Xalqın iradəsini əks etdirən daha bir seçki - Azərbaycan bu gün yeni parlamentini seçir

Xalqın iradəsini əks etdirən daha bir seçki - Azərbaycan bu gün yeni parlamentini seçir

"Azərbaycanın regionun ən  qüdrətli dövlətinə çevirilməsində parlamentin üzərinə məsuliyyətli iş düşür. Bu səbəbdən vətəndaşlar seçim edərkən diqqətli olamlıdırlar"

Bu gün respublikamızın həyatında daha bir tarixi hadisə - parlament seçkilərdir. 1993- cü ilin ikinci yarısından başlayaraq ölkəmizdə azad və ədalətli, şəffaf, demokratik seçkilərin keçirilməsinin əsası qoyulub. Beynəlxalq təşkilatlar tərəfindən demokratik sənəd kimi dəyərləndirilən Azərbaycan Respublikasının Seçki Məcəlləsi və qəbul edilmiş digər qanunvericilik aktları seçkilərin şəffaf və demokratik keçirilməsi üçün mükəmməl hüquqi bazadır. Hər bir dövlətdə cəmiyyətin siyasi həyatında iştirak etməsi vətəndaşların ali hüquqlarından biridir. BMT Baş Assambleyasının 1948-ci ildə qəbul etdiyi Ümumdünya İnsan Hüquqları Bəyannaməsində də qeyd olunmuşdur ki, xalqın iradəsi hökumətin hakimiyyətinin əsası olmalı, bu iradə öz ifadəsini vaxtaşırı keçirilən və saxtalaşdırılmayan seçkilərdə tapmalıdır. Azərbaycan hüquqi-demokratik dövlətdir və ölkəmizdə ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi hökm sürür. Bu gün Azərbaycan dünyada sabitlik məkanı kimi qəbul olunur. Ölkəmiz demokratiya yolunda inamla irəliləyir, siyasi plüralizm, söz azadlığı mövcuddur. Eləcə də, Azərbaycanda demokratik təsisatlar bərqərar edilib, vətəndaş cəmiyyəti də oturuşmuş bir  inkişaf səviyyəsindədir. Şübhəsiz ki, belə bir cəmiyyətdə azad, şəffaf və demokratik seçkilər üçün bütün imkanlar mövcuddur. Respublikamızda  demokratik, şəffaf, azad və ədalətli seçkilərin keçirilməsinə yaradılan əlverişli şərait,  zəngin hüquqi baza da bu inkişafa təkan verib.  Dünyanın tanınmış ekspertləri, seçki prosesi ilə məşğul olan beynəlxalq təşkilatlar, həmçinin əcnəbi müşahidəçilər də  ölkəmizdə prezident, parlament və bələdiyyə  seçkilərinin demokratik şəraitdə hazırlanması və keçirilməsi üçün həm qanunvericilik bazasının, həm də  əlverişli şəraitin yaradıldığını təsdiq edirlər.

Məhz Çexiya parlamentinin üzvü Yaroslav Qulik bu gün 15 seçki məntəqəsində olub. "Olduğum məntəqələrdə heç bir qayda pozuntusu müşahidə etməmişəm. Seçkidə gözdən əlil seçicilərin səs verməsi üçün Brayl əlifbası ilə bülletenlər çap olunub, barmağa vurulan mürəkkəb seçki şəffaflığını qorumaq üçün atılmış addımdır. Bütün bunlar alqışalayiqdir", - deyə Y. Qulik vurğulayıb.

Böyük Britaniyadan olan müşahidəçi Tomalin Bari Entoni Mərkəzi Seçki Komissiyasının çox böyük iş gördüyünü, seçkilərin çox yaxşı keçdiyini və beynəlxalq standartlara cavab verdiyini bildirib: "Məni ən çox heyrətləndirən yerli müşahidəçilərin sayıdır. Bundan başqa, qadın müşahidəçilərin sayı da heyranlıq doğurur. Bu, qürur duyulası göstəricidir". Britaniyalı müşahidəçi qeyd edib ki, bütün prosesin Mərkəzi Seçki Komissiyası tərəfindən yaxşı əlaqələndirildiyi görünür. Mən əminəm ki, seçkilər çox uğurlu keçəcək".

Meksikanın ən çox oxunan ingilisdilli mediası olan "Puls News Mexico" qəzetində də Azərbaycanda keçirilən parlament seçkilərinə həsr olunmuş məqalə dərc edilib. Müəllif Azərbaycan xalqının ölkə rəhbərliyinə geniş dəstək və inamının əsas səbəbinin, mürəkkəb coğrafi mövqeyə və neftin qiymətinin son illər kifayət qədər kəskin aşağı düşməsinə baxmayaraq, Azərbaycanın sürətlə inkişaf edən iqtisadiyyatını qoruyub saxlaya bilməsi və ölkədə sabitliyə nail olunması, əhalinin rifahının ildən ilə yaxşılaşması, cinayət səviyyəsinin dünyada ən aşağı səviyyələrdən biri olması və terror hallarının yaşanmaması ilə əlaqələndirir.

Əməkdaşlarımızın seçki dairə və məntəqələrindən aldıqları, müşahidə etdikləri məlumatlara görə insanların seçki əhval-ruhiyyəsi çox yüksəkdir. Bu mənada inamla qeyd edə bilərik ki, fevralın 9-da Azərbaycanda azad, şəffaf  və demokratik seçkilər heç kimdə şüphə doğurmur.

Seçici Leyla Ramazanova yüksək coşqu ilə ifadə edib ki, xalqın öz dövlətinə sevgisi tükənməzdir. Son 16 ildə Azərbaycanda bütün sahələrdə dinamik inkişaf müşahidə olunur. Məntəqədə seçkilərin şəffaf keçməsi üçün hər cür şərait yaradılmışdır. Seçici ailəliklə  ölkənin regionun qüdrətli ölkəsi olmasından qürur hissi duyduqlarından və qarşıdakı illərdə Azərbaycan dövlətini daha da inkişaf edəcək, regionun ən qüdrətli ölkəsinə çeviriləcəyindən əmindirlər.

Seçicilərdən Anar Əliyev qeyd etdi ki, oğlum Fəridlə biz öz seçimimizi etdik, dəstəklədiyimiz namizədə səs verdik. O dedi: "İlk səsverənlərdən biriyik. Saat 08:00-dan məntəqəyə gəlmişik. Öz namizədimizə də səsimizi vermişik. Azərbaycanın regionun ən  qüdrətli dövlətinə çevirilməsində parlamentin üzərinə məsuliyyətli iş düşür. Bu səbəbdən vətəndaşlar seçim edərkən diqqətli olamlıdırlar".

Seçicilərdən Aygün Məmmədova və Fəridə Babayeva vətəndaş olaraq bu gün düşünülmüş siyasətə tərəfdar olduqlarını, xalqla dövlətin birliyinin möhkəm təməllər üzərində qurulduğunu bildiriblər. Seçicilər dövlətimizin işıqlı gələcəyi naminə heç bir təsir olamadan istədikləri namizədə səs verirlər. Seçkilərin demokratik, azad, sərbəst və şəffaf şəraitdə keçdiyinin şahidi olmaq bizi qürurlandırır.

65 yaşlı təqaüdçü müəllim, seçici Qafar Əliyev bildirib ki, indiyə kimi ölkəmizdə keçirilmiş istər Prezident, istər parlament, istərsə də bələdiyyə seçkiləri xalqın iradəsini əks etdirib. Seçkilərin yüksək səviyyədə keçirilməsi, vətəndaşların rahat səsverməsi, komissiya üzvlərinin və müşahidəçilərin normal fəaliyyəti üçün seçki məntəqələri bütün lazımi avadanlıqlar və texniki vasitələrlə təmin edilmişdir: "Səsvermə seçki qanunlarına uyğun və mütəşəkkil keçirilir. Mən sərbəst olaraq öz seçimimi etdim və istədiyim namizədə səs verdim. Seçicilərin fəallığı çox yüksək idi.  Prosessdən narazı heç bir seçiçi ilə rastlaşmadım. Heç bir xoşagəlməz hal müşahidə etmədim".

Seçkilər dinc, demokratik yolla, qanun çərçivəsində keçirilir. Ümidvarıq ki, bu parlament Azərbaycanın daha da çiçəklənməsinə və yeni uğurlar əldə etməsinə öz töhfəsini verəcək.

Nigar Orucova

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31