cəmiyyət açıqlanan həmin siyahının reallıq olduğunu qəbul edəcək və seçki ərəfəsində, eləcə də onun səhəri küçələrə çıxaraq hakimiyyət əleyhinə kütləvi etirazlara start verəcək.  Həmin ərəfədə bölgələrdəki radikal siyasi düşərgənin təmsilçilərinin əhali arasında "fevralın 10-da Bakıda güclü aksiya, etiraz mitinqi olacaq" kimi fikirlər yayması, insanları kütləvi itaətsizliyə çağırması da məhz qeyd etdiyimiz planın tərkib hissəsi idi.

Ancaq nəzərdə tutulan ssenari heç də Azərbaycanda xaos, anarxiya yaratmaq istəyənlərin işinə yaramadı. Nəticə etibarilə, Azərbaycan vətəndaşları radikal siyasi düşərgənin məkirli planına uymayaraq, ona dəstək verməyərək fevralın 9-da özü müstəqil, azad və demokratik şəkildə seçkiyə getdi, layiq bildiyi namizədə səs verdi. Seçki günü seçici aktivliyinin belə bir səviyyədə olacağını ağıllarına belə gətirməyən radikal siyasi düşərgə nəticə etibarilə fevralın 10-da nəzərdə tutduğu aksiyanı da təxirə saldı. Məlumat üçün onu da qeyd etmək yerinə düşər ki, 10 fevral aksiyası barədə Bakı Şəhər İcra Hakimiyyətinə heç bir müraciətin edilməməsi də, onu deməyə əsas verirdi ki, bütün bu planların əsas hədəfi Qərbdəki bəlli antiAzərbaycan çevrələrin əli ilə ölkədə siyasi gərginlik, ixtişaş yaratmaq idi.

Azərbaycanda ənənəvi olaraq məkirli planlarının baş tutmadığını görən beynəlxalq güclər bir qayda olaraq Bakıdan sonra hədəfi əsasən Tbilisi və İrəvana yönəldirlər. Artıq bir neçə günür ki, Gürcüstan parlamentinin qarşısında keçirilən etiraz aksiyaları deyilənlərin əyani sübutudur. Demək olar ki, qonşu ölkədə nəzərdə tutulan ssenarinin icrasına start verilib. Görünür, artıq Gürcüstan hakimiyyəti Qərbin maraqlarına cavab vermir, ona görə də Tbilisi ilə haqq-hesab çəkmək zamanı yetişib. Digər tərəfdən son aylarda Tbilisidən Moskvaya artan rəsmi və işgüzar səfərlər də Qərbin heç də xoşuna getmir və hesab edirlər ki, Tbilisinin sürətlə Rusiyaya yaxınlaşması əsas etibarilə də NATO-nun regionla bağlı planlarını alt-üst edə bilər. Ona görə də artıq bir neçə gündür ki, Gürcüstanda aksiyalara start veriib. Bu aksiyalarla ya Gürcüstan hakimiyyətinə təzyiq edilib, onu Rusiyaya yaxınlaşmaqdan uzaqlaşdıracaq, ya da qonşu ölkədə hakimiyyət dəyişikliyini reallaşdıracaqlar.

Oxşar proseslər hazırda işğalçı Ermənistanda da cərəyan edir. İndi həm Qərb, həm də Rusiyanın Ermənistanda hakimiyyət dəyişikliyi etmək planları demək olar ki, üst-üstə düşür. Keçmiş prezident Serj Sərkisyanı güc yolu ilə hakimiyyətdən devirib ölkənin idarəçiliyini ələ alan baş nazir Nikol Paşinyanın yarıtmaz və səriştəsiz siyasəti Ermənistanın həm Qərb, həm də Rusiya ilə münasibətlərində ciddi problemlər yaradıb. Konkret olaraq Qərbə, yaxud Rusiyaya meyillənməyi hələ də müəyyənləşdirə bilməyən Paşinyanın bu səriştəsizliyi onun hakimiyyətlə olan yollarını da tədricən ayırır. Təsadüfi deyil ki, son vaxtlar işğalçı ölkədə də Paşinyan əleyhinə kütləvi aksiyalar keçirilir və çox güman ki, yaxın vaxtlarda Ermənistanda siyasi gərginlik bir qədər də artacaq və Paşinyan hakimiyyəinin sonu olacaq. Hər halda işğalçı ölkədə proseslər bu istiqamətdə cərəyan edir.

Məhəmməd

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31