Beynəlxalq müşahidəçilər: “Seçki prosesində heç bir qanun pozuntusuna rast gəlmədik”- TƏHLİL

Beynəlxalq müşahidəçilər: “Seçki prosesində heç bir qanun pozuntusuna rast gəlmədik”-TƏHLİL

Fevralın 9-da Milli Məclisə keçirilən növbədənkənar seçkiləri bir sıra beynəlxalq müşahidəçilər izləyib. Olaylar.az bildirir ki, müxtəlif ölkələrdən məhz seçkiləri izləmək üçün ölkəmizdə rəsmi səfərdə olan müşahidəçilər seçki haqqında təəssüratlarını ölkə mediası ilə bölüşüblər.

Nyu Yorkdakı Amerika ictimaiyyətinin nümayəndələr missiyasının müşahidəçisi, Buxara Yəhudiləri Konqresinin ABŞ və Kanadadakı əlaqələndiricisi Rafael Nektal bildirdi ki, Azərbaycandakı yəhudi icması ilə görüşəndə əvvəlcə ölkənin hökumətinin milli azlıqlara göstərdiyi hörməti gördü:  "Bakıda və Qubada oldum və hər iki şəhərdə həm küçəni, həm də yəhudi mənşəli olan Azərbaycanın milli qəhrəmanı Albert Agarunovun abidəsini seyr etmək xoş idi. Yerli əhalinin Krasnaya Slobodadakı dağ yəhudilərinə, Bakıdakı Ashkenazi və Gürcü yəhudiləri icmalarına necə hörmət etdiyini gördüm, müsəlmanlarla yəhudilər arasında qarşılıqlı yardım və hörmət körpüsünün nə qədər inkişaf etdiyinə təəccübləndim."

Rafael Nektal  Albert Agarunovun tərcümeyi-halından əlavə, 20 Yanvar hadisələri və digər Azərbaycan cəmiyyətini müstəqillik yolunda sarsıdan hadisələrlə də tanış olduğunu və yəhudi xalqının sınaqları ilə paralel çəkərək burada cəmiyyətin necə bir olduğunu başa düşdüyünü söyləyib.

Bundan əlavə, onların missiyasının ölkənin müxtəlif mədəni və dini görməli yerlərini ziyarət etdiklərini və Azərbaycanda olmalarından məmnun olduqlarını qeyd edib.

Seçki prosesini izləyən macarıstanlı jurnalist Peter Dunai seçicilərin fəal iştirakını yüksək qiymətləndirib: "Azərbaycan cəmiyyətində seçkiyə maraq böyük olduğunu müşahidə etdim. Məntəqələrdə kifayət qədər seçici var idi. Onlar üçün hər cür şərait yaradılmışdı".

Seçkilərdə hər hansı qanun pozuntusuna rast gəlmədiyini xüsusi vurğulayan Peter Dunai qeyd edib ki, müşahidə apardığı 4 məntəqədə heç bir qanun pozuntusu qeydə alınmayıb.

"Üçüncü dəfədir Azərbaycanda seçkiləri müşahidə edirəm. Məni daha çox Dağlıq Qarabağdan olan seçicilərin iştirakı təsirləndirdi".

Bunu növbədənkənar parlament seçkilərini müşahidə edən almaniyalı müşahidəçi Matthias Dornfeldt deyib.

O bildirib ki, beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini artırmalıdırlar.

"Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həll edilməsini arzu edirəm. Çünki Dağlıq Qarabağdan olan insanlar öz vətənlərinə geri qayıtmaq istəyirlər. Mən Dağlıq Qarabağdan olan məcburi köçkünlərin səs verdiyi məntəqədə oldum. Dağlıq Qarabağdan olan seçicilər bizə öz keşməkeşli həyatlarından danışdılar", - deyə almaniyalı müşahidəçi vurğulayıb.

Fransa Parlamentinin senatoru, Parlamentdə Xarici Əlaqələr və Müdafiə Komitəsinin sədr müavini Joel Guerriau Dağlıq Qarabağ məsələsinə diqqət yetirib. O bildirib ki, fransızlar situasiyanın dəqiq necə olması barədə məlumatlı deyillər: "Fransada erməni lobbisinin gücünü yəqin ki, bilirsiniz. Fransada xeyli sayda erməni yaşayır, azərbaycanlıların sayı isə azdır. Düşünürəm ki, sizin ölkəniz barədə informasiyaların Fransada yayılması çox vacibdir".

Onun fikrincə, Ermənistanla bağlı məlumat və situasiyanı fransızlar tez öyrənə bilir, Azərbaycanla bağlı isə yox. "Məsələn, Azərbaycan Xocalı qırğınını yaşayıb və bu dəhşətli faciə idi. Düşünürəm ki, fransız xalqı bu barədə bilməlidir. Ermənilər Azərbaycanla bağlı bəzən fransızların fikirlərinə təsir edirlər. Əsas məsələ Azərbaycanla bağlı məlumatın yayılmasıdır. Məsələn, mən ilk dəfədir ki, Azərbaycana səfər edirəm və artıq Azərbaycanla bağlı fikirlərim əvvəlki kimi deyil. Yeni tanışlar qazandım Azərbaycanda və bu ölkə haqqında çox öyrəndim", - deyə o bildirib.   

J. Guerriau qeyd edib ki, Dağlıq Qarabağ münaqişənin həlli tapılmalıdır: "Bildiyiniz kimi, Fransa digər iki ölkə - ABŞ və Rusiya ilə birgə ATƏT-in Minsk qrupunun həmsədridir. Düşünürəm ki, Fransanın rolu bu qrupda çox vacibdir. ABŞ və Rusiya müxtəlif qütblərdədir, Fransa isə mərkəzdədir".

"Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutunun baş direktoru Bruno Janbar ölkədə keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı "exit-poll" nəticələrini açıqlayarkən qeyd edib ki, səs verən şəxsləri Azərbaycan dilində sorğuya cəlb edilib: "Sorğu bütün ölkə üzrə həm kənd, həm də şəhər məntəqələrində həyata keçirildi. Sorğuda 10 min 119 nəfər iştirak edir. Seçici fəallığı 55,06 faiz olub".

"AJF & Associates, İnc" təşkilatının  vitse-prezidenti Corc Braun Milli Məclisə seçkilərlə bağlı keçirdiyi "Exit-poll"-un nəticələri açıqlayarkən bildirib ki, qurum tərəfindən ölkədə 2106 nəfərdən müsahibə alınıb. Açıqlanan nəticələrin xəta həddi 3.6-3.9 həddində götürülüb: ""Exit-poll"un nəticələrinə görə, Yeni Azərbaycan Partiyası 69 yer, müstəqil namizədlər 41 yer, Vahid Azərbaycan Partiyası 3, Azərbaycan Demokratik İslahatlar Partiyası 1, Böyük Quruluş Partiyası 1, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 1 , Ana Vətən Partiyası 1, Vətəndaş Həmrəyliyi Partiyası 3 yer əldə edib."

ABŞ Sosioloji Tədqiqatlar İnstitutunun baş direktoru Brüno Jean Bar parlament seçkiləri ilə bağlı "exit-poll" nəticələrini açıqlaya zaman bildirib ki, 236 məntəqədə exit-poll həyata keçirilib: ""Səs verən şəxsləri Azərbaycan dilində sorğuya cəlb etdik. Sorğu bütün ölkə üzrə həm kənd, həm də şəhər məntəqələrində həyata keçirildi. Sorğuda 10 min 190 nəfər iştirak etdi. Seçici fəallığı 55,65 faiz olub".

ATƏT-in Amerika Birləşmiş Ştatlarından olan beynəlxalq müşahidəçisi Philip James jurnalistlərə müsahibəsində deyib ki, Azərbaycana ilk dəfədir səfər edir: "Biz böyük bir heyətlə gəlmişik. Əsas məqsədimiz seçkiləri izləmək, müşahidə etmək və sonda ümumi nəticələrə baxış keçirməkdir".

"Gürcüstan parlament üzvləri 11 məntəqədə müşahidə aparıblar. Parlament üzvləri hər məntəqədə müşahidə aparan komissiyanın və parlamentin üzvlərinin seçkilərin şəffaf keçirilməsi üçün yüksək səviyyədə mühit yaradıldığını qeyd ediblər." Bunu ötən gün ölkədə keçirilən parlament seçkiləri ilə bağlı mətbuat konfransında Gürcüstan parlamentinin üzvü Salavan Mirzoyev deyib. O bildirib ki, müşahidəçi korpusu da daxil olmaqla, hər kəs üçün rahat şərait yaradılıb.

"Azərbaycan Gürcüstan üçün partnyor ölkədir və bu ölkədəki siyasi proseslər bizim üçün də önəm daşıyır. Azərbaycanda seçkilərin belə demokratik şəraitdə keçirilməsi regionda demokratiyanın inkişafına təkandır.

Azərbaycan xalqı hakimiyyətə olan dəstəyini bir daha göstərdi. Biz Gürcüstan olaraq Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyirik", - o bildirib.

Gürcüstanın hakim "Gürcü arzusu" partiyasının deputatı Otar Daneliya seçkiləri izləyərkən  Bakıda bir neçə seçki məntəqəsində olduğunu qeyd edib: "Azərbaycanda parlament seçkiləri azad, müstəqil və demokratik mühitdə keçir. Həm mərkəzdə, həm də şəhər kənarındakı seçki məntəqələrində müşahidə aparmışıq, heç bir pozuntu halı aşkar etməmişik. Müşahidəçilər hörmətlə qarşılanıb, monitorinq üçün bütün şərait yaradılıb və Azərbaycan bununla fəxr edə bilər."

Şamaxıda səsvermə prosesini izləyən finlandiyalı müşahidəçi Avqust Halonen bildirib ki, Azərbaycanda Milli Məclisə keçirilən seçkilər bütün qaydalara uyğun təşkil olunub: ""Bu gün artıq ikinci seçki məntəqəsindəyik. Burada indiyə qədər hər hansı problemin şahidi olmadıq və düşünürəm ki, bundan sonra da heç bir qayda pozuntusu olmayacaq. Hələ bir neçə məntəqəyə də baş çəkəcəyik."

"Almaniyadan olan müşahidəçi kimi bir çox seçki məntəqələrinə baş çəkdim. Hazırda müşahidə etdiyim seçki dairəsində hər şey öz qaydasındadır və heç bir qanun pozuntusu yoxdur. Seçici fəallığı yüksəkdir və səsvermə prosesi şəffaf gedir. Hər kəs üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir."

Bu sözləri  20 saylı Nərimanov II seçki dairəsinin 16 saylı seçki məntəqəsində səsvermənin gedişini izləyən almaniyalı müşahidəçi, Sosial Demokrat Partiyasının (SPD) üzvü, SPD fraksiyasından Ştefen-Klaudio Leme deyib.

Naxçıvanda Milli Məclisə keçirilən növbədənkənar parlament seçkilərini izləyən  Rusiyadan olan müşahidəçi Aleksandr Lavruxin qeyd edib ki, Naxçıvana ilk dəfədir səfər edir: "Məntəqələrdə yaradılan şəraitlə tanış oldum. Muxtar respublikanın Ordubad rayonunda bir neçə seçki məntəqəsində müşahidələr aparmışıq. Seçki prosesi, səsvermə Seçki Məcəlləsinə uyğun aparılır. Hər kəs öz namizədinə sərbəst şəkildə səs verir. Dairə və məntəqə seçki komissiyalarının sədrləri və üzvləri sərbəst şəkildə müşahidə aparmağımız üçün bizə lazımi şəraiti yaradırlar".

"Azərbaycanda səsvermə hüququ olanların əksəriyyəti parlament seçkilərində iştirak edir. Azərbaycan xalqı öz namizədlərinə səs verir. İnanıram ki, seçkilər uğurla başa çatacaq və 2020-ci il fevralın 9-u Azərbaycan xalqının tarixinə ən uğurlu günlərdən biri kimi yazılacaq." Bu sözləri 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 21 saylı seçki məntəqəsində səsvermənin gedişini izləyən Bosniya və Herseqovina parlamentinin üzvü Lidiya Bradara deyib.

Deputat bildirib ki, 6 seçki məntəqəsində səsvermənin gedişini izləyib və heç bir qayda pozuntusu ilə rastlaşmayıb. Seçkilərin demokratik şəraitdə keçirildiyini diqqətə çatdıran beynəlxalq müşahidəçi seçki prosesində təşkilatçı və müşahidəçi qismində iştirak edən qadınların sayının çoxluğunu xüsusi vurğulayıb. Müşahidəçi qismində bir çox Avropa ölkələrində olduğunu deyən deputat Azərbaycanda seçki prosesində qadınların sayının çoxluğunu olduqca müsbət hal kimi dəyərləndirib.

Ölkəmizdə olmasından məmnunluğunu ifadə edən Bosniya və Herseqovina parlamentinin üzvü deyib: "Azərbaycana ilk dəfədir gəlirəm. Ölkəniz haqqında oxusam da, onu görməmişdim. Bakı çox müasir şəhərdir və Şərqlə Qərbin, keçmişlə müasirliyin əlamətlərini özündə birləşdirir. Ölkəniz haqqında təəssüratlarım zəngindir".

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) nümayəndələri 81 saylı Beyləqan seçki dairəsinin 4 saylı seçki məntəqəsində seçkiləri müşahidə ediblər. ATƏT DTİHB müşahidəçisi Halogh Nora Beyləqanda seçki prosesində neqativ halın qeydə alınmadığını bildirib: "Hər şey yaxşıdır, neqativ hal qeydə alınmayıb. Hər şey qaydasındadır".

Qurumun digər müşahidəçisi Pavel Kuznatsov da seçicilərin aktivliyinin normal olduğunu deyib.

Latviya müşahidə missiyasında yer alan nümayəndələrdən biri olan Armands Krauze Azərbaycanda keçirilən parlament seçkilərində apardıqları müşahidələrin nəticələrini açıqlayarkən bildirib ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri Avropada olduğu kimi yüksək demokratik standartlara uyğun keçirilib: "Təqdiredici haldır ki, seçki məntəqələrində çoxlu sayda yerli müşahidəçilər iştirak edib. Bu o deməkdir ki, siyasi proseslər həmçinin cəmiyyətin diqqət mərkəzindədir. Bu, vacib məqamdır. Hətta deyərdim ki, cəmiyyətin belə aktivliyi digər Avropa ölkələrində yoxdur."
"Dağlıq Qarabağ və onun ətraf rayonlarının Ermənistan tərəfindən işğal edilməsi Azərbaycanın inkişafı üçün çox böyük əngəldir. Biz bunu ciddi təəssüf hissi ilə qeyd edirik."

Bunu Milli Məclisə fevralın 9-da keçirilən növbədənkənar seçkilərin nəticələri ilə əlaqədar keçirilən tədbirdə Litvadan olan beynəlxalq müşahidəçi, Litva-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Valeriy Simulik deyib.

Azərbaycan ərazilərinin 20 faizinin işğal altında olduğunu xüsusi nəzərə çatdıran V.Simulikin sözlərinə görə, Litva-Azərbaycan Dostluq Qrupunun üzvləri olaraq, Azərbaycan torpaqlarının işğal edilməsi probleminə bələddirlər və bu həqiqətləri çox gözəl bilirlər:

"Bunu da deyim ki, Litva, Latviya və Estoniyanı birləşdirən Baltika Assambleyası var. Mən bir müddət həmin assambleyanın parlamentlərarası qurumunun rəhbəri olmuşam. Bizim bir bəyanatımız olub və orada qeyd etmişik ki, bütün GUAM ölkələrinin, yəni Moldova, Ukrayna, Gürcüstan və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı problemi var. Onların ərazi bütövlüyünə müəyyən təcavüzlər edilib. Günahkar kimdir? - bunu hamımız çox yaxşı bilirik".

V.Simulik əlavə edib ki, Litvanın özü də uzun müddət işğal altında olub: "Əlbəttə ki, işğal faktorunun aradan qaldırılması üçün çox vaxt lazımdır. Xalq səbrli olmalıdır, amma sonda ədalət bərpa olunacaq və Azərbaycanın ərazi bütövlüyü də təmin ediləcək".

Milli Məclisə keçirilən seçkilərlə əlaqədar GUAM Parlament Assambleyasının müşahidə missiyasının üzvü ukraynalı deputat Maryan Zablotskiy bildirib ki, GUAM Parlament Assambleyasının müşahidə missiyası Azərbaycanda parlament seçkilərinin azad və ədalətli şəkildə keçirilməsinə şahid olub.

"Azərbaycan parlamentinə seçkilər beynəlxalq standartlara və Azərbaycan qanunvericiliyə uyğun şəkildə həyata keçirlib. Seçicilərin öz iradələrini azad şəkildə ifadə etmələri üçün hər cür şərait yaradılıb", - deyə missiya üzvü qeyd edib.

M.Zablotskiy GUAM Parlament Assambleyasının müşahidə missiyasının məntəqələrdə heç bir pozuntu hallarına rast gəlinmədiyini vurğulayıb.

Ay An

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31